Qida üçün istehsal edilən yağların tərkibində trans yağların miqdarı 2 faizdən çox olmamalıdır

A- A A+

Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Son vaxtlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb. Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.

Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.

Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.

Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, yararlılıq müddətini uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.

Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin trans yağ turşularının xərçəng, piylənmə, Altsheymer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.

Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2 faiz miqdarında təyin edilib və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub.

Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: