Valideynlərdən irsən ötürülən genlər orqanizmin qidanı enerjiyə çevirmək effektivliyinə təsir edir

A- A A+

Piylənmə bütün yaş qruplarında rast gəlinən ən önəmli sağlamlıq problemlərindən biri olub orqanizmdə normadan artıq yağın toplanması nəticəsində formalaşır. Dünya Səhiyyə Təşkilatının (DST) açıqlamasına əsasən, 2016-cı ildə artıq çəkidən əziyyət çəkən ortayaşlı dünya əhalisinin sayı 1.9 milyarddan çox olub və bunların 650 milyonuna piylənmə diaqnozu qoyulub. 1975-ci ildən 2016-cı ilədək dünya səviyyəsində piylənmədən əziyyət çəkən insanların sayı 3 dəfə artıb. DST-nin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda əhalinin 19.9 faizi artıq çəkidən əziyyət çəkib.

NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, piylənmə və ya artıq çəki ürək-damar, insulindən asılı olmayan şəkərli diabet, yağlı qaraciyər, yüksək arterial təzyiq, bir sıra xərçəng növləri – süd vəzi, kolorektal və endometrial xərçəngləri, insult, yüksək xolesterol, sonsuzluq kimi bir çox xəstəliklərə tutulma riskini yüksəldir.

Passiv həyat tərzi, genetik meyillilik, yanlış qidalanma, yaş, sosial-iqtisadi şərait, yuxusuzluq və hamiləlik piylənməyə aparan ən önəmli risk amilləri hesab olunur.

Valideynlərdən irsən ötürülən genlər orqanizmdə toplanan yağın miqdarına və hansı bölgələrə paylanmasına təsir göstərir. Bu genlər, eyni zamanda, orqanizmin qidanı enerjiyə çevirmək effektivliyində və fiziki aktivlik zamanı nə qədər kalori sərf olunmasında rol oynayır.

Meyvə və tərəvəzlərin az qəbulu, hazır qidalara və yüksəkkalorili içkilərə meyillilik çəki artımına səbəb olur.

Əgər valideynlərdən biri və ya hər ikisinin çəkisi artıqdırsa, uşaqların piylənmə riski yüksəlir. Bu, ancaq irsiyyət ilə əlaqəli deyil, eyni zamanda, ailə üzvlərinin oxşar qidalanma və fəaliyyət vərdişlərinin olması ilə də əlaqəlidir.

Hərəkətsiz həyat tərzi nəticəsində sərf olunan kalorilərin miqdarı alınan kalorilərin miqdarından az olur ki, bu da çəki artımına gətirib çıxarır.

Sadalanan risk amillərindən bir və ya bir neçəsinə malik olmaq heç də dəqiq kök olacağınız mənasına gəlmir. Pəhriz, fiziki fəaliyyət və sağlam vərdişlər formalaşdırmaqla piylənmə riskini azaltmaq şansı əldə etmək mümkündür. Arıqlamaq və ideal çəkini saxlama strategiyalarının bir çoxu piylənmənin qarşısının alınmasında kömək edən əsas amillərdəndir. Qidalanma vərdişlərinin inkişaf etdirilməsi və gündəlik fiziki fəaliyyətin artırılması piylənmənin qarşısının alınmasında mühüm rol oynayır. Piylənmə ilə mübarizə aparmaq üçün bədən kütlə indeksini normal saxlamaq, daha çox meyvə-tərəvəz, çərəz və tam taxıllı qidalara üstünlük vermək, gündə ən azı 30 dəqiqə idman etmək, şəkərli və yağlı qidalardan uzaq olmaq, heyvan mənşəli yağların yerinə bitki mənşəli yağlara üstünlük vermək tələb olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: