Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 108.7 faiz icra edilib - FOTOLAR
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqinə baxmayaraq istər vergi daxilolmalarında, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub. Ötən dövr ərzində vergi intizamının daha da gücləndirilməsi, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı öz müsbət nəticələrini verib. Belə ki, 2019-cu ilin birinci yarımili ərzində üzrə müəyyənləşdirilmiş proqnoz 108.7 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.7 faiz artıqdır. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə, onların 36.8 faizi dövlət sektorunun, 63.2 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.6 faiz artıb.
Ölkəmizdə işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanma əsasında aparılır və təyin edilən sosial ödənişlərə uyğun olaraq şəxslər sosial risklərlə qarşılaşdıqda (pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar. 2019-cu ilin birinci yarımili ərzində məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlərin nəticəsidir ki, bu sahədə vergi daxilolmaları əhəmiyyətli dərəcədə arıb. Belə ki, qeyd olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 144.8 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 139.5 faiz əməl edilib.
Muxtar respublikada həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə 2019-cu ilin birinci yarımili ərzində 20 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bu dövrdə 2327 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 72.7 faizi və ya 1691 sahibkar muxtar respublikanın rayonlarının payına düşmüşdür. Bütün bu müsbət göstəricilər özəl sektora göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Nazirlik tərəfindən vergiödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, nazirlik 2019-cu ilin birinci yarımilini vergi borcu olmadan başa vurub.