Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirlikdə kollegiya iclası keçirilib. İclasda nazir Rövşən Məmmədov bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən Rabitə və Yeni Texnologiyalar Nazirliyi yeni texnologiyaların tətbiqini nəzarətdə saxlamalı, göstərilən xidmətlərin keyfiyyətini yüksəltməli, maddi texniki baza möhkəmləndirilməli, ixtisaslı kadr hazırlığı davam etdirilməlidir.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub. Ümumilikdə bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil Naxtel abunəçilərinin say artımına real zəmin yaradıb. Hazırda Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Naxtelin maddi texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb.
Nazir vurğulayıb ki, 2019-cu ilin birinci yarısında Ordubad rayonunun Dəstəkənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Şərur rayonunun Kərimbəylikənd rabitə evində yeni nəsil telefon stansiyası qurulub. Diqqətə çatdırılıb ki, rabitə və yeni texnologiyalar nazirliyinin dəstəyi ilə Dövlət Statistika Komitəsi üçün hazırlanan “Statistik Məlumatlar Sistemi” istismara verilib. Nazir hesabat dövründə ixtisaslı kadrların hazırlanması işində həyata keçirilən işlərdən də bəhs edib, qeyd olunan uğurlarla yanaşı, nöqsanlara da yol verildiyini diqqətə çatdırıb.
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə kefiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsinin ilin birinci yarımilində də uğurla davam edib.
Məruzə ətrafında çıxış edənlər ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər.