Bu gün hər bir naxçıvanlı Naxçıvanda yaşamağı ilə fəxr edir, Həyatımızın hansı tərəfinə üz tutsaq dövlət qayğısının görürük. Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Duyqu öz istedadı və bacarığı ilə bu qayğıdan özünə pay ala bilmişdir. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na onun adının yazılması və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi muxtar respublikamızda gənclərimizə yaradılan şərait, onlara göstərilən diqqət və qayğıdan xəbər verir.
Duyqunun qazandığı bu uğur rayonumuzda hər kəsi sevindirib. Ancaq onun bu nailiyyətinə ən çox sevinən onun müəllimi və Pontamim dərnəyinin rəhbəri Aidə İbrahimovadır.
Yetirməsinin uğuruna sevinən Aidə müəllimə deyir ki, pantomim - ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca “mim” olaraq ifadə edilir. Pantomimdə sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomim bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur. Mim sözü “təqlid etmək” və ya “təmsil etmək” mənasını verən yunanca “mimeisthai” sözündən yaranıb. Fransızca “pantomime” mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur.
Pontamim dərnəyi muxtar respublikada ilk olaraq Culfada fəaliyyətə başlayıb. Rayon Mədəniyyət Şöbəsində “Haçadağ” adı ilə 3 ildir ki, fəaliyyətdə olan çətin və bir o qədər də maraqlı olan pontamim dram dərnəyinə gənclər və yeniyetmələr daha çox maraq göstərir. Dərnək yarandığı gündən gənclərimiz bir çox müsabiqə və tədbirlərdə öz səhnəcikləri ilə iştirak ediblər. İlk səhnəciyimiz “Gənclik” bizim birinci işimiz olmasına baxmayaraq tamaşaçılarda maraq qazandı. İntiqam Soltanın əsəri “Vətən” tamaşası üzərində işlədiyimiz “Yüksəliş” də uğurlu işlərimizdəndir. Çünki əsər həm məzmun, həm də düzgün quruluşuna görə seyriçilər tərəfindən məmnuniyyətlə baxılır. Tamaşanın sonunda bayrağımızın ucalması və himnimizin səslənməsini isə tamaşaçılar ayaq üstə alqışlayırlar. Repertuarımızda Xocalı soyqırımına həsr etdiyimiz “Ana harayı”, “Vətən əmanəti” adlı səhnəciklərimiz var. Təbii məqsəd teatrın bu janrından istifadə edib vətənpərvərlik hisslərini təbliğ etməkdir. Sonuncu səhnələşdirdiyimiz tamaşamız isə gənclər tərəfindən sanki bir mesaj xarakteri daşıyırdı. “Kitablar tozlanmasın” adlı insanlarda xoş əhval və kitablara maraq yaradan səhnəciyimiz də bizə digər tamaşalarımız kimi uğur qazandırdı.
Dərnəyimizin bir çox istedadlı yetirmələri vardır ki, gələcəkdə bu sahəni davam etdirmək istəyirlər. Bu istedadlı gənclərdən biri Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən və adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılan Duyqu Əliyevadır. Duyqu dərnəyə üz tutduğu gündən öz bacarığı və istedadı ilə seçilir. Verilən bütün tapşırıqların öhdəsindən hər zaman layiqincə gəlir. Duyqu həm də orta məktəbdə yaxşı oxumaqla yanaşı, Culfa Rayon Musiqi Məktəbinin pianino sinfini də yaxşı qiymətlərlə oxuyur. Bundan başqa bu istedadlı qız Culfa Rayon Mədəniyyət Sarayında rəqs dərnəyinin də üzvüdür. Bu gün Duyqu Əliyeva ilə yanaşı şagirdlərimiz də sevincirlər. Çünki Ali Məclisin Sədri tərəfindən Duyqunun istedadına verilən dəyər onların da bacarıqlarına verilən qiymətdir.
Bu cür istedadlı gənclərimizin olması gələcəyimizin parlaq nümunəsidir. Düşünürəm ki, göstərilən dövlət qayğısından hər zaman olduğu kimi bundan sonra da yararlanıb öz işlərimizin öhdəsindən layiqincə gələcəyik. Əhatələndiyimiz dövlət qayğısı, istedad və bacarığımız buna imkan verir!
“Arazın səsi” qəzeti