Yayın sərin yeməkləri - FOTOLAR

A- A A+

Təbii məhsullarla zəngin olan süfrələrimizdə hər nemətin öz yeri, öz dadı var. Yay süfrələrini qatıqsız təsəvvür etmək olmaz. Qatıqdan hazırlanan məhsullar yay boyu süfrələrimizi bəzəyir.

Bəs adı dilləri əzbəri olan bu neməti necə ərsəyə gətirirlər. Qatıq hazırlamaq üçün əvvəlcə süd bişirilir. Soyuyana yaxın südün üzünün qaymağı yığılır, çalınıb açılmış çalasıya-köhnə qatıq məhluluna  qatılır. Südün içərisinə tökülür və qaşıqla qarışdırılıb üstü örtülür. Qatıq tutandan-bərkiyəndən sonra üstü açılır, soyuducuya qoyulur. Ayranlıq qatığın südü bişiriləndə içərisinə nanə və ya tərxun atılır. Belə ayran sərinləşdirici təsir yaradır.

Qatıqdan ovduq hazırlanır. Ovduq hazırlamaq üçün qatığın içərisinə duz atılıb açılana qədər çalınır. Keşniş, şüyüd, göy soğan, azca sarımsaq balaca-balaca doğranır, üzərinə xiyar çırtılır. Bunlar çalınmış qatığın içərisinə əlavə olunur. Azacıq su tökülür. Ovduq əsasən sərinləşdirici yemək kimi yeyilir. Ovduqdan çox vaxt qəlyanaltı yeməyi kimi istifadə olunur.

Qatıqla pərpərən qarışığı da yayın ən çox yeyilən yeməyidir. Qatığın içərisinə bişmiş pərpərən otu qatılır. Sarımsaq, göy soğan, keşniş, şüyüd əlavə olunur. Yayda sərinlədici yemək kimi yeyilir. Bu yemək həm də allergiyası olanlar üçün ən ideal dərmandır.

Qatıqdan son vaxtlar “cacıq” deyilən soyuq yeməkdə hazırlanır. Qatığın içərisinə duz vurulur. Doğranmış pencər, xiyar əlavə olunur. Sərin yemək kimi yeyilir.

Qatıqdan şor-kərə hazırlanır. Bunun üçün qatıq su ilə açılır. Nehrədə və ya qatıq çalxalayan maşında çalxalanır. Üstünün kərəsi götürülür, ayranı isə çürüdülüb süzülür. Şor-kərə səhər süfrəsinə xüsusi dad qatır. Duzsuz şor bir çox xəstəliklərə dərman sayılır. Qan azlığında duzsuz şor yemək orqanizmə bir gümrahlıq bəxş edir.

Üzlü pendir ovulur, şora qatılır. Əvvəl motalda saxlanılır. Bəzən tam üçün içərisinə keşniş toxumu, döyülmüş nanə və ya tərxun əlavə olunur. Bu şor pendir qarışığından ən çox dağ kəndlərində istifadə olunur.

Qatıqdan qurut da hazırlanır. Qatıq çalxalanır, ayran torbaya tökülüb süzülür. Süzülmüş ayrandan alınan cortdandan qurut qoyulur. Bu qatıq torbada süzüləndən sonra qurut qoyulur. Süzülmüş qatıq duzla qatışdırılır. Ovucun içərisinə qoyulan qarışıq ağ parça üzərinə düzülür. Yayıb hazırlanan qurutdan qışda kələci adlanan qış yeməyi bişirilir.

Qatıqdan dərman kimi istifadə olunur. Qatıq arterial təzyiqə yaxşı təsir edir. Qatıqla şəkər tozunun qarışığından və ya qatıqla gül mürəbbəsindən yuxugətirici vasitə kimi istifadə edirlər.

Qatıqdan ən çox dovğa bişirilir. Dovğa hazırlamaq üçün götürülən qatıq azacıq un və yumurta ilə çalınır. Düyü və pencər ayrı qaynadılır. Normal temperaturda olan qarışım əvvəlcədən hazırlanmış qatığın içərisinə tökülür. Taxta qaşıqla qarışdırılır. Dovğanın dadlı olması üçün bişməsinə az qalmış içərisinə xama əlavə olunur. Dovğa soyuyanda zövqə görə duz vurulur. Dovğa hazırlayan zaman dağ və həyət pencərlərindən istifadə olunur. Dovğa yeməklərin yanında verilir. Siz də bu yeməklərdən istifadə edin ki, bədəniniz möhkəm, üzünüz təravətli, canınız sağlam və ataların buz baltası kimi möhkəm dedikləri ömrü yaşamağa qadir olsun.

Tərlan Məhəmmədqızı

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: