Əvvəlcə gündəlik mətbəximizdə daha çox yer tutan soğanın faydaları haqqında: Tərkibi A, B, C vitaminləri, maqnezium, kalsium, azot, fosfor, kükürd və orqanizmə gərəkli olan digər minerallarla zəngindir. Bədəndə müqaviməti artırır, zehni və fiziki gərginliyi aradan qaldırır, ürək-damar, qan, şəkər xəstəlikləri üçün faydalıdır, böyrək ağrılarını sakitləşdirir, bu orqandakı qumların və daşların tökülməsinə kömək edir. Antioksidantdır, qaraciyərin fəaliyyətini, həzmi, qanı təmizləyir.
Şərur rayonunda ta qədimdən bu qiymətli tərəvəzin əkininə həmişə üstünlük verilib. Eyni ənənə bu gün də davam etdirilir, ən əsası, əkin və becərmə zamanı müasir aqrotexniki yeniliklər tətbiq olunur. Belə ki, əkin və becərmə tədbirləri xüsusi texnikanın gücü ilə həyata keçirilir, suvarmada çiləmə üsulu tətbiq olunur ki, bütün bunlar da məhsuldarlığın yüksək olmasına gətirib çıxarır.
Bu ilin məhsulu üçün rayonumuzun kəndlərində 150 hektardan artıq soğan əkilib. Havaların həddindən artıq isti keçməsinə baxmayaraq, sahələrdə inkişaf normal gedir, xəstəliklərə, demək olar ki, rast gəlinmir. Çünki bu məqsədlə də qabaqlayıcı tədbirlər görülür.
“Şərurun səsi” qəzeti