Bir Nəsimi küləyi əsdi ruhuma

A- A A+

Orta dövr ədəbiyyatımızın dayağı sayılan, örnək şairlərimizdən biri də İmadəddin Nəsimidir. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Nəsimini şeirləri qabaqcıl ideyalarına görə həmişə təqiblərə məruz qoyub. Şairin dərviş həyatı, yaydığı ideyalar , söylədiyi şeirləri xalqa onu sevdirsə də, hakim zümrələrə düşmən kəsdirdi. Hüseyin Bayqaranın vəziri Kəmaləddin Hüseyin “Aşiqlər məclisi” əsərində qeyd edir ki, Nəsiminin sözlərini başa düşmədilər, halbuki onun kəlmə və hərfləri incilər kimi kənara dağılırdı.

Nəsimini xalqa sevdirən tək yaradıcılığı olmamışdır. Bu xüsusda onun əzmli, döyüşkən ruhlu, mübariz həyatı da mühüm rol oynadı. Çox az şairə qismət olur ki, həm şəxsiyyəti, həm yaradıcılığı eyni dərəcədə sevilsin. Nəsiminin “dinsiz”, “kafir” damğası ilə dərisini soyarkən belə göstərdiyi əzmkarlıq onu yaddaşlarda əbədi yaşadır. Bu hadisə əfsanəvi bir hal kimi sonrakı dövr ədəbiyyatımıza da təkan verir. Şairlər, nasirlər Nəsimi rəşadətini örnək göstərən əsərlər yazırdılar.

 

Mən aşiq soy iləndir.   

Şahmar da soy ilandır.

Nəsimi tək bu aşiq

Yolunda soyulandır.

 

Nəsiminin dərisinin soyulması, öz yolunda mübariz  mücadiləsi artıq bir təşbeh yaratdı ədəbiyyatımızda...

Nəsimi yaradıcılığında hürufi ideyası sufi ideyasından daha çox materializmə yaxınlaşır. Sufilər məhəbbətə, qəlbə, hürufilər isə ağıla üstünlük verirdi. Nəsimi yaradıcılığı hər iki təriqət yolundan keçib. Şairin yürütdüyü ideya insan ağlının yüksək məqama yetişməsindən, insanın öz idrakı ilə haqq mərtəbəsinə yüksələ biləcəyindən ibarət idi. Şairin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhərü-laməkan mənəm, kövnü-məkana sığmazam” qəzəlində də insanın ikili xarakterindən, həmişə bu ikili dünyası arasında çıxılmaz vəziyyətindən, cismani və mənəvi varlığın bir-birinə olan ziddindən bəhs edib.

Nəsimi yaradıcılığını başdan-başa təriqət ədəbiyyatının nümunəsi sayanlar da yanılır. Şairin yetəri qədər real məhəbbətin tərənnümünə həsr etdiyi şeirləri də var. Fikrin təzadları üzərində qurulan “Etməgil” şeirindən bir parça nümunə gətirmək yerinə düşər:

 

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil!

 

Və yaxud:

 

Düşdü yenə dəli könül gözlərinin xəyalinə

Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?

Al ilə ala gözlərin aldadı aldı könlümü

Alini gör nə al edər, kimsə irişməz alinə.

 

Bu şeirində Nəsimi cinas sözlərdən istifadə edərək klassik şeir janrını aşıq şeir janrı qədər axıcı, ahəngdar edib. “Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır” deyən təzkirəçi Lətifi Nəsimi yaradıcılığını yeni bir ədəbi – tarixi hadisə adlandırıb.

Nəsimi irsi öz dövründən indiyədək tarixçilərin, tədqiqatcıların, yazarların diqqət mərkəzində olub. Bu il biz Nəsiminin 650 illiyini qeyd edirik.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustadın yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin mədəni irsinin təbliğinə çox böyük töhfədir.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: