Şərur ərazisində çoxlu arxeoloji abidələr, o cümlədən qədim yaşayış yerləri-mağaralar, kurqanlar, nekropollar, qala divarları və başqa maddi-mədəniyyət qalıqları var. Hazırda bu arxeoloji abidələrin bir çoxunda geniş qazıntı işləri aparılır.
Tədqiq olunan qədim yaşayış məskənləri içərisində Qazma mağarası xüsusi tarixi əhəmiyyət kəsb edir. Tənənəm kəndində yerləşən bu mağara muxtar respublikanın ərazisində ən qədim insan düşərgəsi olaraq, Orta Paleolit dövrünə, yəni eramızdan 60-80 min il əvvələ aid edilir. Qazma mağarasında ilk tədqiqat işlərinə 1983-cü ildə arxeoloq Məmmədəli Hüseynov başlayıb və 1990-cı ilə qədər bu işi arxeoloq Əsədulla Cəfərov davam etdirib. Mağarada aparılan qazıntı işləri nəticəsində tariximiz üçün çox qiymətli olan arxeoloji tapıntılar aşkara çıxarılıb.
Şərurun arxeoloji abidələrindən biri də Dizə kəndi ərazisində yerləşən Ovçular təpəsidir. Bu qədim yaşayış yeri Arpaçayın sol sahilində, çox da hündür olmayan təpənin üzərində yerləşir. Qədim əkinçilik və maldarlıq mədəniyyətini özündə əks etdirən Ovçular təpəsində yaşayış e.ə. IV minilliyin əvvəllərindən başlamış və III minilliyin sonlarına qədər davam etmişdir. Ovçular təpəsi tariximiz üçün çox önəmli olan arxeoloji abidələrdən biridir. 2007-ci ildən etibarən Şərur ərazisindəki bir çox abidələrdə, o cümlədən Ovçular təpəsində daha genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Ovçular təpəsində aparılan qazıntının ümumi sahəsi 500 kvadratmetri əhatə edir. Ekspedisiyanın tərkibində xarici ölkələrdən gələn arxeoloqlarla yanaşı, Azərbaycan MEA-nın və onun Naxçıvan Bölməsinin təcrübəli arxeoloqları da iştirak edirlər. Burada aparılan arxeoloji qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrünə aid möhrədən və kiçik çay daşlarından hörülmüş yaşayış evlərinin qalıqları, taxıl məhsullarını saxlamaq üçün quyular, gildən hazırlanmış müxtəlif məişət avadanlıqları, eyni zamanda əkinçilikdə istifadə olunan əmək alətləri aşkar edilib.
Şərurun arxeoloji abidələri içərisində Oğlanqala öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edir. Bu arxeoloji abidə Arpaçayın sağ sahilində, eyni adlı kəndin ərazisindəki Qaratəpə dağının üzərində yerləşir. Xatırladaq ki, Qaratəpə dağı bütövlükdə qara mərmər terraslarından ibarət olub, yuxarı hissəsi yastan şəkillidir. Qədim yaşayış yerinin ümumi sahəsi 40 hektardan çoxdur. Tarixi mənbələrdə Oğlanqala abidəsinin e.ə. II-I minilliyə aid olduğu, eyni zamanda, tikili baxımdan Assuriya qala tikililərinə bənzərliyi bildirilir. Oğlanqala abidəsində ilk dəfə 1936-cı ildə arxeoloq Ələsgər Ələkbərov, 1970-ci illərdə Vəli Əliyev tərəfindən kəşfiyyat xarakterli qazıntı işləri aparılıb, 1980-ci illərin sonlarında arxeoloq Vəli Baxşəliyev Oğlanqalada daha geniş qazıntı işlərinə başlayıb. 2007-ci ildən etibarən Vəli Baxşəliyevin və Səfər Aşurovun rəhbərliyi ilə Oğlanqalada beynəlxalq ekspedisiya genişmiqyaslı qazıntı işləri aparır.
Bu il ABŞ-Azərbaycan müştərək Beynəlxalq Arxeoloji Ekspedisiyası qədim şəhər-dövlətin mərkəzi olan Oğlanqala yaşayış yerində yenidən tədqiqat işləri həyata keçirir. 400 kvadratmetr ərazidə aparılan qazıntı işlərinə may ayının 20-dən başlanılıb. Tədqiqatların əsas məqsədi isə Naxçıvanın antik dövrə aid tarixi və mədəniyyətinin öyrənilməsidir.
Qeyd edək ki, Oğlanqala eramızdan əvvəl IV əsrdə Azərbaycanda formalaşan Atropatena dövlətinin əsas inzibati, siyasi mərkəzlərindən biri olub. Ötən illərdə qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı Atropatena dövrü ilə bağlı müəyyən tapıntılar əldə edilsə də, həmin dövrə aid yaşayış binalarının, qala divarlarının planları tamamilə aşkara çıxarılmayıb. Ancaq builki tədqiqatlar zamanı ərazidə antik dövrə aid yaşayış binalarının qalıqları, qəbir abidələri və müxtəlif formalı keramika nümunələri aşkar edilib.
ABŞ-ın Pensilvaniya Universitetinin tarixçi alimi, arxeoloq Lauren Rissvet bu yaşayış yerinin böyük sahəyə malik olduğunu və Oğlanqala mərkəz olmaqla, ərazidə bir çox qala-şəhərlər yerləşdiyini bildirib, buranın bütün Qafqaz regionunun mərkəzlərindən biri olduğunu və mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını qeyd edib. Aparılan arxeoloji qazıntılar Oğlanqala abidəsinin açılmamış sirləri haqqında çox şeyləri deyəcəkdir.
Məlumdur ki, son illər muxtar respublikamızın ərazisində olan qədim arxeoloji abidələrin öyrənilməsi, ulu babalarımızdan bizə əmanət kimi qalmış xeyli sayda tarixi abidənin bərpa olunması istiqamətində xeyli işlər görülmüşdür və bu tədbirlər davam etdirilir. Bu, qədim tariximizin, keçmişimizin daha dəqiq və ətraflı öyrənilməsi, təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ərmağan edilməsi baxımından da təqdirəlayiqdir.
Allahverdi ƏSGƏRLİ,
Ələkli kənd tam orta məktəbinin tarix müəllimi