Həsrətin son günü. 26 il əvvəl bu gün iki qardaş ölkə arasında olan həsrətin son günü kimi yazıldı tarixə. 70 illik həsrət blokadası yarıldı, bir-birindən uzaq salınan yaxın insanlar qovuşdu, qollar qucaqladı öz doğmalarını.
Söhbət 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsindən gedir.
Bu haqda bir çox ziyalıların söhbətini eşitmişəm. Hadisəni öz şahidindən dinləmək bir başqadır. Hələ də qarşındakı olanları gözünün önünə gətirərək, ona bütün hisslərini qataraq danışırsa, özünü lap elə həmin zamanda, həmin yerdə olmuş kimi hesab edirsən. Vaxtilə açılış mərasimdə iştirak etmiş bir müəllimim deyirdi ki, "Ümid" körpüsünün istifadəyə verildiyi gün Naxçıvan torpağındakı izdiham qürurverici idi. Şəhərin küçələrində yerimək, maşınlarla hərəkət etmək çətinləşmişdi. Təkcə muxtar respublikanın rayonlarından, kəndlərindən deyil, habelə qardaş Türkiyənin yaxın bölgələrindən də minlərlə adam axışıb Naxçıvan şəhərinə gəlmişdi. Şəhərin ən görkəmli yerlərinə “Yaşasın Azərbaycan- Türkiyə dostluğu!”, “Azərbaycan- Türkiyə dostluğu sarsılmazdır!” kimi şüarlar vurulmuş, Naxçıvan aeroportu isə Azərbaycan və Tükiyənin dövlət bayraqları il bəzədilmişdi. Arazın o tayında, Türkiyədə isə başqa bir büsat qurulubmuş. Minlərlə adam bir-birilə görüşür, qucaqlaşırmışlar. Onların illərlə çəkdiyi həsrətin ağrısı bitirdi həmin gün. Ulu öndər Heydər Əliyevlə Türkiyə Cumhuriyyətinin o zamankı baş naziri Süleyman Dəmirəlin Naxçıvandakı geniş meydanda xalqın qarşısına birgə çıxmaları, nitq söyləməli böyük tarixi bir məqam idi. Körpünün üzərində isə tamam başqa bir mənzərə vardı.
Körpüyə bu adı verən Heydər Əliyevin də dediyi kimi: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib”.
Əlbəttə, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır, amma olsun. Əsas odur ki, onu biz gənc nəsillərə aşılayan tarixi qaynaqlar və ən önəmlisi, canlı mənbələr var. 26 il öncə açılan bu körpü qardaşlığın təməlini özündə təcəssüm etdirir. Hər gün onlarla, yüzlərlə həmvətənlimiz körpünün üzərindən keçərək qardaş Türkiyəyə yol alır, eləcə də körpünün o başından Azərbaycana gəlirlər. Körpü Türklərin Şərqə açılan bir qapısı oldu. İki qardaşı isə bir-birinə yaxınlaşdıran bir addım.
Bu gün “Respublika Günü” kimi qeyd edilən 28 may tarixi bizim üçün iki qat bayramdır. Milli coşqunluqla Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən xalqımızı, xüsusilə bu günü 26 il əvvəl sevinclə yaşayan naxçıvanlıları hər iki bayram münasibətilə təbrik edir, Cümhuriyyətinin əbədi, ümidlə hörülən “Həsrət” körpüsünün möhkəm olmasını arzulayırıq!
Fatma Babayeva