Deyirlər insan yaşlaşanda, qocalanda uşağa dönür. Nə uşaqlıqda, nə də gənclikdə bu sözü çox da dərk etməz insan, dərinliyinə varmaz. Amma elə ki, həyatın isti-soyuğunu daddın, yaş bir həddə çatdı, bax, onda bu sözlərin doğruluğunu təsdiqləyirsən. Evdə, ailədə qoca bir nənə, baba olanda isə onların yavaş-yavaş necə uşağa döndüyünün şahidi olursan.
Atikə nənəmin doxsan yaşı var. Amma nənəm hərdən olub-keçənləri dodaqaltı mızıldanıb xəyallara dalsa da, bəzən doqquz yaşlı uşaq kimi küsür, inciyir, ərköyünlük edir. Ucadan deyilən hər söz qəlbinə dəyir. Diabet-şəkər xəstəsi olduğu üçün çox yeməsin deyə, ortalığa çox şiniyyat qoymuruq. Bir də baxiram, gedib qənddandan gizlicə qənd götürüb, ovcuna yığır. Gözümüzdən yayındırsın deyə yanına qısdırıb, otağına gedir. Uşaqlara xas hərəkət olduğunu bilirəm, bir söz də deyə bilmirəm. Məni gülmək tutur.. Nənənmin bu “nadincliklərini” sevmədiyimi desəm yalan olar. Hərdən qar kimi saçlarına daraq çəkə-çəkə dilə tuturam:
-Ay nənə, sözün vardı e, deyirdin, “ köçəcək hamı bu dünyadan...”- sonrası necəydi?
Hə, onda nənəm başlayır çözələnməyə:
Köçəcək hamı bu dünyadan, bir səxavət qalacaq.
Yaxşılıqla dolanmaq, sülhü- ədalət qalacaq.
Bacar, aləmdə hamının qəlbini güldür,
Beş arşın ağdan ibadət qalacaq.
-Kimdən öyrənmisən, bu sözləri, ay nənə?
-Kimdən öyrənəcəyəm, anamdan, nənəmdən.
Nənəmin çoxlu bayatısı var. Söyləməyə başlayan kimi gözləri dolar, uşaq kimi əlinin arxasıyla gözlərini silər.
Əzizim, buda məni,
Xəncər al, buda məni,
Gör nə günə qalmışam,
Bəyənmir bu da məni.
Dağlara binə gəlləm,
Gedərəm, yenə gəlləm,
Mən bir də səni görsəm,
İmana, dinə gəlləm.
Mən aşiq, gözəl ağlar,
Gözlərim gözəl ağlar,
Yad ağlaya bilmədi,
Yar səni gözəl ağlar.
İndi nənəmin yaddaşı ona etibarsızlıq edib zəifləsə, uşaq yaddaşına dönsə, indi deyiləni beş dəqiqə sonra unutsa da keçmişi çox gözəl xatırlayır. Korifey sənətkarlarımızı televiziya ekranında görən kimi:
- Ay qız, bu Zeynəb Xanlarova deyil, necə də qocalıb,- deyə heyfislənir. Rəşid Behbudov, Müslüm Maqomayev, Tükəzban İsmayilova, Nəzakət Məmmədova, Səyavuş Aslan, Nəsibə Zeynalova- hamısı onun yaddaşına həkk olunub. Yaxşı sənətkarlar hətta doxsan yaşlı nənəmin də yadından çıxmır.
Onun evdə öz yeri var. O yerdə heç kim oturmaz. Yoxsa nənəm küsər.
Nənələrin, babaların halı-huyu ilə bağlı ən gözəl misraları ustad şairimiz Zəlimxan Yaqub yazıb:
Sapa dönər, yumaq olar, bükülər,
Xalı kimi ilmə-ilmə sökülər.
Şüşə qəlbi parçalanar, tökülər,
Nənələrin ürəyinə dəyməyin.
Deməyin ki, bir ayağı gordadı,
Ömrü-günü əcəl adlı tordadı.
Nəvələrin nağıl payı ordadı,
Nənələrin ürəyinə dəyməyin.
Bir bulaqdı, içilməsə kor qalar,
Bir ocaqdı, közü sönər, qor qalar,
İldən-ilə saçlarında qar qalar,
Nənələrin ürəyinə dəyməyin.
Dağ olsa da, acı sözdən incələr,
Bucaq seçər, öz yerini künc eylər,
Şirin kəlmə qocaları gənc eylər,
Nənələrin ürəyinə dəyməyin.
Nənəmin heç nəyə olmasa da uşaq kimi sevgiyə çox ehtiyacı var. Sağına keçəsən, soluna keçəsən, saçına- başına sığal çəkəsən, uzundən öpüb, qəlbin alasan - istədiyi bunlardı. Bu sevgini də ona yollarında can qoyduğu övladları, nəvələri, nəticələri verir. Kiçicik bir nəvazişdən, mehribançılıqdan özünü xöşbəxt sayan nənəmi görəndə mən də uşaq kimi sevinirəm.
Təranə Əliyeva
Naxçıvan radiosunun əməkdaşı