NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2019-ci ilin birinci yarısında görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrə dair kollegiya iclası keçirilib. İclasda nazir Nicat Babayev görülən işlərdən danışıb. Qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası 2019-cu ilin birinci yarısında da davam etdirilib. Bununla bağlı mühüm tədbirlər görülüb.
Müvafiq dövr ərzində sosial cəhətdən həssas əhali qrupların məşğulluğu diqqətdə saxlanılıb, qadınların və gənclərin özünüməşğulluğunu təmin etmək üçün bir sıra sosial layihələr həyata keçirilib. Ötən dövr ərzində 39 ailənin özünüməşğulluğu təmin edilib.
Qeyri-formal məşğulluğun qarşısının alınması, işçilərlə əmək müqavilələrinin bağlanması və digər məsələlər diqqətdə saxlanıb. Çatışmazlıqlar aradan qaldırılıb.
İlk yarımil ərzində 243 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 8 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 198 şəxsin müalicəsi təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində müvafiq kateqoriyalı 8 nəfərə minik avtomobili, 8 ailəyə isə mənzillər təqdim olunub. Sağlamlıq imkanları məhdud 191 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 236 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilib, 105 nəfərə protez-ortopediya xidmətləri göstərilib.
Əlamətdar günlərlə bağlı müvafiq kateqoriyalı şəxslərlə görüşlər keçirilib, konsert proqramları, habelə asudə vaxtlarının səmərəli keçirilməsi təşkil olunub.
Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil məktəblərinə gedə bilməyən 2 uşaq distant tədrisə cəlb edilib, onlar zəruri avadanlıqlar və tədris vəsaitləri ilə təmin edilib.
2018-2019-cu tədris ilində sağlamlıq imkanları məhdud 206 uşaq məktəbəqədər təhsil müəssisələrində, 521 uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə cəlb edilib.
Sözügedən dövr ərzində Uşaq Bərpa Mərkəzində 197 uşağın müalicəsi təşkil edilib, 39 uşağa protez-ortopediya xidmətləri göstərilib, 34 uşağa texniki reabilitasiya vasitələri təqdim edilib, 3 uşağın ölkə daxilində müalicəsi təşkil olunub, 4 uşağa sanatoriya və müalicə pansionatlarına göndəriş verilib. “İdeyadan başlanğıca” layihəsi və muxtar respublikada ilk dəfə olaraq “Sosial Könüllülük Akademiyası”nın təqdimatına dair tədbir keçirilib. Görülən digər işlər barədə geniş məlumat verilib.
Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib və iclas qərar layihəsinin oxunuşu ilə başa çatıb.