Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin 50 illiyi AMEA Naxçıvan bölməsində qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin 50 illiyi münasibətilə konfrans keçirilib.

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər  Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsini mühüm tarixi hadisə kimi dəyərləndirərək qeyd edib ki,  dahi şəxsiyyətin  ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olub. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə alıb, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilib, müxtəlif təyinatlı müəssisələr yaradılıb, əhalinin işlə təminatı yaxşılaşdırılıb.

Ulu öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmayıb, bununla yanaşı elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaradıb.

Akademik vurğulayıb ki, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordumuzu yaradan Ümummilli liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazıb. Qısa zamanda Ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanılıb. Həmin illərdə Ümummilli liderin işləyib hazırladığı quruculuq xətti qısa zamanda ölkəmizdə ictimai-siyasi sabitliyin təminatına çevrilib, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunub.

Qeyd olunub ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Bunu ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. Muxtar respublika  inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar qədim diyarda makroiqtisadi sabitliyi bərqərar edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Sonra bölmənin əməkdaşları çıxış ediblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: