“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi uşaqların sağlamlığına mənfi təsir göstərən, o cümlədən onların mənəvi, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyalardan qorunmasını nəzərdə tutur.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.
Bahar Muradova bildirib ki, Azərbaycanda mövcud qanunvericilik uşaq hüquqlarının qorunması məsələlərini özündə əks etdirir. 1998-ci ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Qanunun 15-ci maddəsində haqqında söhbət gedən məsələ əks etdirilir. Son zamanlar bu maddənin ikinci hissəsinə edilən dəyişikliklə əlaqədar olaraq belə bir qərar verilib ki, bu məsələ ayrıca bir qanunla tənzimlənsin, yeni bir qanun layihəsi hazırlansın. Prezidentin belə bir qanun hazırlanması ilə bağlı Nazirlər Kabinetinə xüsusi tapşırığı olub. Bu da insan alverinə qarşı mübarizəyə dair əlaqələndiricinin milli fəaliyyət planının icrasına kömək məqsədi daşıyır. Çünki bu sahədə müxtəlif səpkili problemlər var. Azərbaycanda mövcud qanunvericilik “Uşaq hüquqları haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Teleradio yayımı haqqında”, “Reklam haqqında” qanunlar ümumi şəkildə bu qanunun nəzərdə tutduğu məsələləri əks etdirir. Amma detallı şəkildə, konkret istiqamətlər, bu istiqamətlərə cavabdehlik daşıyan qurumlar, bu qurumların fəaliyyəti, bu fəaliyyətə olan tələblər bu qanunlarda əksini tapmadığı üçün belə bir qanunun işlənməsinə ehtiyac duyulub.
Qeyd edilib ki, qanun layihəsinin məqsədi uşaqların sağlamlığına mənfi təsir göstərən, o cümlədən onların mənəvi, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyalardan qorunmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq qanun layihəsi bir sıra istiqamətləri tənzimləyir. Uşaqlar üçün zərərli informasiya nədir onların dairəsi müəyyənləşdirilir. Onların yayılmasına olan tələblər, onların zərərliliyinə görə təsnifatlaşdırılması və yaş qrupuna görə işarələnməsi məsələsi, bu informasiyaların ekspertizasına dair ümumi tələblər, ekspertizanı həyata keçirən ekspertlərin fəaliyyətinə dair tələblər və hüquqi ekspertizanın nəticələrinə dair tələblər burada əksini tapır. Qanun bu məsələləri özündə hərtərəfli əks etdirir.