“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərindən və şifahi xalq ədəbiyyatının ən zəngin nümunəsi olan “Kitabi- Dədə Qorqud” boylarından, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından, eləcə də klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. “Cıdır falı” atla bağlı fal olub, “Cıdır” mərasiminin tərkib hissələrindəndir. Cıdırdakı atlardan birini gözaltı eyləyib niyyət tutarlar. Həmin at qalib çıxsa, ürəyində niyyət tutan da istəyinə çatacağına inanar.
Ulu babalarımız atı igidin yaraşığı hesab etmişlər. Xalqımız arasında at həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olduğu halda, atsızlıq zəifliyin, məğlubiyyətin ifadəsi olub. Keçmişdə Azərbaycanda dəfn edilən hər hansı qəhrəmanın qəbiri üstünə daşdan yonulmuş at fiqurunun qoyulması yuxarıda dediklərimizi sübuta yetirir. Ölkəmizin müxtəlif bölgələrindəki köhnə qəbiristanlıqlarda bir çox bu cür at fiqurlarına rast gəlindiyini bildirən tədqiqatçılar bu sırada Naxçıvanın da adını çəkirlər. Muxtar respublukamızın ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən el sənətinin müxtəlif sahələrinə aid olan nümunələr üzərində rast gəlinən at təsvirləri bunu deməyə əsas verir ki, burada yaşayan tayfalar da atı müqəddəs hesab ediblər.
Ordubad rayonunun ucqar dağ kəndi Tividə insanların yaşatdıqları “Cıdır” mərasimi xüsusi qeyd olunmalıdır. “Cıdır” mərasimində rayonun Xurs, Nürgüt, Nəsirvaz, Bist, Tivi və Parağa kəndlərinin cavan çaparları tərəfindən gətirilmiş atlar qara zurnanın sədaları altında yarışırlar. Kütləvi cıdırdan sonra fərqlənən atlardan bir neçəsi sərt yoxuş yollarla “Haça” deyilən təpəyə qədər çapılır. Təpəyə ən tez çatan ilk üç at və onların sahibləri qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Mərasimdən sonra camaat halal zəhmətlə qazandığı nemətlərlə dolu süfrəyə müxtəlif kəndlərdən gələn qonaqları dəvət edir.
Ssenarisi xalqın özü tərəfindən əsrlərcə bundan öncə yazılmış “Cıdır” mərasimi xalqımızın qədim adət-ənənələrindən biridir. Bu mərasim hələ qədim zamanlardan ata olan inamdan yaranıb. Şər ruhlarla vuruşda vasitə kimi istifadə olunan atın insanı xoşbəxtliyə çatdırmasına dair istənilən qədər nümunələr mövcuddur. Təkcə onu qeyd etmək kifayətdir ki, xalqımızın mənəvi-estetik ideyalarının bədii inikas tapdığı qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud”da Boğacın, məhəbbət dastanımız “Aşıq Qərib”də Qəribin dadına mifik obraz olan Xızır baba məhz Ağatın üstündə gəlib çatır. Atın imdadayetmə motivlərinə qəhrəmanlıq dastanı “Koroğlu”da da rast gəlinir.
Xalq kütlələrinin həyatında elə bir mühüm, əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda bu və ya digər şəkildə öz bədii əksini tapmamış olsun. Pərəstiş, inam, sehr və ovsunu özündə yaşadan, atla bağlı keçirilən ayin, mərasim, oyun və falları bədii boyalarla təsvir edən xalq sənətkarlığı nümunələri ulu əcdadlarımızın əsrdən-əsrə soraq, ismarış kimi bizə yetirdikləri, bu günə çatdırdıqları əmanətdir, milli dəyərimizdir. Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq öz mübarizəsini, tarixini xalq yaradıcılığında bu və ya digər şəkildə əks etdirib. Bu baxımdan tariximizi olduğu kimi aşkarlamaq üçün xalq yaradıcılığımızın öyrənilməsi vacibdir.
“El həyatı” qəzeti