Günəşi oyadanlar

A- A A+

Mənim doğulduğum yerlərdə qadınlar günəşdən əvvəl oyanar və günəşi o qadınlar oyadardılar...

Körpəsini görmək üçün axşamı gözləyən, lakin o yatsın deyə yuxusuz  qalan, əlləri çopur-çopur zəhmət qoxan, üzərindən təndir iyi gələn qadınlar. Bizim xoşbəxtliyimiz də bax həmin qadınlarda, səmimiyyətimiz  həmin yerlərdəydi. İstilik saçan əllərin vətəni olan o yerlərdə köhnə təndir damının içində sühb tezdən açılmamış qızğın alov yüksələr, yalnız ondan sonra  şirin-şirin söhbətlər başlayardı. Söhbətin içində nə qeybət vardı,  nə də dedi-qodu. Oradan ancaq əkdiyi əkinin vaxtında cücərməməsini dərd edən bir qadına verilən məsləhətləri,  ya da kiminsə başına gələn  maraqlı bir əhvalatın yaratdığı gülüş səslərini eşitmək olardı.

Darıxmadıqmı o səslər üçün?

Bu sualın cavabında yalnız o həyatı yaşamış bir insan  içdən gələn hayqırışları ilə  darıxdığını deyər.

Əslindəsə,  necə də maraqlı bir  həyatdı. Düşünəndə, yazanda belə insanın  üzünə təbəssüm qonur. Ancaq bütün günlərimiz gülüşlərlə keçmirdi, kədər də olurdu, göz yaşları da. Yeganə  dərdimiz oynadığımız maraqlı oyunun tam ortasında anamızın bizi evə səsləyib, gec olduğunu bildirməsi idi.

Ancaq o oyunlardan necə ayrılmaq olardı? O zaman o oyunlardan nəsə qazanıb-qazanmadığımızı soruşsaydınız, “yox” deyərdik. Lakin indi  həmin sualın cavabı tək bir sözlə ifadə olunmayacaq dərəcədə böyük, ülvidir. Paylaşmaq, öyrənmək,  öyrətmək və saysız –hesabsız heç bir maddi dəyərlə ölçülə bilməyəcək duyğular... Bəlkə qazandıqlarımız bizi biz etdi, bəlkə   itirdiklərimiz? Öz-özlüyündən yaranan bu sualın cavabı hər kəsin özündə gizlidir.

Zamanın bizə oynadığı oyunla unudulan oyunlar...

Hansından danışım sizə, birliyi öyrəndiyimiz, dostunun əlindən möhkəm yapışıb buraxmamağa cəhd etdiyimiz və azalmağa imkan vermədiyimiz “bənövşədənmi”,  yoxsa yalnız cəldlik tələb edən, uşaqlara bir mənada öz ayaqları üzərində durmağı  öyrədən “beşdaşdanmı”,  cəviz yarpağını palçıqdan düzəltdiyimiz təndirə yapdığımız, qonaqpərvərliyin necə vacib  olduğunu anladan “evcik-evcikdənmi?”

Deyir bir gün qapını açıb gələnin “uşaqlığım” olduğunu görəydim. Yalnız xəyal olan bu düşüncənin bir də gerçəyə çevrildiyini düşünün. Sual verirəm; uşaqlığınızın indiki uşaqlarla, bu muhitdə birgə böyüməyini istərdinizmi? İçərisində minlərlə virtual dostlarınız olan telefonu, smartfonu o vaxtkı dostlarınıza dəyişərdinizmi? Dəyişdiyinizi xəyal edərək necə böyüdüyünüzü, hansı istiqamətə irəlilədiyinizi gözünüzdə canlandırın. Dəhşətlidir deyilmi? Klaviaturaya toxumaq maraqlıdır,  yoxsa əllərimiz çatlayana qədər içində oynadığımız  qumlu torpağa? Məncə bu qədəri qapını açıb uşaqlığını görmək istəyənlərə kifayət edir...

Gəlin, şüuraltımızda bizi  öyrədən, yol göstərən  “gizlən qaç”ı, “arada qaldı”nı, “əl üstə kimin əli”ni və yüzlərlə digər maraqlı oyunları saatlarla başımızı aşağı əyərək oynanılan və mənfi xüsusiyyətlər yaradan virtual oyunlara dəyişməyək...

                                                         

                                                               Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: