Sədərək üzümünün şöhrəti özünə qaytarılır

A- A A+

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da üzümçülüyün inkişafı daim diqqət mərkəzində saxlanılır, insanlar təsərrüfatın digər sahələri kimi üzümçülüyə də xüsusi maraq göstərirlər. Qədim yurd yeri Sədərək kəndində yetişdirilən üzümün  şöhrəti geniş yayılıb.  Dadı, tamı bambaşqadır Sədərək üzümünün. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu var. Mövüc, kişmiş, qışa üzüm asması-milağa indinin özündə də böyük maraq var. Bu kənddə yaşayan insanların əksəriyyətinin çox qədimdən üzümçülükdə zəngin təcrübəsi var. Elə bu sahədən də az gəlir götürmürlər. Tanrı 50-dən çox üzüm növü arasında “Misqalı” sortunu elə bil Sədərək torpağı üçün yaradıb. Sədərəkdə üzüm bağları da özünəməxsusdur. Arxlar dərin olur, arası 3 metr, tənəklər də bir-birindən 2 metr aralıda əkilir. Burada bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var.

Bərəkətli torpağı, əlverişli iqlimi tarixən bu yerlərdə müxtəlif növ üzümlərin- “Kişmişi”, “Qızıl üzüm”, “Ağ üzüm”, “Hənəqırna”, “Gülabı” və sairə sortların əkilib-becərilməsinə səbəb olub. Sədərək üzümü öz şirinliyinə görə bazarlarda yüksək alıcılıq qabiliyyətinə malikdir. Kişmişi üzümdən hazırlanmış mürəbbələr də süfrələrimizdə geniş şəkildə istifadə olunur.

Qeyd edək ki, Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayır.

Üzüm istehsalı üçün rayonun əlverişli təbii-iqlim şəraiti, onun digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə və texniki üzüm sortlarına olan daxili tələbatının yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli, ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm məhsullarına olan yüksək tələbat bu     sahənin daha da inkişaf etdirilməsini zəruri edib.

Son illər bu sahəyə yenidən diqqət yetirilməyə başlanılıb.   Bunun üçün süfrə üzümü əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, tingçilik təsərrüfatlarının formalaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Təkcə bu ilin yaz iməciliklərində minlərlə üzüm qələmi torpağa basdırılıb. Hazırda Sədərəkdə üzüm bağlarının sahəsi 250 hektara çatdırılıb və ötən təsərrüfat ilində 14 min 590 sentner məhsul istehsal edilib.

  

Sərxan İsmayılov

“Oğuz yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: