İqlim dəyişmələri səbəbindən Hind okeanında suyun hərarətinin yüksəlməsi Şri-Lanka sahillərindəki mərcan riflərinin 90 faizinin məhvinə gətirib çıxarıb.
NUHÇIXAN “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bu barədə Şri-Lankanın dəniz mühitinin mühafizəsi üzrə idarəsinin rəhbəri Terney Pradip Kumara bildirib.
Onun sözlərinə görə, buna suyun çirklənməsi və balıqçılığın qeyri-qanuni üsulları da öz mənfi təsirini göstərir. Bununla bağlı o, respublikanın akvatoriyasında 2030-cu ilədək yoxolma ehtimalı olan, cəmi 10 faizi qalan mərcanları “xüsusi mühafizə olunan rayonlara” aparmaq yolu ilə xilas etməyə çağırıb.
“Biz gözləyirik ki, bütün hökumət müəssisələri, özəl agentliklər və ekoloqlar birləşəcək, hökumətə bu rifləri xüsusi mühafizə olunan obyektlər elan etməkdə yardımçı olacaq, həmçinin onların qorunması məqsədilə canlı mərcan riflərinin daha dərin rayonlara aparılmasına kömək edəcəklər”, - deyə Kumara bildirib.
Mərcanların bütün növləri mikroskopik yosunlarla simbioz şəklində mövcud olur. Yosunlar möhkəm strukturun əmələ gəlməsi üçün mərcanları bəsləyici maddələrlə və enerji ilə təmin edir. Həddən artıq ilıq sularda bu yosunlar mərcanlar tərəfindən rədd edilir və nəticədə məhv olurlar.
Martın ortalarında xəbər verilmişdi ki, italiyalı alimlər ölkənin cənub-qərb sahillərində nadir mərcan rifi aşkar ediblər. Bu, müxtəlifliyinə və quruluşuna görə Avstraliya və Maldiv adalarındakı mərcanlara bənzəyir. 2,5 kilometr uzunluğa malik bu ərazi Monopoli şəhəri yaxınlığında 30-55 metr dərinlikdə yerləşir.