Sakinlər muzeylərə yeni eksponatlar verdilər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Qarabağlar türbə Kompleksində yaradılan muzeyə muxtar respublika sakinləri tərəfindən yeni eksponatlar təqdim olunub. Sakinlər muzeyə küp, mis məişət əşyaları, yun darağı, cəhrə, oraq, ütü, həmçinin türbənin maketi və digər nümunələrdən ibarət 70-dən çox eksponat təhvil veriblər.
Təqdimetmə tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər.
Eksponatları muzeyə təqdim edən Naxçıvan şəhər sakini Ziya Əliyev, Şahtaxtı kənd sakini Fatma Musayeva, Qarabağlar kənd sakinləri Aysel Şəfiyeva və Rahilə Şirəliyeva bununla qədim əşyaların daha etibarlı şəkildə qorunaraq gələcək nəsillərə çatdırılmasında maraqlı olduqlarını bildiriblər.
Tədbir iştirakçıları muzeyə verilən eksponatlarla tanış olub və ekspozisiya zalına baxıblar.
Diqqətə çatdıraq ki, muzeydə qədim tariximizi və mədəniyyətimizi əks etdirən 300-dən çox eksponat mühafizə olunur.
Ərhan Novruzov