Ənənədən müasirliyə-Şəbəkə sənəti - FOTOLAR
Tarixin çətin sınaqlarından uğurla çıxan, minillərin tarixinə şahidlik edən bir məkan var-Naxçıvan. Muzeylər diyarı, tarix incisi, qədimlik və sənətkarlıq. Bu sənətkarlıqdan yaranan müasirlik. Qədim və həmişə cavan Naxçıvanda şəhərimizi bəzəyən bir sənət növü də var. Hamımızın tez-tez rastlaşdığı, bir anlıq dayanıb bu sənətin necədə möhtəşəm bir yaradıcılıq nümunəsi olduğunun fərqinə vardığımız şəbəkə sənəti.
Səbr sənəti
Bəzən bu sənət növünü işini bilən yaxşı ustalar “səbr sənəti”də adlandırır. Çünkü yüzlərlə, minlərlə taxta və şüşə parçalardan hazırlanan incəsənət nümunəsi heç də asan başa gəlmir və çoxlu səbr tələb edir. Bu sənət Azərbaycanın bir çox bölgələrində xüsusən Şəkidə və Ordubadda geniş yayılıb. Şəbəkə sözü tor və ya barmaqlıq mənasını verir. Ayrı-ayrı taxta parçaları yapışqan və dəmir mıx olmadan quraşdırılır. Hazırda da bu sənəti qoruyub yaşadanlar, yeniliklər gətirənlər çoxdur. Şəbəkənin hazırlanmasında, əsasən, fısdıq ağacından istifadə edilir ki, bu da onun elastikliyi ilə əlaqədardır. Şəbəkənin uzunömürlü olması üçün taxtalar bişirilir və qurudulur, daha sonra isə onlar incəliklə kəsilərək müəyyən formalara salınır. Həmin parçalar müəyyən həndəsi fiqurlar formasında yığılaraq əlvan rəngli şüşələrlə bəzədilir. “Cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü” və “bəndi-rumi” şəbəkənin ənənəvi formalarıdır. Əslində, şəbəkə bir çox elmləri özündə birləşdirir. Həndəsə, riyaziyyat hətta fizika kimi elmlər şəbəkə sənətində istifadə olunur. Şəbəkələrdən söhbət açılanda Naxçıvan şəhərindəki Xan sarayını, Ordubad şəhərindəki Came, Sərşəhər məscidlərini, eləcə də Naxçıvan şəhərindəki bir sıra tarixi abidələri xatırlatmamaq mümkün deyil.
Vaxtı ilə Naxçıvanın məşhur şəbəkə ustalarından olan Mehdi Mehdiyevin (XIX), Şahbuzlu Abuzər Bədəlovun (XVIII) sənət ənənəsi bu gün davam etdirilir. Tarixən Ordubadın hər bir məhəlləsindəki ictimai və dini binalarda istifadə olunan şəbəkə elementləri sənətkarların bu sahəyə marağını hələ ötən əsrlərdən artırıb. Ordubad rayonunda yaşayan, bu sənətin incəliklərinə dərindən bələd olan Cabir Cabbarov deyir ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən, monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Müsahibimiz deyir ki, Ordubadda bir çox tarixi abidələrdə, eləcədə ictimai binalarda şəbəkələrdən istifadə olunması təkcə dekorasiya və gözəllik deyil eyni zamanda bu şəbəkələr həmin binaların möhkəmliyi deməkdir. Çünki təbii fəlakətlər, zəlzələlər zamanı həmin şəbəkə taxtalar bir-birinə sıx bağlı olduğundan binanın uçmasının qarşını alır. Vaxtı ilə Ordubadda baş vermiş zəlzələ zamanı da məhz Ordubadın qədim Cümə məscdini necə deyərlər Tanrıdan sonra bu şəbəkələr qoruyub saxlayıb.
Tarixi abidələrdə şəbəkə
Qədim Naxçıvanın tarixi sənətkarlıq nümunələrini ecazkar edən amillərdən biri də abidələrimizin əksəriyyətində şəbəkə sənəti nümunələrinə geniş yer verilməsidir. Bu isə onu göstərir ki, bu sənətdən geniş istifadə Naxçıvanda Eldənizlər dövlətinin mövcud olduğu illərdən də əvvəllərə gedib çıxır. Çünki Möminə xatın və Yusif Küseyr oğlu türbələrində bu üslubda daş naxışları görmək olur. Hətta sonrakı illərdə Naxçıvanda ulu babalarımız tərəfindən tikilən tarixi binalarda-Gülüstan türbəsi və Xan sarayında eləcədə tarixi məscidlərdə şəbəkələrdən istifadə olunub. Mömünə Xatun, Yusif Küseyr oğlu və Gülüstan türbəsində daş şəbəkələrdən istifadə olunsa da, sonrakı mərhələlərdə memarlarımız taxta və güzgü şəbəkələrə üstünlük verib. Güzgü şəbəkəni xüsusi ilə Xan sarayında görmək mümkündür. XVII əsrdə inşa edilən sarayda qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 santimetr hündürlükdə səhnə tipli taxt yaradılıb. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilib. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənib. Zalın əzəmətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda əlvan çalarlara malik şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla, bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur. Ordubad rayonundakı tarixi Qeysəriyyə binasının qapı və pəncərələri demək olar ki, başdan-ayağa rəngli şüşə şəbəkələrlə işlənilib.
Ənənədən müasirliyə
Bu gün dünyada müasir şəhərsalma pirinsiplərində həmin şəhərin tarixiliyi, qədimliyi, milli memarlıq üslubu götürülərək inşa olunur. Bu qədim diyarımız Naxçıvanda da belədir. Diyarımızda tarixi abidələrin milli memarlıq üslubu qorunaraq bərpa olunması, onlarda şəbəkə elementlərinin saxlanılması əslində müasirliklə qədimliyin vəhdətidir. Bədii ənənələri hələ orta əsrlərdə formalaşan və az qala toxunulmaz-əlçatmaz meyara çevrilən el sənəti növlərinə müasir dövrdə əlavələrin edilməsi mümkünsüz görünsə də, yaradıcı təxəyyülü olan insanların yenilikçi cəhdləri təqdirəlayiq hadisədir. Lakin klassik ənənəyə uğurlu və müasir ruh verən sənətkarlarımız da az olmayıb. Naxçıvanda bu gün tikilən ictimai binalara və tarixi abidələrin bərpasına gətirilən yeni şəbəkə əlavələri ənənədən müasirliyə aid bir üslub yaradıb, desək yanılmarıq. Dizayn MMC tərəfindən hazırlanan şəbəkələrin yeni üslubu, yəni taxta istifadə olunmadan rəngli şüşələrin bir-biri ilə birləşməsi şəhərimizin ictimai və tarixi binalarına öz rəngarəngliyini qatır. “Kürə”, “Nar”, “Xaç”, “Qəndil”, “Fənər”, “Piramida” və başqa formalı şəbəkə-əşyaların hər birində memar-rəssam fantaziyası ifadə olunduğundan, onlar tamaşaçılar tərəfindən yüksək sənətkarlıq-heyrət qaynağı kimi qəbul olunurlar. Son illərdə memarlıq quruluşu saxlanılmaqla bərpa olunan tarixi abidələrdə, ictimai binalarda, bir sıra dövlət qurumlarının inzibati binasında, muzeylərdə, “Saat Meydanı” turistik istirahət kompleksinin üzlənməsi və bəzədilməsində müasir şəbəkələrdən-vitrajlardan istifadəyə geniş yer verilib. Elə bunun nəticəsidir ki, Naxçıvana gələn hər bir qonaq bu diyarın memarlıq üslubu ilə tikilən binalarına heyranlıqlarını gizlədə bilmirlər.
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı