İbrahim Safi elinin qonaqları - FOTOLAR

A- A A+

Bu yaxınlarda İbrahim Safinin izləri ilə, görkəmli rəssamın doğulduğu kəndə - Cəlilkəndə yönəldik. Düzdür, gələcəyimizi heç kəsə bildirməsək də, bu bizim diyarın insanına bizi qonaqpərvərliklə qarşılamasına mane olmadı. Biz böyük sevgi və sevinclə qarşılaşdıq.

Hər zaman İbrahim Safidən söz açılan kimi, hörmətli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyirdi, İbrahim Safinin atasının əmisi oğlu İsgəndər Səfiyev həyatdadır, maraqlı xatirələri ola bilər. Bu sözləri özümə kompas edərək, yönəldim “işıq” gələn tərəfə. İbrahim Safi haqqında əldə edəcəyim hər məlumat mənim üçün dəyərli materialdır.

Naxçıvandan, Şərura gedən yolda, sənətşünas Nizami Alıyev qalalar, ocaqlar, qədim tikililər, arxeoloji tapıntılar haqqında məlumat verir, marağımıza səbəb olan sualları həvəslə cavablayırdı.

Yol boyunca, yurdumun gözəllikləri, rəngləri, bizi yay fəslində də valeh edirdi. Biçilməmiş buğdanın qızılı rəngi görkəmli rəssam Van-Qoqun əsərlərinə bənzəyir, tarlalarda çalışan zəhmətkeşlər, yol boyunca öz məhsulunu təqdim edən kəndli tablosu yurdumun rifahından, sabitliyindən xəbər verirdi.

Cəlilkəndə çatar-çatmaz, Cəlil Məmmədquluzadənin Ev Muzeyi və ona paralel olaraq  yerləşən, qədim tikililərimizdən olan Buzxana bizi qarşılayırdı. Buzxananın açıq qapısından bizə boylanan xalq yaradıcılıq nümunələrimiz olan dəmir, mis üzərində döymə nümunələri diqqətimizi cəlb etdi. Sanki; Buyurun, gəlin, bizə də tamaşa edin kimi... Bizi içəriyə dəvət edirdilər. Yan keçə bilməzdik….İsti yay günündə, adı üstündə “Buzxana”da sərin, sakit və xoş aura ilə qarşılaşdıq. Bura dekorativ-tətbiqi sənət və xalçaçılıq emalatxanası kimi fəaliyyət göstərir. Bu məkanla tanış olduqdan sonra, kəndin mərkəzində yerləşən, 1990-cı illərdən fəaliyyət göstərən, bu gün hər şəraiti olan mağaza sahibindən İsgəndər kişinin evinin ünvanını soruşduq. Kənd sakini, əli ilə: ---

-Mədəniyyət evinin arxasındakı döngəyə dönən kimi, göy rəngli darvazadır, görəcəksiniz,- dedi

Çatmışıq deyə sevindik! Lakin, gəl ki, bu kəndin bütün darvaza-qapıları “göy” rəngdə olduğundan, bizdə bir qədər çaşqınlıq və təbəssüm oyatdı. Yolu soruşmaq üçün digər qapılardan bir az tündlüyü ilə fərqlənən darvazaya yaxınlaşaraq, oradakı insandan yolu soruşmaq istəyirdik ki, adamın İsgəndər bəyin nəvəsi olduğunu öyrəndik. Nəvəsi Rəşad  darvazanın qapısını açaraq bizi həyətə dəvət etdi. Darvazadan addımımızı içəriyə atan kimi, tanış, hətta doğma bir hiss məni bürüdü. Bu həyəti sanki bütün uşaqlığımı keçirdiyim, baba-nənə yurduma bənzətdim.

-Dayı! Qonaqlarımız var!

İçəridən, İsgəndər kişinin  oğlu  Qalib müəllimin  səsi, məni xəyallardan  reallığa qaytardı. 

-Xoş gəlmisiniz!

Qalib müəllim bizi gülər üzlə qarşılayaraq, tələsik, böyük talvarın altında yerləşən masanı boşaltdı.

-Buyurun əyləşin dedi. Biz əyləşərək, üzrxahlıq etmək istəyirdik ki, ev sahibi : Sizi tanıyıram Ülviyyə xanım və öz adımdan, Səfiyevlər adından muxtar respublika rəhbərinə və sizə İbrahim Safi irsini tədqiq etdiyiniz üçün təşəkkür edirəm. Ziyarət səbəbinizi də bilirəm, Anar (Anar İbrahimov –YAP Naxçıvan Təşkilatının icra katibi) müəllim demişdi gələcəyinizi, ana tərəfdən bizə qohumdular, İsa müəllimdə qohumumuzdur. Lakin atam çox xəstədir və xatirələrini unudub. Nə bilirəmsə yardım edərəm sizə,-dedi.

Bizimlə birgə səkkiz yaşlı balaca səyyah qonağımız da var idi, ona Səfiyevlərin barlı bağından, Naxçıvanın gözəl nemətlərindən toplamaq təklifi gəldi. Bir anda masamızın üzərində qırmızı qarağat, tut, ərik, alma, göycə və başqa  meyvələr yer aldı. İsgəndər kişi dünyadan xəbərsiz içəridə uyuyur, bizim gəlişimizdən xəbərsiz idi...

Oğlu deyir ki,  İsgəndər Səfiyevə qızı Məhəbbət xanım baxır.  Qalib müəllim özü vətənpərvər oğullardan biridir, desək yanılmarıq, Azərbaycanın çətin dövründə Ulu öndərimizin ideya platformasında dayanan ziyalılarımızdandır. O və Rəşad müəllim  İsgəndər kişinin  digər övladları oxumuş, savadlı insanlardı, demək olar hamısı paytaxtda qalır, tətil olan kimi yardım etməyə gəlirlər. Bu arada arxa qapı açılaraq, çaşqınlıq və sual dolu gözləri ilə Məhəbbət xanım həyətə daxil olur, bir qədər keçdikdə, qardaşının: gəl, qonaqlarımız var, səsini eşidib, gülümsəyərək, xoş gəliblər! Dedi.

Bu gözəl insanlarla söhbətimiz zamanı, düşünürəm ki, əsillik, mədənilik hər kəsə irsi olaraq ötürülür. Bu insanlar nə qədər səmimi, ziyalı, qonaqpərvərdirlər. Bu fikrə hələ Bakıda İbrahim Safinin qardaşı nəvəsi Elşad müəllim və Dilşad xanımla tanış olduqdan sonra düşmüşdüm. İstər istəməz, İbrahim Safi haqqında yazılanlar gəlırdi gözümün önünə. İbrahim Safi, çox fərqli bir insan olub, qamətli, təmkinli idi. Digər rəssamlara bənzəmirdi, səliqəli və sadə geyimi ilə fərqlənirdi. Demək olar, etüdə gedən zaman belə şux geyimdə, qalstuk taxar və şlyapasını qoyardı.

Çox hayıf ki, İsgəndər Səfiyevlə danışa bilmədik... Nə söhbətlər, nə xatirələr var idi onda? Axı o, əfsanəvi rəssam İbrahim Safinin doğma əmisi oğludur!

İsgəndər Səfiyev  1926-cı ildə Cəlilkənddə doğulub. Mühəndis olub, Naxçıvan Su Tikinti İdarəsində, sonra isə “Arpaçay” Su Tikinti İdarəsində müxtəlif vəzifələrdə işləyib.

Bəlkə də, aralarında iyirmi səkkiz yaş fərqi olan Rəhman (İbrahim Safi 1898-1983) haqqında İsgəndər bəyin maraqlı söhbətləri var  idi.

Məhəbbət xanım əlində bir şəkillə qayıtdı: “O zaman atam və elə o dövrün adamları, başqa ölkələrə mühacirət edən qohumlarını axtarmağa çəkinir, qorxurdular. Bu isə bizim nəslin Cənubi Azərbaycanda yaşamış, tanınmış nümayəndəsidir”- deyib əlindəki şəkli bizə uzatdı. “Şəklin sol tərəfindəki atamdır -deyə davam etdi,  Əkbər Hüseynqulu oğlu Səfiyev, ailəliklə İrana sürgün olublar. Cənubi Azərbaycanın tanınmış göz həkimi-cərrah idi. İranın son şahı Rza Pəhləvinin şəxsi həkimi olub. Bu foto,  90-cı illərdə, atam İrana, Əkbər əmimin yanına göz əməliyyatı üçün gedəndə çəkdiriblər. Atam deyərdi ki, Əkbər bəy Vətəni - Naxçıvanı üçün çox darıxırdı, bura gəlmək üçün sənədləri belə hazır idi, lakin qəfil ölümü buna mane oldu.... Əkbər həkimin, yoldaşı da göz həkimi idi, iki övladları var , ABŞ-da yaşayırlar. Qızı Minə xanım göz həkimi, oğlu Firudin isə universitetlərin birində professor kimi fəaliyyət göstərirdi”.

Söhbətimizin bu anında Qalib müəllim: “ Uzun yol gəlmisiniz, amma istəsəniz babam-Tağı Səfiyevin evini, məzarını birgə ziyarət edə bilərik”, - dedi.

Doğrusu bu təklif bizi sevindirdi.  Tağı Səfiyevin evinin  hasara birləşmiş, giriş darvazası yanında balaca bir pəncərə var idi. Görünür ev sonradan təmir olunub, bu pəncərə isə köhnə tikilidən qalırdı. Bu pəncərənin önündə şəkil çəkdirmək təklifi Məhəbbət xanımdan gəldi. “Bu pəncərə, dahi ədib Mirzə Cəlilin və Tağı bəyin qarşısında oturub küçəyə baxdıqları pəncərədir”, -deyə vurğuladı.

Darvazadan içəri keçdik, bir az gəzəndən sonra, evin önündəki böyük tut ağacını göstərərək, bu tut elə o dövrdən qalıb, azı 300 yaxın yaşı var-dedilər... Bu tutdan mütləq dadmalıyıq! Və yerə enən budaqlarından hərəmiz bir tut meyvəsi qopardıq. Tutu yedikcə özüm-özümə,  görəsən bu tutdan böyük Mirzə Cəlil və Tağı bəy yeyiblərmi,  sualını  verdim? Və özüm də dərhal cavablayaraq:- Əlbətdə yeyiblər...

Tağı bəyin evinin aşağı hissəsində, hasardan sonra yaşı 500-dən artıq olan böyük bir tut ağacı var, hər kəs oranı “dilək ağacı-ocaq” bilib, arzu tutur, gövdəsinə və budaqlarına nəzir bağlayırlar. Bu ayinlər bizə, qədimdən qalan maraqlı bir yadigardır desək, yanılmarıq...Axı ağacın müqəddəsliyi barədə, bu totemin stilistik - simvolik obrazı bizim məişətimizdə, nağıllarımızda, sənət əsərlərimizdə və tariximizdə böyük rolu var.

Tut ağacının yaşını biləndən sonra, İstanbula, İbrahim Safi izi ilə getdiyim yollarda, onun marşrutu ilə səyahətimdə, keçirdiyim həyəcan hisləri məni bürüdü. Bu məhəllənin hamısı Səfiyevlərin böyük tayfasına məxsus idi....

Bir anlığa gözümün önünə, köhnə, tozlu məhəllə və tut ağacının yanında, daşın üzərində oturmuş balaca Rəhman Səfiyevi (İbrahim Safi) canlandırdım. Əlində uzun bir şiv çubuq, torpaqlı, tapdanmış yolda, tut ağacını cızma-qara edir, alınmayanda isə əlindəki çubuqla, uşaqlara xas olan şiltaqlıqla silir və yenidən çəkirdi...

Buradan ayrılaraq, məzarlığa yollandıq. Məzarlıqda ilk işimiz, ermənilər tərəfindən qətlə yetirilərək öldürülən, İbrahim Safinin babası Nəsrulla xanın məzarını ziyarət etmək oldu. Qəbrisanlığın “Köhnə” deyilən yerində, məğrur duruşu ilə “Nəso” xan bizi qarşıladı. Köhnə və artıq sərdabəsi çökmüş olsa da, baş daşının rəngi və monumentallığı ilə fərqlənirdi. Nəsrulla xanın ruhuna fatihə oxuyub, bir xeyli uzaqda yerləşən Tağı bəyin uyuduğu məkana çatdıq. Övladları hörmət mənasında məzarları yeniləmiş, atalarının hər kəsin tanıdığı, bildiyi Səfiyev soyadını Səfibəyliyə dəyişmişdilər. Yanımızda gələn olmasaydı, tanımayaraq geri qayıdacaqdıq. Lakin yenilənmiş məzarların yanında, baş daşının bir qədər qədimliyini göstərən, ərəb əlifbası ilə yazılmış əsl baş daşını görmək mümkün idi. Fikrimcə, bu məzar daşını Tarix Muzeyinə də vermək olardı. Yan-yana məzarlarda uyuyan  Tağı bəy  və xanımının baş daşlarını geridə qoyaraq, məzarlıqdan çıxdıq.

Onu da qeyd edim ki, Səfiyevlərin bir ənənəsi vardı- onlar kənardan qız almazdılar, yalnız qohumları olan ailənin qızı ilə evlənərdilər. Ona görə də bir çoxunun həm ər, həm arvadın soyadları eyni olardı.

Uzaqdan məzarlığa baxaraq, düşündüm: Görəsən Rəhmanın ( İbrahim Safi) ruhu bu gün buradadır? Görəsən o, qovuşubmu həsrəti olduğu diyara, qohumlarına? Görəsən onları ziyarət edən olurmu? Fikrimcə bu gün, bütün dünyasını dəyişmiş Səfiyevlər və böyük ustad İbrahim Safi orada idilər. Ürəyi vətənlə çırpınan İbrahimin ruhu, bu gün bizimlə Cəlilkənddə, öz doğma yurdunda idi.

Deyirlər dünyasını dəyişmiş insanlar, onları unutmadığımız zaman yaşayır. Mən isə İbrahim Səfini Cəlilkəndə gətirdim...

P.S. Naxçıvana dönən yolda Qudi Xatının Türbəsini də ziyarət etdik. Mənim üçün İbrahim Səfi yolu davam edir.

Ülviyyə Həmzəyeva

Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: