Sahibkarlara yeni kombaynlar verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni, müasir tipli Finlandiya istehsalı olan “Sampo” və Belçika istehsalı “Nevvholland” markalı kombaynların təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev deyib ki, Ali Məclis Sədrinin tapşırığına əsasən son illər muxtar respublikamıza lizinq xətti ilə gətirilən yeni texnikaların sayı xeyli artıb. İndiyə kimi muxtar respublikamıza 2684 ədəd müxtəlif texnika və texnoloji avadanlıq gətirilərək lizinq yolu ilə sahibkarlara satılıb. 2019-cu ilin ilk yarımilində gətirilən 309 yeni texnikanın və texnoloji avadanlığın 10-u müasir tipli kombaynlardır. Xarici ölklərin istehsalı olan bu kombaynlar çox məhsuldardır. Mövsüm ərzində onların hər biri ilə min hektara yaxın taxıl sahəsinin məhsulunu biçmək mümkündür. Yeni kombaynlar biçini mütəşşəkil həyata keçirir, itkiyə yol verilmir, onları idarə etmək mexanizatorlar üçün çox rahatdır. Yeni kombaynların hər birində müasir idarəetmə sistemləri quraşdırılıb, kondisionerlər qoyulub. Güzəştli şərtlərlə texnika əldə edən sahibkarlar onlardan səmərəli istifadə etməli, ödənişləri vaxtlı-vaxtında aparmalıdırlar. Yeni texnikaların ilkin dəyərinin 20 faizi sahibkar tərəfindən ödənilməklə, 40 faizi dövlət tərəfindən güzəşt edilir, qalan 40 faizi isə 9 il müddətinə sahibkar tərəfindən hissə-hissə ödənilir. Sözsüz ki, bütün bunların hamısı kənd əməkçiləri, sürücü və mexanizatorlar üçün böyük qayğıdır.
Yeni texnikalara məxsus sənədlər sahibkarlara təqdim olunub, onlara işlərində uğurlar arzulanılıb, mühüm kampanya olan taxıl biçininin optimal müddətlərdə başa çatdırılması tövsiyə edilib. Sonra yeni kombaynlar aidiyyatı üzrə öz ünvanlarına yola salınıb.
Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə müraciət edib yeni texnikalar alan sahibkarlar dövlət qayğısı üçün minnətdarlıqlarını bildiriblər
Məhəmməd Fərəcov