Qürur çələngim – Yarpaqlı

A- A A+

Dağlar qoynunda bir dünyadır, min aləmdir Yarpaqlı. Gül-çiçək məskəni Qartallar yuvası, ulular obasıdır. Ulu dağların gözətçisi, əcdadalarımızın pənahı, beşiyidir. Öz elim, obamdır Yarpaqlı. Açıq səma altında əvəzsiz xəzinə, təbiətin yurdumuza bəxş etdiyi etnoqrafik muzeydir.

Culfa dağlarının sayılan yaylaqlarından olan Yarpaqlını görmək  çoxdankı arzum idi. Bu həvəslə arzu dolu bir səfərə başladıq. Elimizi, obamızı görmək, Yarpaqlıda olan təsərrüfat adamları ilə görüşüb əhval tutmaq, söhbətləşmək istədim.

Dizə-Şurud yolundan haçalanan yollar, hərəsi bir  səmtə baş alan torpaq cığırlar, ləpirli izlər. Daşları yuyan, günəşin ilıq nəfəsindən Aydaşın yolunda gizlənməyə çalışan Xoşkəri çayı həzin-həzin üzüaşağı axaraq özünü sanki süzür çöllərə çatdırıb torpağa can verməyə tələsirdi. Dağların qoynundan keçən yollar gör nələr söylər. Bu çınqıllı dar el yolu, deyərdim ki, yolların şahıdır, insanların pənahıdır, ümididir.

Maşınımız dağlara səs saldıqca pırıltı ilə üzüyuxarı uçuşan xınalı kəkliklər, bir-birinə yol vermədən dağlara dırmaşan dağkeçiləri, muflonlar bizi heyrətləndirir. Sola burulub sayıram. Bir-iki, beş, onbeş... sayını itirirəm. Dağkeçiləri muflonlar gözdən itənəcən onların arxasınca dağlara baxıram. 1990-cı illəri xatırlayıram. Bir vaxt güllə səsindən dağlarda qorxa-qorxa gəzən təbiətin bu nadir inciləri bu gün qorxusuz həyat sürür, onsuz da gözəl görünən dağlarımıza bir daha gözəllik bəxş edirlər. Bir az da irəlilədikdən sonra heyranlıqla alov kimi göylərə baş qaldıran Haçadağa baxdım. Günəşin şüasından dağın bənövşə rəngli daşları par-par parıldayır, sanki insan nəfəsini duyub daha da gözəl görünmək üçün özünə sığal çəkirdi. “Yurdumsan, odumsan, atəşimsən, qürur çələngimsən”,-dedim. İnsan torpaqda, daşda doğmalıq hissini gərək tez görüb tapa bilsin. Beynimdə  qələmə aldığım misralar pərvazlanır, laylaların laylasıdır, ana laylası mahnıların mahnısıdır Vətən nəğməsi...

Öz ana yurdumun kolu, yarpağı.

Meşəsi, dənizi, dərəsi dağı.

Öz doğma yurdumun qumlu torpağı

Vətəndir, Vətəndir, Vətən deyirəm.

    

Elimə, obama bağlı ürəyim.

Ətirli görünür, suyum, çörəyim.

Beynimdə dolaşan fikrim, diləyim.

Vətəndir, Vətəndir, Vətən deyirəm.

 

Əgər tale səni qürbət ellərə salsa, həsrət tonqalında yanıb göz yaşı töksən, yanğılı bir səslə “boz, susuz torpağına, çınqıllı daşına qurban Vətənim-doğma Azərbaycanım”, -deyərsən.

Gal kövşəninə doğru bir xeyli irəlilədikdən sonra başqa bir aləmə qovuşuruq. Göz işlədikcə uzanan Cərəcüz düzü, Gal kövşənində qızğın biçin aparılan qızılı taxıl zəmilərinin sonu görünmürdü. Düzənlikdən başlanan zəmilər yollara, yamaclara dırmaşıb genişliklərə doğru baş alıb gedirdi. Günəşli zəmilərdən qızıl dağlar yaranır, başı köksünə əyilmiş dolu sünbüllər bir-birinə toxunur, elə bil pıçıldaşırdılar.

Bu bəzəkli çöllərin öz qüdrət nəğməsi, öz güclü ahəngi var. Dağların ətəyində cərgə ilə bitmiş dağarmudu, dovşanalması, müxtəlif kollar sanki, gedib-gələnləri ehtiramla qarşılayıb yola salmağa hazırlaşırdı.

Xəyal karvanım məni gənclik illərinə aparır. İlan mələyən bu yerlərdə o zamanlar əkin-biçin aparılmır, torpaq həsrətlə onu becərənin yolunu gözləyirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu yerlərdə-Galda torpaq özəlləşdirilib, torpaq onun əsl sahibinə qaytarılıb. Sovetlər dövründə gözdən-könüldən uzaq olan kəndlərdə bu gün geniş abadlıq və quruculuq işləri görülüb,  ucqar dağ kəndlərimiz Galda, Şurudda da kənd adamlarının normal yaşaması üçün lazım olan şərait yaradılıb.

Gala yaxınlaşdıqca qarşımızda əzəmətli Haçadağ dayanır. Elə bir Haçadağ göyün yeddinci qatından qopub düşüb. Bu dağ, əsrlərin keşməkeşindən naxışlanmış, hər daşı düşmən üzərinə od ələyən igidlərimizin əbədiləşmiş heykəllərini xatırladır. Bu dağın ağır və mənalı görkəmində düşmənə qarşı sərtlik, dosta mehribanlıq duyulur.

Galdan keçib Şurud kəndinə yol alırıq. Qarşıda arxalı dağlar görünür, ürəyim pərvaz edir. Yolun kənarında maşını saxlayıb dağın sinəsindən süzülüb gələn, göz-göz qaynayan bulaqdan su içirik. Yolumuza davam edirik. Yenə də gözlərim dağlara zillənir. Qartallar arabir uçub ənginliklərdə qərar tutur. Bir az irəlilədikdən sonra “Məmməd düzü”nə çatırıq. Biz irəlilədikcə mənzərə-mənzərəni əvəz edir, gözəllik-gözəlliyə qovuşur. Təbiətin tamaşası başlayır, gözəllik bizi qoynuna alır, tilsimləyir. Sanki əfsanələr aləminə  düşürsən. Bu yerlərin mənzərəsi sirli-sehrli aləmi xatırladır.

Təbiətin gözəlliyi ilə Şurud kəndində yaradılmış xoş növraq bir harmoniya təşkil edir. Sovetlər birliyi dönəmində yalnız ibtidai məktəbi olan bu kənddən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində insanların normal yaşayışı üçün hər cür şərait yaradılıb.

Hər tərəf aydınlıq, hər yan gözəllik idi. Qürurlu dağlar, qartallı zirvələr, sərt qayalar, şır-şır axan bulaqlar sanki bir-birinə layla çalırdı.

Dağların qoynunda çobanların oylaqları, el-oba, alaçıqlar daha gözəl görünürdü. Odlu-ocaqlı alaçıqlar, sürünün gecə yatağı olan arxac. Yaxınlıqda göz yaşı kimi dumduru bulaqlar, ətrafda el-oba gəzintisi, gözəllər seyrəngahı.

Dağ yamaclarına səpələnmiş qoyun-quzu sürüləri, qaramal naxırları. Xalqın tükənməz sərvəti, dövləti varı. Yamaclarda bir-birinin  ardınca sıralanan qoyun sürüləri boyunbağının qırılıb səpələnmiş bəyaz muncuqlarını xatırladır. Bəzən də durna qatarının sədəf düzümü kimi sıralanır. Heç  insaf deyil bu yerlərə gələsən, çobanların ot dəmləmələrindən içməyəsən. Nanə ətirli, kəklikotu qoxulu, qantəpər rəngli, qara yarpızlı çaydan bir qurtum içirik. Sanki çobanın da zehni açılıb. Dil-boğaza sığmır. Dağların zirvə qarından süzülən, qayaların sinəsindən çağlayan, bulaq suyundan hazırlanmış çay bizə dünyanın bütün naz-nemətindən şirin gəlir.

Əsrlərlə qoyunçuluq və maldarlıq şurudluların əsas məşğuliyyəti və əvəzsiz gəlir mənbəyi olub. Bəlkə də onları bu dağlarda məskunlaşdıran və daim yaşayışlarını təmin edən heyvandarlıq olub. Hər yanı duman kimi qayalar, daşlar kimi bürüyən qoyun sürüləri dağların gözəlliyi, yarı-yaraşığı,var-dövləti, bərəkətidir.

Yarpaqlının geniş örüşlərində bitən rənga­rəng güllər-çiçəklər, yüzlərlə qüvvətli ot növləri, son dərəcə əlverişli dağ-iqlim şəraiti heyvandarlığın inkişafına və bol heyvandarlıq məhsulunun alınmasına əsaslı zəmin yaradıb.

İlin bu fəslində Yaycı, Dizə və digər  kəndlərdən çoxlu “arı ailələri” bol məhsul götürmək üçün bu yerlərə  Yarpaqlıya köçürülür. Gül-çiçəyin arasında qatarlaşan “arı ailələrinin” düzümü hədsiz maraq doğurur. Öyrənirik ki, aran kəndlərdə istilər başlayanda buraya köçürülən həmin arılar soyuqlar düşənə qədər çiçəklərin, otların şirəsini sorur, bol məhsul toplayır. Sonra yenidən aran kəndlərə köçürülür. Bizcə köçmə maldarlıq nə qədər vacibdirsə, köçmə arıçılıq da eyni dərəcədə faydalıdır. Bu qayda bol məhsulun əsasını təşkil edir, onun inkişafına əsaslı zəmin yaradır, ürəyə təpər verən can məlhəmi,  min dərdin dərmanıdır bal. Hələ ola Yarpaqlı balı. Bu yerlərin min bir çiçəyinin yüksək keyfiyyətli təmiz bal şirəsi, şah ətri harada tapılar? İmkan geniş, şərait əlverişli, şurudlular dədə-babadan bu yerlərdə arıçılıqla məşğul olublar. Bu, camaatın əsas məşğuliyyətlərindən biri olub. Buranın balı adla olub, keyfiyyəti də üstünlük təşkil edir.

 

Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: