Tarix və ədəbiyyatın harmoniyası – “Qılınc və Qələm”

A- A A+

Kitablar həyatımızın ayrılmaz tərkib hissəsidir. Onlar həm bilik qazanmaq, həm rəngarəng ideyalara sahib olmaq, həm də dünyagörüşümüzü artırmaq üçün əvəzolunmaz vasitədir. Ümumiyyətlə, kitabların həyat tərzimizə təsirinin böyüklüyü danılmazdır. Kitab oxumaqla biz tədricən təfəkkürümüzü inkişaf etdirə, düşünmək və analiz etmək bacarığımızı artıra bilərik. Onu da qeyd edim ki, kitab oxumağı da bacarmaq lazımdır. Çünki, kitab oxumaq sizi zamanla səbrli bir insana çevirdiyi kimi, kitab oxumağın özü də səbr tələb edir. Bəzi insanlar həqiqətən də çox oxuyur, çox şey bilir, ancaq ətrafına bunu hiss etdirə bilmir. Bunu aradan qaldırmaq üçün də kitabları təkcə oxumaqla kifayətlənməməli, oxuduğumuz kitabları sevdiklərimizlə, ətrafımızdakılarla müzakirə və  təbliğ etməliyik. Çünki bir çox halda kitablar insanı motivasiya edir,  həyatı insana sevdirir, yaşamağın gözəl yönlərini dərk etməyə kömək edir, şüuraltımızda məskən salmış  mənfi fikirlərdən kənarlaşdırır, bir sözlə, ruhlandırır, xəyal gücünü inkişaf etdirir, hətta, bilmədiyi başqa bir aləmə aparır.

Bildiyimiz kimi, kitab və mütaliənin təbliğ edilməsi hər dövrdə öz aktuallığını qoruyan məsələlərdən biridir. Çünki, oxumaq, mütəmadi olaraq mütaliə etmək gənclərin, ümumiyyətlə, cəmiyyətin və dövlətin birbaşa gələcəyi ilə bağlı olan ciddi bir məsələdir. Elə bu səbəbdən son dövrlərdə diqqət yetirsək muxtar respublikamızda da bu sahədə bir çox uğurlu addımların atıldığının və hazırda da davam etdirildiyinin şahidi olarıq. Atılan addımlar sırasında “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi barədə muxtar respublika rəhbərinin sərəncamını nümunə göstərmək olar. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə bu Siyahının təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, bütün ölkənin həyatında vacib, maraqlı və alqışa layiq addım kimi qiymətləndirilib.

Gənc vətəndaş kimi həmin siyahıda yer alan kitabları vərəqlədikcə, oxuduqca hər birinin nə qədər düzgün və mükəmməl seçim olduğu qənaətini sizinlə bölüşmək istədim. Çünki, bu kitablar hər birimizdə vətənpərvərlik ruhunun qorunmasına, öz tarixmizə, mədəniyyətimizə, milli-mənəvi köklərimizə bağlılığın daha gözəl formalaşmasına əsaslı təsir göstərir, eyni zamanda insanın dünyagörüşünü zənginləşdirir,  dövlətə, Vətənə, xalqa bağlılıq hisslərini ustalıqla  aşılayır.

Həmin Siyahıya nəzər saldığımız zaman həm Azərbaycan, həm də dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini görə bilərik. Siyahıya salınan kitablar bizi həm milli şüurumuzun inkişafına, özümüzü daha dərindən dərk etməyə, həm də dünya mədəniyyəti ilə daha yaxından tanış olmağa səsləyir. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti,  “Kitabi-Dədə Qorqud” dastanı, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Hüseyn Cavidin “Azər” poeması, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Qurban Səidin “Əli və Nino”, eyni zamanda  “İslamda müdrik kəlamlar” və adını qeyd etmədiyim siyahıya daxil edilən digər kitabların hər biri eyni amala - doğma diyarın hər bir sakininin, xüsusilə gələcəyini əmanət etdiyi gənclərin əxlaqi-mənəvi baxımdan daha da zənginləşməsinə, qədim və gözəl adət-ənənələrimizin daim xatırlanmasına, dünyagörüşləri daha da inkişaf etdirilməsinə xidmət edir.

Bu gün haqqında danışacağım kitab da həmin siyahıya daxil olan, müəllifi görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, ədəbiyyatımıza əvəzolunmaz tarixi romanlar bəxş etmiş Azərbaycanın Əməkdar İncəsənət xadimi Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanıdır.

Romanı oxumağa başlar-başlamaz insan özünün sanki tarixi bir burulğanın içində sürükləndiyini  hiss edir. Yazıçı  bir ölkənin bir əsrlik tarixini mahir bir ustalıqla bədii şəkildə təsvir edir. Həqiqətən, mən bu əsərdə Azərbaycanın qədim və möhtəşəm tarixinin sadəcə bir əsrinə səyahət etdim. Bu səyahət insanda milli-mənəvi hissləri usta bir şəkildə coşdurur. Həmin dövrdə Nizami, Xaqani və Məshəti kimi şairlərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu göstərən, eyni zamanda ölkənin hüdudlarının həm qılınc, həm də qələm gücünə necə müdafiə olunduğunu nümayiş etdirir.  

Kitab deyib keçməyin! İçində Azərbaycan üçün əhəmiyyətli sayılan bir xanədanlıqdan – Atabəylər xanədanlığının şərq məmləkətləri arasındakı güclü rolundan, həmin dövrdə həm Şimali, həm də Cənubi Azərbaycanın dəfələrlə birləşərək düşmənlərə qarşı mütəmadi qələbələrindən, xüsusilə Şimali Azərbaycanın qəhrəmanlığından bəhs edilir. Bu kitabda Azərbaycan dilinin qorunub saxlanmasında xalqın necə mübarizə apardığının şahidi olursan.   Çünki, əsərdə də qeyd olunduğu kimi “ana dili olmayan bir xalqın milli mədəniyyəti də ola bilməz”. Eyni zamanda, bu əvəzolunmaz əsərdə saray şairləri ilə digər şairlər arasındakı fərqi oxuduqca özünüzdə qiymətləndirmə apara biləcəksiniz. Əsərdə eşq, qadın, iman, siyasət, dövlətçilik, bir sözlə bu gün belə ehtiyac duyulacaq hər şey məharətlə bir arada cəmlənib. 

Bildiyimiz kimi, dövlət siyasəti və idarəsində ta qədimdən qadınların rolu böyük olub. Deyilən əsərdə bu məsələdən də yan keçilməyib. Eldəniz xanədanlığının həyatında xüsusi rola malik iki qadının – ərəb əsilli bir qadının böyük bir xanədanlığı dağıtmaq, ümumiyyətlə Azərbaycanı bölüşdürmək uğrunda həyata keçirdiyi şeytani siyasət və azərbaycanlı bir qadının öz doğma torpağı uğrunda övladlarından belə keçdiyi, ölkənin daxilindəki sakitliyi qoruyub saxlamaq üçün mərdliyi və fədakarlığı müqayisəli bir şəkildə oxuculara çatdırılır. 

Eyni zamanda romanda Azərbaycanın həmin dövrdə ətraf məmləkətlər içərisində mədəniyyətin ən yüksək səviyyədə inkişaf etdiyi və  irəlidə gedən bir ölkə olduğu, İran kimi böyük bir məmləkətə belə, ümumiyyətlə isə Şərqə elm və mədəniyyəti azərbaycanlıların gətirdiyi tarixi faktlarla bir daha təsdiqlənir. Azərbaycanın hər zaman olduğu kimi həmin dövrdə xəlifə nüfuzunun hökm sürdüyü məmləkətlər arasında daha çox nəzər-diqqəti cəlb etdiyi, burada olan siyasi, iqtisadi və ictimai həyatın başqa ölkələrdən fərqli olduğu  nəzərə çatdırılaraq - “bu məmləkətin üsyançısı da, qəhrəmanları da, başqa məmləkətlərə nisbətən mədəni, ağıllı və bacarıqlı olub” sözləri ilə romanda ətraflıca vurğulanır!

Tək xanədanlığa məxsus iki qardaş hökmdarın – Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın bir ölkəni fərqli siyasətlə idarə etməsi, xüsusilə, Qızıl Arslanın Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin bütün yaxın şərq ölkələrinə işıq sala biləcəyinə inandığı üçün, bir hökmdar kimi dövlətin idarəsində şairlər və digər elm nümayəndələrindən səmimi və sərrast şəkildə istifadə etməsi diqqəti cəlb edir.

Bundan başqa, romanda yazıçı öz qədim və doğma yurdu Naxçıvanın Atabəylər dövlətindəki vacib ictimai-siyasi rolundan, həmin dövrdə qədim yurd yerinin regiondakı strateji əhəmiyyətindən  və bu gözəl diyarın mədəniyyətindən tez-tez bəhs edir. Bildiyimiz kimi Təbriz və Naxçıvan-Marağa memarlıq məktəbləri Atabəylərin dövründə xeyli inkişaf etmişdi. Bu coğrafiyada memarlığın inkişafında Memar Əcəmi Naxçıvaninin böyük rolu olub. Möminə xatın, Yusif Küseyir oğlu türbələri və Atabəylər məscidi kimi memarlıq nümunələri də Eldənizlər dövrü ilə bağlıdır. Təsadüfi deyil ki, elə əsərin sonu da Naxçıvan memarlıq məktəbinin ən qiymətli nümunələrindən olan, sarsılmaz müdafiə istehkamına malik, qalıqları bugünki dövrümüzə qədər gəlib çatan və qorunub saxlanılan Əlincə qalasında bitir.

“Qəhrəmanlar yetişdirə bilməyən bir xalq heç vaxt boynunu əcnəbi boyunduruğu altınndan çıxara bilməz.” Əsərdəki möhtəşəm ifadələrdən  sadəcə biridir. Əvvəldə də qeyd etdiyimiz kimi əsərdə Azərbaycan xalqının  əzəldən bəri qəhrəmanlar yetişdirdiyi,  XII əsrin birinci yarısından başlayaraq böyük Xəlifəliyin siyasi nüfuzunu öz əlinə aldığı, hələ qədim dövrlərdə olduğu kimi Eldənizlərin hakimiyyəti dövründə də bütün qonşu dövlətlər arasında  əzəməti, qüdrəti, sarsılmazlığı və zəngin mədəniyyəti ilə fərqləndiyi tarixi faktlarla bir daha nəzərə çatdırılır. Bir sözlə, "Qılınc və Qələm" istər qılınc, istərsə də qələm sahiblərinin oxumasının labüd olduğu kitablardandır. Elə isə gecikmə, Azərbaycan gəncliyi!

 

Abdulla Kərim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: