“Saat Meydanı”nda tez keçir xoş saatlar

A- A A+

Naxçıvan!

        Qədim şəhərim!

        Müasir şəhərim!

        Gözəl şəhərim!

Sən mənim gözümdə Haçadağ kimi hər zaman uca olmusan... Sənin möhtəşəmliyin ucalıqlardan, yüksəkliklərdən aydın görünür. Sənə əvvəllər də ucalıqlardan, daha böyük yüksəkliklərdən baxmışdım. Ən çox da Təbriz mehmanxanasının sonuncu mərtəbəsindən... Yəni, indi baxdığım yüksəkliyin təxminən iki qatı ucalığından... Doğrusu, o zaman səndəki bu əzəməti, bu ecazkar gözəllikləri, möhtəşəmliyi görə bilməmişdim. Arazı aydın görsəm də, onun sahilindəki bu şəhər gözümdə boz-bulanıq görünmüşdü o vaxt.

Müstəqilliyimizin ilk illərini yaşayırdıq onda. Müharibə şəraiti, blokada şəhərə kifayət qədər zərbə vurmuşdu. Bu zərbənin təsirindən Ulu öndərin hakimiyyətinin birinci dövründə, Sovet hakimiyyəti illərində qurulub-yaradılanlar, elə Naxçıvanda o dövrün ən böyük tikilisi hesab edilən Təbriz mehmanxanasının özü də bərbad hala düşmüşdü. O vaxt baxdığım o yüksəklikdən görünən ən əzəmətli, ən gözəl tikililər yenə də Came məscidi, XVIII əsrin ortalarına aid edilən qədim Şərq Hamamı və Zaviyə məscidi olmuşdu. Onlar da eyni vəziyyətdə –  baxıma möhtac, uçulub-dağılmış halda ürək dağlayırdı. Şəhərdə bir dənə də olsun yeni tikili gözə dəymirdi. O zaman baxdığım o nöqtədən Zaviyə məscidinin ətrafında açılan “bazar” da aydın görünürdü. Əslində, həmin bazarda, onun ətrafında gördüyüm xoş olmayan o mənzərələri o vaxt paytaxt şəhərimizin hər küçəsində, hər tinində müşahidə etmək mümkün idi:

Vaxt var idi...

Bizim paytaxt şəhərində –

Qədim, ulu Naxçıvanda

“hər şey” vardı,

heç nə yoxdu...

Küçələrdə boz “butka”lar,

Kiçik-kiçik mağazalar,

Bəli, çoxdu...

Baş Meydanda,

Baş Küçədə

Susatan da,

Tumsatan da ağa idi,

özlüyündə bir “bəy” idi.

O vaxt hərə bir cür “atan”

hərə bir cür “kələy” idi.

Küçənin lap ortasında

Masa qurub kabab satan...

Fala baxan, kart oynadan...

Bir az solda ocaq çatan...

Bir az sağda çay qaynadan...

        *  *  *

Vaxt var idi...

Küçələrdən, meydanlardan,

Keçmək qeyri-mümkün idi

yaz ayları,

yay ayları...

Toz qalxırdı lap dizəcən,

Bunu hər kəs təsdiq edər –

Hamı görüb, yaşayıbdır

o illəri, o ayları...

O küçələr, o meydanlar

Qar, yağışda

tamam başqa bəla idi.

hara baxsan palçıq idi,

hara baxsan çala idi.

Bura gələn qonaqları,

Hərdən kiçik uşaqları

Əzizləyib gəzdirməkçün,

Bir xiyaban, bir gülzarlıq,

nə də bir park tapılırdı.

Şəhər sanki ölü idi –

Hər baxanda

insan oğlu darıxırdı,

şair fikrə qapılırdı.

Bu gün, bu saat, bu an o qədim şəhərimizə Təbriz mehmanxanası qədər ucalardan da deyil, cəmi 21 metr yüksəklikdən – “Saat Meydanı”ndakı saat qülləsindən baxırıq qələm dostum Elxan Yurdoğlu ilə... Görünən mənzərə isə ürək açır, qəlbimizi fərəhləndirir. Hara baxırıqsa, gözümüz önündə gözəlliklər canlanır. Bir tərəfdən Yeni Naxçıvanın ən yeni halı göz oxşayır, yeni tikilən göydələnlər möhtəşəmliyi ilə lap uzaqlardan diqqəti cəlb edir... Bir tərəfdə yeni salınmış yollar insanı sanki çəkib özü ilə aparır.... Bir tərəfdə “Saat Meydanı”nı əhatə edən çoxmərtəbəli, müasir inzibati binalar öz əzəməti ilə insanı heyran edir... Bir tərəfdə əsaslı təmir olunmuş  qədim “Naxçıvanqala”, onun yanında isə muxtar respublikamızda inşa edilən ən böyük məscid göz oxşayır... Buradan görünən Naxçıvanın ən qədim məhəlləsində Yusif Küseyir oğlu türbəsini əhatəyə alan yeni, müasir  yaşayış evləri, bu evlərin al-əlvan dam örtükləri isə insanların gün-güzəranlarından,  rifah hallarının xoş olmasından xəbər verir.  Buradan tərəqqiyə qovuşan Naxçıvanımızı, onun gözəlliklərini, şad gününü, xalqın firavan həyatını seyr etmək bir yaradıcı ziyalı olaraq bizə zövq verir. Bir sözlə, buradan, bu yüksəklikdən qədim Naxçıvanımızın bu günü, xoş çağı çox yaxşı görünür.

Elxanla ötən günləri xatırlayırıq... İndi şəhərimizin ən gəzməli, görməli yerlərindən birinə çevrilən bu ərazinin səhradan fərqlənməyən əvvəlki miskin vəziyyəti göz önünə gəlir. Sonralar burada ucaldılan çoxmərtəbəli binalar bu ərazini əməlli-başlı yeni, müasir görkəmə qovuşdurub. Bu gün bu ərazi şəhər sakinlərinin və turistlərin istirahət edə biləcəyi gözəl bir məkana çevrilib. İyunun 21-də Ali Məclis Sədrinin iştirakı ilə fəaliyyətə başlayan “Saat Meydanı” turistik istirahət mərkəzi isə şəhərimizin bu hissəsini daha da gözəlləşdirib. Öz möhtəşəmliyi ilə göz oxşayan, şəhərimizə xüsusi gözəllik bəxş edən “Saat Meydanı” bundan sonra turistlərin Naxçıvana olan marağının artmasında da böyük rol oynayacaq.

“Saat  Meydanı”nda  şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rahatlığı üçün hər cür şərait yaradılıb. Klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir.

Kinoteatrda “Cinema Plus” kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunacaq. 3D texnologiyası, rəqəmsal kinoproyektorlar, müasir işıq və səs sistemləri filmləri yüksək keyfiyyətdə təqdim etməyə imkan verir. Burada fəaliyyət göstərən oteldə 43 standart, 4 suit və 1 VİP olmaqla, 48 otaq var. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb.

Meydanda konsert səhnəsi və fəvvarə qurulub. Saat qülləsində isə xidmət sahələri fəaliyyət göstərir, kafe və mütaliə zalı istifadəyə verilib, kitablar qoyulub, “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Bütün xidmət sahələri müasir soyutma, istilik, yanğından mühafizə və videonəzarət sistemləri ilə təchiz olunub, ərazidə 100 yerlik dayanacaq yaradılıb, oturacaqlar qoyulub, dekorativ ağac və güllər əkilib.

...Saat qülləsindən şəhərimizi, onun gözəlliklərini və Günəşin  qürub etməsini doya-doya seyr etdikdən sonra qüllənin ikinci mərtəbəsində – meydana baxan tərəfdə elə açıq havada Elxanla çay süfrəsi qururuq. Möhtəşəm bir mənzərə qarşısında, musiqinin insan ruhunu oxşadığı bir məkanda kəklikotulu çay içməyin zövqü tamamilə başqadır. Ovcunun içində qalan böyük meydan, ətrafdakı mükəmməl işıqlandırma, “rəngarəng sular”ın oynaşdığı  fəvvarə və təmiz hava insanı sanki nağıllar dünyasına aparır. “Bu qədər gözəllik ancaq nağıllarda olur”, –  deyən qələm dostum sanki ürəyimi oxuyur, bu gözəlliyə yaddaşında ilişib qalan bir şeirimin bir bəndini xatırlamaqla qiymət verir:

        Sanki göylər silkinibdir,

        Ulduzları tökülübdür.

        Şəhər nura bükülübdür –

        Nə gözəldir küçələri,

        Naxçıvanın gecələri.

Naxçıvanın işıqlı, nurlu gecələrinə həsr etdiyim şeirdən olan bu parça lap yerinə düşdü. Haradasa, bu məkanı, bu günü, bu anı ifadə edən bu misralar bəlkə də, bu gözəllik qarşısında bir az da zəif səslənir.

Çox çəkmir ki, Elxanla qurduğumuz çay süfrəsi söz süfrəsinə çevrilir. Etiraf edirik ki, Naxçıvanda ədəbiyyat bu böyük inkişafla ayaqlaşa bilmir, haradasa, geri qalır. Bunun isə yaradıcı insanların istedadı ilə heç bir əlaqəsi olmadığını, buradakı inkişafın qeyri-adi dərəcədə böyük olduğunu qəbul edirik. Onu da etiraf edirik ki, bəzi hissləri, bəzi duyğuları sözlə, xüsusilə nəzmlə, şeirlə ifadə etmək mümkün olmadığı kimi, bəzi irimiqyaslı, qeyri-adi işləri də qələmə almaq olmur, poeziyanın buna gücü çatmır. Amma nəsr sahəsində bu, mümkündür. Yazıçılarımız bu inkişafı irihəcmli romanları, povest və hekayələri ilə daha dolğun təsvir edib oxucuya çatdıra bilərlər.

Elxanla söhbətimizi meydanda davam etdiririk. Fəvvarənin ətrafında doyunca gəzdikdən sonra “Saat Meydanı”nda fəaliyyət göstərən uşaq əyləncə bölməsi ilə, restoranlarla, kinoteatrla, mağazalarla yaxından tanış oluruq. Hər şey mükəmməldir, gözəldir, Naxçıvanın adına layiqdir. “Saat Meydanı” ilə tanışlıq  bir çox sahədə inkişaf etmiş şəhərlərə nümunə olan Naxçıvanımızın turizm sahəsində də dünyaya nümunə olacağına bizdə əminlik yaradır. İnanırıq ki, yeni turistik istirahət mərkəzi şəhərimizə gələn turistlərlə yanaşı, şəhər sakinlərinin, xüsusən gənclərin, uşaqların da əsl istirahət məkanına çevrilə biləcəkdir.

“Saat Meydanı”nda saatların necə axıb getdiyinin fərqində deyilik... Gecədən xeyli keçib... Çox gözəl, xoş təəssüratlarla “Saat Meydanı”ndan çıxıb maşına əyləşirik. Elə bu anda yağış başlayır. Narın yağış havaya sərinlik gətirdiyi kimi, yollarımıza da nur çiləyir. Şəhərin yeni və təmiz yolları yağış yağdıqca maşın fənərlərinin və yol işıqlarının təsiri ilə nurlanır, güzgülənir sanki... Yolu keçən piyadanın da, işıqforda gözləyən maşınların da, elə saat qülləsinin də əksi yollara düşür və möhtəşəm bir mənzərə yaranır. Son illərdə şəhərdə aparılan yenidənqurma, abadlıq və təmir-tikinti işləri zamanı binaların, həyətlərin, ən əsası isə yolların işıqlandırılmasına xüsusi fikir verildiyindən Naxçıvan nur içində üzən bir gəmiyə çevrilib...

Bəli, inkişaf və tərəqqi yollarında inamla irəliləyən Naxçıvanımızın nəinki gündüzləri, gecələri də işıqlıdır, nurludur. Seyr edərək şütüdüyümüz bu işıqlı yollar, insanı öz ağuşuna alıb şəhərin içərilərinə doğru aparan bu nur seli Naxçıvanımızı daha işıqlı, daha gözəl, daha işıqlı  günlərə səsləyir. Bu saydığımız gözəllikləri yaradan, saymaqla bitməyən bu gözəllikləri bizə bəxş edən o rəhbərin qəlbinin nuru, ürəyindəki Vətən sevgisi Naxçıvanımızı daha gözəl günlərə qovuşduracaq. O nur, o sevgi varsa, deməli, muxtar respublikamızda, həmçinin paytaxt şəhərimizdə daha böyük gözəlliklərə, daha böyük ilklərə şahidlik edəcəyik. Onun qəlbinin nuru ilə işıqlanan muxtar respublikamız, çox çəkməyəcək, bütün dünyadan bir nur topası kimi görünəcək, onun nuru aləmə yayılacaq.

 

Qafar Qərib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: