Dönək, bir də uşaq olaq, qardaşım

A- A A+

Nədənsə son zamanlar xəyalən qayğısız uşaqlığıma daha çox qayıdıram. Bəlkə də bunu bilərəkdən istəyirəm...

Həyatın uşaqlıq dövrü də, uşaqlıq oyunları da fərqlidir. Üst-başları toz-torpaq içində olsa da, ürəklərindəki məsumluğu, saflığı qoruyub saxlayan, qalıb gələndə ürəkdən sevinən, uduzanda, cığallıq edib  özünü haqlı sayan uşaqlar..

Mənim uşaqlıqda çoxlu təzə paltarlarım, oyuncaqlarım olmayıb, yatıb-oyanan gəlinciklərə həmişə həsrətlə baxmışam. Çünki müəllim atamın aldığı məvacib o zaman evin ehtiyaclarını  ödəməyə ancaq yetirdi. Bizim uşaq arzularımıza istəsə belə qanad verə bilməzdi.

Hərdən bu günün uşaqlarını qısqansam da, öz uşaqlığımı heç nə ilə dəyişmərəm. Çünki biz dostlarımla  birlikdə gəlinciklərimizi  özümüz düzəldirdik. İki-üç qırıq çubuq, bir palto düyməsi, kömür qarası, rəngli, xırda parçalar xəyallarımıza uyğun gəlincik düzəltməyimizə bəs edərdi.  Ona bacardığımız kimi kiçik paltarlar tikər, dərzilik sənətinin “ ilk addımlarını” elə o vaxtdan atardıq. Hətta, məncə qonaq qarşılamağın, süfrə açmağın, qonşu münasibətlərinin ilk sirlərini də həvəslə oynadığımız “Xala-xala” oyunundan öyrənmişik.

Bizim dövrümüzün gözəl oyunları vardı. Bəziləri indi də yaşayır. Uşaqlar bəzən başlarını kömpüterdən, telefondan qaldırıb o oyunlara üz tuturlar.

Sinif yoldaşlarımla, məhəllə uşaqları ilə dərsdən sonra, tətil günləri oynadığım oyunlar vardı. İndinin özündə də uşaqlığa dönmək iqtidarında olsam, onları yerli-yerində, olduğu kimi oynardım. “Qəcəmədaş”, “Evdə kim var “, “Yeddidaş”, “Bir top, bir can”, “Çilingağac”, “İllə-illə”, “Ciqerəqatdı”- saymaqla qurtarmayan, hərəkətli, zehni təmizləyən, düşündürən nə qədər uşaqlıq oyunlarımız vardı...

Mən toz-torpağında da, oyunlarında, bu oyunlarda başıma gələn kiçik “qəza”larında da özümü tapdığım uşaqlığım üçün çox darıxıram...

Uşaqlarla, bacı-qardaşımla tez-tez küsüb barışmağımız üçün, başım qarışıb evə gec gələndə anamın gözağartması, dilucu etdiyi qarğışlar üçün darıxdım..

Atamın bircə baxışı, kəlməsi bizim küçədən evə qaçmağımıza yetərdi. Qardaşlarımdan etdiyim şikayətlərimi dinləməsi, onlara  “qulaqburma” verməsi üçün çox darixıram...

Bu, mənim illər öncə yaşadığım yaşantıların, qanadlarında uçmaq istədiyim uşaqlıq xəyallarımın çox az bir hissəsi, sözə dönüb misralaşan, şeirləşən düşüncələrimdi:

Xəyal uçdu, ötüb gedən çağlara,
Yenə gedək gül-çiçəkli bağlara,
Dərdi verək, dərd çəkənə, dağlara,

Cığırlara gəl iz salaq, qardaşım!
Dönək bir də uşaq olaq, qardaşım!

 

Ərköyün ol, “sitəm” elə bizlərə,
Gülüşünlə sevinc çilə üzlərə,
Qovum səni, qaçaq geniş düzlərə,
Atam baxsın, susub, qorxaq, qardaşım. 
Dönək bir də uşaq olaq, qardaşım!

 

Sən küçədə futbol oyna, yorul gəl,
Döyül yenə, başı-gözü yarıl, gəl,
Gizlənqaçda gizlən, sonra tapıl, gəl!
Yeddidaşçün daşlar tapaq qardaşım,
Dönək bir də uşaq olaq, qardaşım!

 

Gizlicə tik şalvarının dizini,
Anam bilsə, vallah “oyar” gözünü,
Dediyi o,“Vırğın vursun”- sözünü
Gözümüzün üstə qoyaq, qardaşım, 
Dönək bir də uşaq olaq, qardaşım!

 

Qar yağanda buz üstündə sürüşək,

Soba yansın ətrafında büzüşək,

Novruz gəlsin bir süfrədə görüşək,

Xoş anları bir-bir sayaq, qardaşım, 
Dönək bir də uşaq olaq, qardaşım!

 

Anam səni təndir üstə çağırsın,

Çöçə üçün yağlı xəmir yoğursun,
Siz istəyin , yenə  buğda qovursun,
Hər üçünüz bizə dayaq, qardaşım, 
Dönək bir də uşaq olaq, qardaşım!

 

Yeməkdən küs, ver payını yeyim mən,
Hərdən sənin paltarını geyim mən,
Günahını, gəlsin atam, deyim mən,
Qoy burulsun yenə qulaq, qardaşım, 
Dönək bir də uşaq olaq, qardaşım!

 

Sözlərimə qulaq asib gülərsən,
Gözün dolar, sən gizlicə silərsən,
Övladına elə- belə deyərsən,
Biz olmuşuq belə uşaq, qardaşım,
Dönək bir də uşaq olaq, qardaşım!

 

Uşaqlara nağıl danış, gop elə,
Nağılında alma düşsün, tap elə,
Ürək deyir, könül deyir, lap elə
Duraq gedək, uşaq olaq, qardaşım,
Dönək bir də uşaq olaq, qardaşım!

 

Təranə Əliyeva

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: