Uşaqlar bizlərin, xalqımızın və dövlətimizin gələcək davamçıları və varisləridir. Məhz bu baxımdan hər bir dövlət və cəmiyyət gələcəyini sağlam təməllər üzərində qurmaq üçün uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən mühüm vəzifələrindən biri hesab edib.
Bu gün respublikamızda da uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikasında uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da daim diqqət mərkəzində saxlanılır, sosial müdafiələrinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür, bayram günlərində və əlamətdar günlərdə onların görüşlərinə gedilir, hədiyyələr verilir, problemləri araşdırılaraq həll olunur, zəruri ehtiyacları təmin olunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün görülən işlərdən biri də onların asudə vaxtlarının səmərəli keçməsi məqsədilə təşkil olunan “Yay məktəbi” olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil olunan üç günlük “Yay məktəbi” başa çatıb. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə aztəminatlı ailələrdən olan uşaqlar, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, ümumilikdə 45 uşaq iştirak edib.
2019-cu il 28 iyun tarixdə başlayaraq iyul ayının 1-də başa çatan, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə iştirak edən uşaqlardan bir neçəsi ilə həmsöhbət olduq və onların bu gəzinti haqqındakı fikirlərini öyrəndik. Uşaqlardan ilk olaraq Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin 8-ci sinif şagirdi, valideyn himayəsindən məhrum Ural Əmirovun fikirlərini öyrəndik. O, bildirdi ki, mənə və qardaşıma daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Artıq bundan neçənci dəfədir ki, qardaşımla birlikdə “Yay məktəbi”ndə iştirak edirəm. Burda olmağı çox sevirəm. Çünki vaxtımız burda əyləncəli və maraqlı keçir. Ağbulağın təbiətindən, yaşıllığından, təmiz havasından zövq alırıq. Burada maraqlı oyunlar oynayır, keçirilən müsabiqələrdə və yarışlarda həvəslə iştirak edirik. Həmçinin qeyd etdi ki, istirahət müddətində keçirilən müsabiqələrdə və oyunlarda fəal iştirak etdiyinə görə qardaşı Əmirov Uran diplomla təltif olunub.
Digər həmsöhbətimiz Şərur şəhər 1 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi, şəhid övladı Nuray Cəfərli oldu. Nuray ilk dəfə idi ki, “Yay məktəbi”ndə iştirak edirdi. O fikirlərini bizimlə bölüşərkən çox sevincli və həyəcanlı idi. Nuray dedi:
Mən burda ilk dəfə iştirak edəcəyim üçün əvvəl nə olduğunu tam olaraq bilmirdim. Amma bu üç gün mənim üçün çox maraqlı oldu. Özümə yeni dostlar qazandım, onlarla maraqlı oyunlar oynadıq, müsabiqələrdə iştirak etdik, qızlarla birlikdə ip oynadıq. Ən çox xoşladığım isə stolüstü tennis oynamaq oldu. Bundan sonra hər il belə yay məktəblərində iştirak etmək istəyərəm.
Tətildən razı qalanlardan biri də Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, aztəminatlı ailədən olan Xeyrənsə Məhərrəmova idi. Xeyrənsə də “Yay məktəbi”ndə ilk dəfə iştirak edirdi. O bildirdi ki, bura o ailəsi ilə birlikdə də gəlib, lakin dostları ilə burda olmaq daha maraqlıdır. Xeyrənsə dedi:
Biz burda hamımız birlikdə maraqlı oyunlar oynayırıq, müsabiqələrdə iştirak edirik, tarixi kinolara baxırıq və istirahətimiz maraqlı keçir. Ayrı-ayrılıqda nəyi daha çox xoşladığımı deyə bilmərəm, çünki burada hər şey, bizlər üçün yaradılan şərait çox gözəldir. Mən bütün bunlara görə dövlətimizə öz adımdan və ailəm adından minnətdarlığımı bildirmək istəyirəm.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi, qaçqın ailəsindən olan Aytac İmamquliyeva da bizimlə öz “Yay məktəbi”ndəki xatirələrini bölüşdü. Aytac dedi:
Bizim istirahətimiz çox yaxşı keçdi. İstirahət müddətində özümüzə yeni dostlar qazandıq, onlarla maraqlı oyunlar oynadıq. Bizə istirahət müddətində çox dadlı yeməklər verilirdi. Həmçinin nəzarətçi müəllimələrimiz bizə çox yaxşı, mehriban davranır, hər qayğımıza qalırdılar. Bu “Yay məktəbi”ndə biz bolluca istirahət etdik və bu istirahətin nəticəsində biz yeni dərs ilinə daha açıq beyinlə, parlaq zəkayla başlayacağıq. Mənim bir qardaşım da var. Mən burda olan xatirələrimi qardaşıma danışdım və gələn səfər oda burada iştirak etməyi çox istəyir.
Digər həmsöhbətimiz isə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi, valideyn himayəsindən məhrum Hicran Ağayev oldu. Hicranı ən sevindirən məqam isə “Yay məktəbi”nin digər bir iştirakçısı olan Eminlə tanış olub dost olması idi. O bildirdi ki, dostu Eminlə birlikdə gün ərzində maraqlı məşğələlərdə iştirak edirlər, hər səhər yuxudan oyanıb səhər idmanı edirlər, digər oğlanlarla birlikdə futbol oynayırlar, gəzintiyə çıxırlar.
Daha sonra isə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin 7-ci sinif şagirdi, ata himayəsində yaşayan Emin Mirzəyevlə danışdıq. Emin dedi:
Mən də bütün yoldaşlarım kimi burada olmağıma çox sevinirəm. İstirahətimiz çox gözəl və səmərəli keçir. Biz burada həm doyunca dincəlirik, həm də öyrənirik. Bizə nəzarətçi müəllimlərimiz mütaliə saatında “Oxunması zəruri olan kitablar”dan verirdilər. Mən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabından bir qədər oxudum və bir çox məlumatlar öyrəndim. Eyni zamanda mənim idmana da həvəsim var. Buna görə də orada oynadığımız idman oyunlarını da çox həvəslə və sevinərək oynadım.
Kəngərli rayon Xok kənd tam orta məktəbinin 7-ci sinif şagirdi, aztəminatlı ailədən olan Zaman İsayev də dostları ilə eyni fikirdə idi. Zaman bildirdi ki, o da “Yay məktəbi”ndə ilk dəfə iştirak edən uşaqlardandır. O, vatının çox əyləncəli və səmərəli keçdiyini dedi. Zaman bizə istirahət müddətində iştirak etdiyi oyun və əyləncələrlə yanaşı, həm də bildirdi ki, “Vətən mənim üçün əziz və müqəddəsdir” mövzusunda keçirilən esse müsabiqəsində də iştirak edib və diplomla təltif olunub. Həmçinin o, bütün bu xatirələrini dostlarına, ailəsinə və sinif yoldaşlarına danışacağı üçün də çox sevincli idi.
Uşaqlarla görüşümüzün yekununda belə bir qənaətə gəldik ki, bu ilki yay məktəbi istər fiziki, istərsə də mənəvi və psixoloji baxımdan uşaqların hər birinin yaddaşına gözəl xatirə kimi dərin izlər buraxmışdır. Bütün bunları, necə şən və xoş əhval-ruhiyyədə olduqlarını onlarla söhbətimiz zamanı gözlərindən oxumaq olurdu.
Həmsöhbət olduğumuz və digər uşaqlar, həmçinin onların valideynləri, himayədər və qəyyumları da istər uşaqları yola salarkən, istərsə də qarşılayarkən uşaqlara göstərilən bu qayğıdan öz razılıqlarını ifadə edərək, dövlətimizə bu diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti