Pərpərən, pərpətöyün, gəlinbarmağı kimi müxtəlif adlarla tanınan bu bitki Şahbuz rayonunun bağ və bostanlarında yabanı halda geniş yayılmışdır. Bitkinin tərkibi qlükoza, saxaroza, zülallar, qlaktoza, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və A, B1, B2, K, PP, E vitamini ilə olduqca zəngindir.
Torpaq üzərində yayılan və yaxud dik qalxan formada, ikihissəli, yəni, gövdə və yarpaqlardan ibarət olan ətirli ot bitkisidir. Gövdəsinin aşağı hissəsində yerləşən yarpaqları növbəli, yuxarıdakılar isə qarşı-qarşıya düzülür. Çiçəkləri xırda sarı, qırmızı rəngdə, tək-tək və ya topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Qumabənzər toxumları isə tünd bozumtul və yaxud qara rəngdədir. Bitki iyun ayının sonlarından etibarən bağçalarda göyərməyə başlayır.
Demək olar ki, uşaqlardan tutmuş yaşlılara qədər hamı üçün olduqca çox faydalı bir bitkidir. Qida vasitəsi kimi cavan zoğlarından və yarpaqlarından geniş istifadə olunur. Pərpərən mülayim yandırıcı və turşməzə dada malikdir. Mədə-bağırsaq, əsəb gərginliyi, zəiflik əleyhinə, zob, qaraciyər xəstəlikləri, beynin inkişafı, göz zəifliyi üçün istifadə oluna bilən bu bitki həm də gözəl dadı olan qida vasitəsidir. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin vardır ki, bunun hesabına da insanda yaranan yüksək qan təzyiqini aşağı salmaq olar.
Yay fəslində bol-bol yeyildikdə bədəndə toplanmış artıq xolesterini yandırır. Tərkibi uşaqlar üçün vacib element olan omeqa 3-lə zəngindir. Bu da uşaqlarda beynin inkişafı üçün olduqca faydalıdır.
Haqqında bəhs etdiyimiz bitkinin istifadə qaydaları haqqında rayonumuzun yerli sakini olan 65 yaşlı Südabə nənənin dedikləri:
-Yayda bizim ailənin ən sevdiyi qidalardan biri də qatıqlı pərpərəndir. Düşünürəm ki, bu qarışığı sevməyən tapılmaz. Qatıqlı pərpərən o qədər dadlı olur ki, bir dəfə yemək istəyən ondan bir də dadmaq istəyir. El deyiminə görə, çox “arsız” bir bitkidir. Axşam yığırsan, səhər bir də çıxır. Yığanda çalışmaq lazımdır ki, bitkini kökündən çıxarmayasan. Kökü kəsilə bilər. Bir çoxlarına adi bir ot kimi görünən pərpərənin faydaları saymaqla bitməz. Bu bitkinin bir neçə istifadə formaları da vardır. Ən faydalısı çiy olaraq salatlara qarışdırıb yeməkdir. İkinci bir forması isə onun qatığa qatılaraq yeyilməsidir. Bunun üçün lazım olan pərpərənlər yığılaraq təmizlənib yuyulur. Yuyulduqdan sonra doğranır. Azacıq (yəni, 10 dəqiqədən artıq olmamaq şərtilə) qaynadılaraq suyu süzülür. Soyuyana qədər gözləməli oluruq. Yaxşıca soyuduqdan sonra içliyi qatığa qatırıq. Ağız dadımıza uyğun olaraq duz və istiot da vurulur. Zövqə görə, qarışığa bişirilmiş düyü də əlavə edə bilərik. Onu da deyim ki, bəzi bölgələrdə hazırlanan bu qarışığa xiyar və sarımsaq da doğrayanlar olur.
Pərpərəndən çox dadlı turşu da hazırlanır. Bunun üçün yığılmış pərpərənlərin yarpaqları artlanır. Zoğları bərabər hissələrə doğranaraq pörtlədilir. Sonra duzlanaraq şüşə bankalara yığılır və qışa saxlanılır.
Ancaq turşunu qoyanda ehtiyatlı olmaq lazımdır. Çünki pərpərən turşusunda olduqca qorxulu olan botulizm törədiciləri inkişaf edə bilər. Əgər turşu balonunun qapağı şişibsə, istifadə edilməməlidir. Yaxşı olar ki, turşunu qoyanda bankanın ağzı konserv kimi kip olaraq bağlansın.
“Oğuz səsi” qəzeti