NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2019-ci ilin birinci yarimilində görülən işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.
Kollegiya iclasında nazir Şamı Abdullayev bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrə əsasən Nazirlik yanğın təhlükəsizliyinin təmin edilməsi, dəm qazından boğulma hallarının qarşısının alınması və taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində maarifləndirmə tədbirlərinin səmərəliyini artırmalıdır.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1136 obyektdə yanğın texniki müayinələr, fərdi yaşayış evlərində reydlər keçirilib, 118 obyektdə 5 minə yaxın adamın iştirakı ilə maarifləndirici tədbir təşkil olunub. 8 yaşayış binasının 227 mənzilində tüstü bacalarına baxış keçirilib, 182 mənzilin tüstü bacası təmizlənərək dəm qazından zəhərlənmələrin qarşısı alınıb. 183 yaşayış binasının qaz tənzimləyici qurğularında, 115 yaşayış binasının qaz sayğaclarında qaz sızmalarının qarşısı alınıb.
Vurğulanıb ki, qazanxanalarda yoxlamalar aparılıb, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qaz qızdırıcı cihazların istismarı dayandırılıb. Taxıl biçini dövründə kombaynların yanğın təhlükəsizliyi təmin olunub, intensiv biçin aparılan sahələrdə 11 yanğınsöndürmə avtomobilinin və 2 motosikletin gündəlik xidməti təşkil olunub. Aparılan profilaktik tədbirlər nəticəsində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 75% azalıb.
Digər işləri də vurğulayan Nazir həmçinin qeyd edib ki, cari ilin birinci yarısında döyüş və pеşə hаzırlığının artırılması məqsədilə struktur qurumlarda təlimlər kеçirilib.
Ötən müddət ərzində yol verilən nöqsanlar da diqqətə çatdırılıb və onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Məruzə ətrafında çıxışlarda bu ilin ilk 6 ayı ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
İclasda Nazirliyin 2019-cu ilin ikinci yarımili üçün iş planı təsdiq olunub.
Cavid Səfərli