Çimərlikdən istifadə edən vətəndaşlar bunları bilməlidir - FOTOLAR
İsti yay günlərində vətəndaşların və muxtar respublikaya gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan Naxçıvan Şəhər Çimərliyidir. Qeyd edək ki, çimərlikdə mövsüm iyun ayının 17-dən başlayıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, çimərlikdə insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə qülləsi quraşdırılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sularda xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır.
Qeyd etmək lazımdır ki, ötən illər çimərlikdə istirahət edən vətəndaşlarımız və Naxçıvan şəhərinə gələn qonaqlar tərəfindən müəyyən olunmuş təhlükəsizlik tədbirlərinə bir çox hallarda əməl olunmayıb. Nəticədə vətəndaşlar suda boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Bütün bunları nəzərə alaraq çimərlikdə bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımıza aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmələrini bir daha tövsiyə edir:
- çimərlik üçün ayrılmış və xüsusi avadanlıqlarla təchiz edilmiş yerlərdən başqa qadağan edilmiş yerlərdə suya girmək məsləhət görülmür;
- qadağanedici nişanlarla işarələnmiş sahədən kənara çıxmaq olmaz;
- küləkli və yağışlı havalarda suya girmək təhlükəlidir;
- çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın, 13 yaşına çatmamış uşaqların nəzarətsiz suya girməsi qadağandır;
- çimərlik ərazisini və suyun dibini müxtəlif cisimlərlə (şüşə, konserv bankaları, plastik kütlə, ərzaq tullantıları və sair) zibilləməyin;
- xilasedicilərin çağırış və tələblərinə riayət edin, suda kobud hərəkətlərə, yersiz zarafatlara yol verməyin;
- xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət edin;
- sərxoş halda suya girmək həyatınız üçün təhlükəlidir;
- skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır;
- yemək yedikdən dərhal sonra suya girmək sağlamlığınız üçün təhlükəlidir;
- əgər suda olarkən hər hansı bir xoşagəlməz hadisə baş verərsə, özünüzü itirməyin və çığırmayın, çünki çığıran zaman ağciyərlərin su ilə dolması qaçılmazdır və bu, boğulmaya səbəb ola bilər;
- suda batan şəxsin xilas edilməsi üçün ilk növbədə xilasediciləri köməyə çağırın, sonra isə əlaltı vasitələrdən istifadə etməklə ona kömək etməyə çalışın;
-əgər üzməyi bacarırsınızsa, batan şəxsə tərəf yaxınlaşıb arxadan onun saçından tutub sahilə doğru çəkin.
- unutmayın ki, əgər batan şəxs suda 6 dəqiqədən az qalıbsa, onu xilas etmək mümkündür.