Şahbuz bağlarının dadlı, ətirli meyvəsi

A- A A+

Bu gün rayonumuzun bütün yaşayış məntəqələrinin hər biri özünəməxsus bağ-bağatı, yaşıllıqları, gülkarlıqları ilə heyrətedici gözəlliyə malikdir. Bağ salmaq, ting əkmək, ona qulluq etmək, müxtəlif meyvə sortlarını torpağa uyğunlaşdırmaq kənd yerlərində qədim adətlərdən sayılıb. “Barlı ağacın başına dolanarlar”, deyən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi isə özlərinə borc biliblər. Bu yerlərin təmiz dağ havası, bərəkətli torpaqları, su, iqlim xüsusiyyətləri ağac əkən, bağ salan hər bir insana əlverişli şərait yaradıb. Təsərrüfatçılıqla məşğul olan insanlar yaradılan şəraitdən istifadə edərək milli əkinçilik mədəniyyətimizə uyğun olaraq bağ sahələrini genişləndiriblər. Körpə fidanların dörd bir yana şaxələnən qollu-budaqlı ağac olmaları üçün hər fəsil əkdiklərinə qayğı göstəriblər. Ümumiyyətlə, rayonda meyvə ağacı olmayan həyətə çətin ki, rast gəlinə. Hətta yaşayış binalarının sahələrində belə meyvə ağacları salınıb. Nəticədə məhsul bolluğuna nail olan insanlar rayon və muxtar respublika bazarlarını kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında həm çeşid-çeşid meyvələrlə zənginləşdirib,  həm də qazanclarını birə-beş artırıblar. Bağlarının məhsulundan yeri gələndə pay da veriblər. Buna görə də rayonun hansı kəndinə üz tutsaq, budaqlarının barı az qala yerə dəyən  növbənöv yerli meyvələrin zənginliyinə şahid olarıq. Naxçıvanın hər yerindən yarmarkaya gətirilən dadlı-ləzzətli meyvələr arasında Şahbuz meyvələrinin də öz alıcısı var. 

Xoş ətirli Kükü, Nursu, Külüs alması, Badamlı badamı, qar kimi ağappaq Keçili, Aşağı Qışlaq, Yuxarı Qışlaq cəvizi, az qala üçü bir kilo gələn sulu Ayrınc armudu, Kolanı əriyi, özünəməxsus dadı olan Mahmudoba üzümü, yerlərini və  adlarını çəkmədiyimiz başqa naz-nemətlər  bu gün muxtar respublika bazarında çoxlarına tanışdır.  Bu meyvələr kəndlərin sərvəti, əhalinin isə əsas məşğuliyyət sahələrindən  biridir. Şahbuzla, onun kəndləri ilə tanış olanlar da bunu təsdiq edirlər. Şahbuza yolu düşən qonağı süfrə arxasında əyləşdirən ev sahibi mütləq stola meyvə qoyacaq, hələ qonağı yola salanda pay tutmağı da unutmayacaq.  Burada yetişən meyvələrdən, onların keyfiyyətindən həmsöhbətinə ağızdolusu danışmağı özünə borc biləcək. Yurdumuza istirahətə gələn insanlar bu yerlərin bağbanlarından məmnuniyyətlə müxtəlif meyvə tingləri alıb aparırlar.  

Son illər dövlətin meyvəçiliyə ayırdığı diqqət özünü bu rayonda daha qabarıq göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası  rayonda meyvəçiliyin inkişafına marağı daha da artırıb. Dövlət proqramına uyğun olaraq, son illərdə burada hektarlarla sahədə yeni meyvə bağları salınıb. İndi şahbuzluların öz tələbatlarından dəfələrlə artıq miqdarda məhsul verən meyvə bağları var. İlin bu bərəkət aylarında toplanan meyvələrin saxlanılması üçün rayonda soyuducu anbar da fəaliyyət göstərir.

İndi bağlarımızda tutun, əriyin, gilənarın, yay almasının, qarağatın, moruğun yetişmə vaxtı çatıb. Onlardan mürəbbələr, kompotlar hazırlanır, qurudulub qışa tədarük edilir.

Yay fəslinin dadlı meyvələrindən olan əriyin rayonumuzda yetişdirilməsinə böyük maraq və qayğı göstərilir. Şahbuz şəhərinini ərazisində ötən illərdə ərik bağı salınıb və bağa mütəmadi olaraq qulluq göstərilir. Kənd yerlərində ərik ağacının əkilməsinə sakinlərin marağı böyükdür. Tərkibinin vitaminlər, üzvi turşular, efir yağları, mineral duzlarla, şəkər, maqnezium və  kalsiumla zənginliyi və orqanizm üçün faydalı xüsusiyyətlərinə malik olması əriyi sevilən meyvələr sırasına daxil edib. Bu baxımdan Aşağı Qışlaq kəndində əriyə maraq çoxdur.  Kəndin güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi  kənd sakinlərinə tarixən bu kənddə müxtəlif ərik sortlarını yetişdirməyə imkan verib. Bu baxımdan kənddə “Post” deyilən ərazidə kənd  camaatının qayğısı, diqqəti ilə salınan ərik ağacları ildən-ilə böyüyür. Əriyin meyvələri iyun ayından başlayaraq yetişir. Birçəyirdəkli meyvələri olan əriyin rəngi ağ, sarı və qırmızı-narıncı  olur. Növünə görə forması da müxtəlifdir. Dadı  şirin və ya turşa-şirindir. Düzgün qulluq, münbit torpaq və əlverişli  iqlim şəraiti ağacın hündürlüyünü 7-8 metrə qədər çatdıra bilər. Bütün ağaclar kimi, ərik ağacı üçün də vaxtında aqrotexniki qaydalara əməl olunması onun böyüməsi, inkişafı, məhsul verməsi üçün əsas şərtlərdən biridir. Düzgün yer seçimi və budama ərik ağacı üçün çox vacib şərtdir. Aşağı və sıxlıq yaradan budaqlar mütləq budanmalıdır. Erkən yazda inkişaf edən budaqlara maneə yaratmasın deyə,  quru budaqları kəsmək lazımdır. Dibləri vaxtında qazıldığında və su verildiyində barvermə zamanı sağlam məhsul yığmaq olur.

Ərikdən hazırlanan mürəbbə, cem, kompot, meyvə qurusu-qax həm mətbəximizdə, həm də xalq təbabətində geniş istifadə edilir.

Ərikdən bir də ləzzətli,  qış süfrələrinin bəzəyi olan qaysava hazırlanır. Qaysava ərik qurusundan-qaxdan hazırlanır. O,  sadəcə yemək kimi süfrələri bəzəmir. Soyuqdəyməsi olan xəstənin sağalması  üçün qaysava bişirilir. Bu yeməyi hazırlamaq üçün əvvəlcə quru ərikləri yuyuruq. Üzərinə isti su əlavə edib,  isladılır. Sonra suyu süzülür. Qazana yağ töküb onu ocağın üstünə qoyurlar.  Yağ dağ olandan sonra əriklər həmin yağın içərisinə tökülür. 1 stəkan şəkər tozunun şərbətini hazırlanıb qazana əlavə edilir. Zəif odda bir az bişirəndən sonra arada qarışdırılır ki, dibi yanmasın. Bu yemək 15 dəqiqəyə  hazır olur.

Əriyin qurusu da sağlamlıq üçün xeyirlidir. Meyvələr qurudularkən suyu çəkildiyi üçün tərkibindəki vitamin, zülal və yağlar orqanizm üçün daha faydalı hala gəlir. Qurudulmuş meyvələr enerjini artırır, yaddaşı gücləndirir, qan azlığını aradan qaldırır, orqanizmdən yararsız xolesterolun xaric edilməsinə yardım edir. Ərik qurusu da bu baxımdan qurudulmuş meyvələr sırasında xüsusi yer tutur.

Əriyin bərklərini, tam yetişməyənlərini qurutmaq məsləhətdir. Onları seçib yuyur, çəyirdəkli və çəyirdəksiz qurudulur. Əgər ərik  bütöv qurudulursa, onu günəş şüalarının altında 5-8 gün,  çəyirdəyi  çıxarılırsa,  4-7 gün qurudulur. Belə olanda həm tərkibi yaxşı qalır, həm də görünüşü gözəl olur.

 

                   Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: