Türkiyəli alimlər Naxçıvanda olublar - FOTOLAR
Türkiyənin İğdır Universitetinin təşkilatçılığı ilə bir qrup elm adamı Naxçıvan Muxtar Respublikasına səfər edib.
NUHÇIXAN xəbər verir ki, 25 nəfərə yaxın alimdən ibarət qrupun üzvləri Naxçıvan Günəş Elektrik Stansiyasının işi ilə maraqlanıblar. Burada qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması dövlətin əsas prioritetləri sırasındadır. Naxçıvanın təbii sərvətləri arasında mühüm yer tutan günəşli günlərin potensialından istifadə olunması məqsədilə qurulmuş bu stansiya ən yeni texnoloji avadanlıqlara və mütərəqqi menecmentə əsaslanır.
Qonaqların diqqətinə çatdırılıb ki, layihə gücü 24 meqavat olan Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının enerji tələbatının 9,3 faizini ödəməkdədir. Ümumilikdə, Naxçıvanda istehsal olunan enerjinin 72,66 faizinin alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi türkiyəli alimlərdə böyük maraq doğurub. Qonaqlar stansiyada tətbiq edilən texnoloji avadanlıqlarla, onun iş prinsipi ilə tanış olub, muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində həyata keçirilmiş işlər barədə hərtərəfli məlumat alıblar.
Türkiyə Elmlər Akademiyasının (TÜBA) rəhbəri, professor Müzəffər Şəkər Naxçıvana ilk dəfə gəldiyini və burada gördüyü gözəlliklərə heyran qaldığını bildirib. Alim qeyd edib ki, Naxçıvanda təmiz enerji istehsalı ilə bağlı potensial daha böyük perspektivlər vəd edir. O, həmçinin Naxçıvanda müalicə turizmi sahəsində də geniş işlər görüldüyünü və buradakı təbii sərvətlərin insan sağlamlığı üçün böyük dəyər daşıdığını vurğulayıb. Müzəffər Şəkər bu potensialdan istifadə məqsədilə gələcəkdə iki ölkə arasında müştərək elmi araşdırmaların əhəmiyyətini də qeyd edib.
İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma isə bildirib ki, Türkiyənin Naxçıvanla qonşu vilayəti arasında geniş iqtisadi-mədəni əlaqələr var. Günəş enerjisindən istifadə sahəsində Türkiyədə də geniş imkanlar olduğunu diqqətə çatdıran rektor qeyd edib ki, Naxçıvanda belə bir stansiyanın olması onun enerji asılılığının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dünyada vüsət alan modern çağırışlara cavab baxımından ən gözəl tədbirlərdəndir. Qonaq əvvəllər də Naxçıvanda olduğunu vurğulayaraq, hər səfəri zamanı Azərbaycanın bu qədim diyarında yeni gözəlliklər gördüyünü deyib.
Qeyd edək ki, türkiyəli alimlər səfər çərçivəsində müqəddəs Əshabi-Kəhf ziyarətgahına və Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkib, Naxçıvan şəhərinin görməli yerləri ilə tanış olublar.