“Kanal 35” Televiziyası 15 yaşında - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində "Kanal 35” Televiziyasının yaranmasının 15 illiyi münasibətilə tədbir keçirilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə mətbuata qayğı ilə yanaşıb, kütləvi informasiya vasitələrinin yaradıcılıq imkanları xeyli artırılıb. Ötən əsrin 70-ci illərində Sovet rejminin sərt qadağalarına və senzuranın olmasına baxmayaraq Ulu öndərin milliləşdirmə siyasəti, milli özünüdərkə qayıdış sahəsində həyata keçirdiyi tədbirlər mətbuatı da əhatə edib, teleradio və mətbuatda Azərbaycan dilinin istifadə imkanları genişləndirilib, xalqımızın milli dəyərlərinin təbliğinə diqqət artırılıb. Ulu öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda müstəqil mətbuat formalaşmış, senzura ləğv edilib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Qeyd olunub ki, bu gün ölkə Prezidentinin diqqət və qayğısı ilə teleradio və qəzetlərin fəaliyyət istiqamətləri xeyli genişləndirilib.

Naxçıvan Muxtar Respublikasında da medianın inkişafı yeni dövrün çağrışları nəzərə alınaraq həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov teleradio və qəzetlərin fəaliyyətini daim diqqətdə saxlayır, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Muxtar respublika teleradioları dünyada bu sahədə tətbiq olunan ən müasir maddi-texniki bazaya, o cümlədən yayım avadanlıqlarına malikdir. Rəqəmsal və yüksək keyfiyyətli yayıma keçilməsi, İP televiziyanın tətbiqi, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması əhalinin keyfiyyətli informasiya ilə təmin olunmasına imkan verir. Görülən işlər “Kanal 35” televiziyasını da əhatə edib. 2004-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 35 illiyi münasibətilə yaradılmış televiziya ötən dövrdə mühüm inkişaf mərhələsi keçibdir.

Ülvi Hüseynli deyib ki, ötən dövrdə Ali Məclisin Sədrinin qayğısı ilə “Kanal 35” televiziyasının fəaliyyəti də xeyli genişlənib, efir vaxtı artırılıb, müasir televiziya avadanlıqları qurulub. Həmçinin televiziyanın yubileyləri qeyd olunub, əməkdaşlar mükafatlandırılıb. “Kanal 35” televiziyasının 15 illik yubileyinin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu gündə keçirilməsi mühüm əhəmiyyət daşıyır və məsuliyyəti daha da artırır. Ona görə də kollektiv fəaliyyətini bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov  “Kanal-35” Televiziyasının fəaliyyətindən bəhs edib, yubiley münasibətilə kollektivə təbriklərini çatdırıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 11 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında televiziya işi sahəsində səmərəli fəaliyyətlərinə görə “Kanal 35” televiziyasının 4 əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxış edənlərdən Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Kanal-35” Televiziyası və “Naxçıvanın səsi” Radiosunun baş redaktoru Elçin Əsədov, “Naxçıvanın səsi” Radiosunun bədii rəhbəri Səriyyə Alməmmədova və “Şərq Qapısı” Qəzetinin şöbə müdiri, “Kanal-35” Televiziyasının keçmiş əməkdaşı Səbuhi Həsənov bildiriblər ki, “Kanal 35” Televiziyası yayıma başladığı dövrdən etibarən əsas qayəsi tamaşaçılara elmi-publisistik məlumatların çatdırılması və maarifləndirmə işi olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan əməkdaşlara nişanları təqdim olunub. Təltif olunanlardan Rauf Əliyev əməklərinə verilən yüksək qiymətə və göstərilən etimada görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonda “Kanal 35” Televiziyasının fəaliyyətindən bəhs edən filmə baxış olub.

Aygün Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: