Rayonlarda “Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsinə start verildi - FOTOLAR
Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsinin rayonlarda həyata keçirilməsinə başlanılıb.
Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şərur rayonunda olub, muxtar respublikanın dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilən müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara operativ köməklik göstəriblər.
Könüllülər əvvəlcə Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunub və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilib. Xidmətin həyata keçirilməsi zamanı Komissiya əməkdaşının müşaiyəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olub, lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləyib və onların müsabiqədə iştiraklarını təmin ediblər. Gün ərzində 29 nəfərə səyyari xidmət göstərilib. Layihənin məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Komissiyanın inzibati binasına gələ bilməyən vətəndaşlara yaşadıqları yerlərdə səyyari xidmət göstərməkdir.
Qeyd edək ki, səyyari xidmətin muxtar respublikanın digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulub. Komissiya əməkdaşları və könüllülər iyulun 12-də Ordubad Rayon Təhsil Şöbəsinin inzibati binasında, iyulun 17-də isə Culfa rayon Saltaq kənd tam orta məktəbinin binasında vətəndaşlara səyyari xidmət göstərəcəklər.