Nemətulla Naxçıvaniyə həsr edilən konfrans keçirilib - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-cu il oktyabrın 29-da Sərəncam imzalayıb. Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən, iyulun 6-da Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” Beynəlxalq konfransı keçirilib.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra konfrans iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
“Naxçıvan” Universitetində keçirilən Beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərdən biri də Nemətullah Naxçıvanidir. Orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanıb.
Vurğulanıb ki, fəaliyyəti Təbriz, Ağşəhər və Konya ilə sıx bağlı olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixdə Sərəncam imzalayıb. Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən, Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi üçün AMEA-nın Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılıb, Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində mayın 21-dən 24-nə Türkiyədəki Ağşəhərə səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyənin Konya vilayətində Azərbaycan və türk alimlərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib. Layihə çərçivəsində Nemətullah Naxçıvaninin məzarının bərpası üçün Naxçıvandan gedən memarlar orada tədqiqatlar aparıb, məzarüstü abidələrin bərpası və məzarın yenidən qurulması üçün layihə hazırlayıblar.
Vurğulanıb ki, Türkiyə Respublikasının Konya vilayətinin Ağşəhər bölgəsində Nemətullah Naxçıvaninin adını daşıyan dini məktəb və məscid fəaliyyət göstərir.
Konfransda vurğulanıb ki, Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən, alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərinin birinci və ikinci cildləri tərcümə olunaraq nəşrə hazırlanıb. Eyni zamanda Tədbirlər Planına əsasən, Nemətullah Naxçıvani haqqında tədqiqatları özündə əks etdirən “Nemətullah Naxçıvani: Taleyi və sənəti” kitabı tərtib edilərək nəşr olunub. Naxçıvan Televiziyası tərəfindən Naxçıvan və Konyada aparılan çəkilişlər əsasında “Təfsir alimi” filmi hazırlanıb, müxtəlif tematik verilişlər və mətbuat materialları yayımlanıb, bu mövzuda keçirilən tədbirlər işıqlandırılıb. Hazırda Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin icrası davam etdirilir.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Nemətullah Naxçıvaninin elmi irsi və müasirlik” , Türkiyə Cümhuriyyətinin Samsun 19 May Universitetinin professoru Yaşar Kurtun “Tarixi və təsəvvüfi bir şəxsiyyət kimi-Nemətullah Naxçıvani”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Nemətullah Naxçıvani və Naxçıvan” və AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Nemətullah Naxçıvaninin “Güləşni-raz” əsəri-klassik şərhçiliyin dəyərli nümunəsi kimi” mövzularında çıxışları dinlənilib.
Qeyd olunub ki, Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi nəinki Azərbaycan və Türkiyədə, hətta bütün dünyada tanınır və böyük ehtiramla anılır. Onun Azərbaycan, ərəb, fars və türk dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır.
Şərqin böyük filosofi və din alimi Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurabi-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa və bütünlükdə müsəlman dünyasına ən böyük töhfədir.
Konfransda çıxış edənlər Nemətullah Naxçıvani irsinə göstərilən yüksək diqqətə və bu barədə verilən Sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Sonra Naxçıvan Televiziyasının hazırladığı “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filminin nümayişi olub.
Beynəlxalq konfrans bölmə iclasları ilə işini davam etdirib.
Əbülfəz Dünyamalıyev