Mayın 29-u Dünya Həzm Günüdür. Bu gün Dünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün sağlam həzm günü elan edilməsi qərara alınıb.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Dünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.
Bu Günü qeyd etməklə Dünya Qastroenteroqlar Təşkilatının əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir. Təşkilat həmin məsələlərin işıqlandırılması, xəstəliyin profilaktikası, həmçinin həzm sistemi xəstəliklərinin müalicəsinin səmərəli üsullarının axtarışı ilə məşğul olur.
Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əzab çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Bu problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və az hərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət etməkdən ibarətdir.
Hər il Dünya Həzm Gününə uyğun müxtəlif mövzular seçilir və bununla əlaqədar keçirilən bütün tədbirlər qastroenterologiyanın müəyyən probleminə, onun müalicəsi və profilaktikası üsullarına həsr edilir.