Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa xüsusiyyətlərinə görə ən qiymətli bitkilərdən hesab edilir. O əkildikdən sonra ikinci il məhsul verməyə başlayır.
Şaftalı ağacı yüksək məhsul verməsi ilə fərqlənir. V.F.Smirnovun 1968-ci ildə yazdığına görə Orta Asiya şəraitində hər 7-8 yaşlı şaftalı ağacından 150-200 kiloqram, bəzi ağaclardan isə hətta 300 kiloqram məhsul əldə olunur. Bu zaman hektara 400 ağac əkilsə oradan 800-1000 sentner məhsul götürmək olar.
Şaftalı meyvəsi başqa çəyirdəklilərə nisbətən iri olmaqla, gözəl dad keyfiyyətinə, yüksək dietik xüsusiyyətə və əla rənglərə malikdir.
Meyvələrinin 1 ədədinin çəkisi əsasən 43 qramdan 250 qrama qədər olur. Ordubad rayonunda şaftalının yerli salamı sortunun meyvələrinin çəkisi isə orta hesabla 400-450 qrama, yaxşı becərmə şəraitində isə 700-800 qrama çatır.
Şaftalı meyvələrindən mürəbbə, cem, kompot və müxtəlif şirə məhsulları, yeyinti sənayesində isə krem, dondurma, marmelad və başqa məhsullar istehsal olunur ki, bunlar rənginə, dadına, ətrinə görə başqalarından fərqlənir.
Ağ və qırmızı nazlı sortunun meyvələrindən Ordubad rayonunda ən nadir yeyinti məhsulu olan alana hazırlanır ki, bu xüsusiyyətinə görə rayonumuz başqa şaftalı becərilən zonalardan üstünlük təşkil edir.
Qədim Şərq təbibləri şaftalı bitkisinin müalicəvi əhəmiyyətindən geniş şəkildə yazmışlar. Pliniy özünün “Təbiətin tarixi” kitabında göstərmişdir ki, romalılar şaftalı meyvəsindən ruhun sakitləşməsi və iştahın yaxşılaşdırılması məqsədilə istifadə etmişlər.
Şaftalı sağlamlıq və gözəllik eliksiridir. Bu meyvə hər birimiz üçün çox faydalıdır, çünki orqanizm onu çox gözəl mənimsəyir və immun sisteminə müsbət təsir göstərir. Şaftalı orqanizmdən toksinlərin azad olmasına şərait yaradır. Tərkibindəki unikal bioloji aktiv maddələr şaftalını yuxusuzluqdan əziyyət çəkənlər, başağrısı olanlar, zehni və fiziki yorğunluqdan, depressiyadan, ateroskleroz, ürək-damar xəstəlikləri, nəfəs yollarında problemi olanlar, qaraciyər, böyrək, anemiyalı xəstələr üçün əvəzsiz meyvə edir.
Şaftalı həzmi sürətləndirir və yaxşılaşdırır, faydalı komponentlərin hüceyrə divarından daxilə sorulmasını təmin edir. Ağızdan pis iy gəldiyi zaman şaftalı yarpağı dəmləməsi ilə qarqara yaxşı nəticə verir. Şaftalının gül və yarpaqlarından ətirli çay da hazırlamaq mümkündür. O, sakitləşdirici təsirə malikdir, yuxusuzluq, sinir pozuntuları zamanı, baş ağrılarında, revmatizm, qastrit, enterit, böyrəklərin təmizlənməsi, qarın ağrısı və ishal zamanı istifadə olunur.
Şaftalının toxumları diatez-allergiya zamanı istifadə olunur, toxumlar yaxşıca qovrulur və üyüdülür, azca su ilə qarışdırıb uşaqlarda olan səpkilərə sürtülür. Şaftalının yarpaqlarında və çiçəyində olan fitonsitlər otağınızın havasını təmizləyə bilər.
Şaftalının faydalarını sadalasaq, böyük bir siyahı alınar. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
Şaftalı həzmi yaxşılaşdırır və bədənin tonusunu aradan qaldırır.
Şaftalının şirəsi dietik məhsul hesab olunur, xüsusilə də xəstələr və uşaqlar üçün.
Şaftalı yağı qiymətli formaseptik xüsusiyyətlidir və badam yağı ilə eyni səviyyədə yer alır. Ondan daxilə edilən ineksiya dərmanları üçün həlledici kimi istifadə edirlər. Həmçinin ondan qatı yağların hazırlanması zamanı da istifadə olunur.
Revmatizm və baş ağrısı zamanı şaftalı şirəsi və ya meyvədən hazırlanmış həlimdən istifadə olunur.
Sidikqovucu kimi böyrək daşı xəstəliklərində meyvə və güllərindən istifadə olunur.
Şaftalı meyvəsi mədə vəzilərinin işini aktivləşdirir, yağlı və ağır qidaların həzmini yaxşılaşdırır, mədə bulantısının qarşısını alır.
Mədə xəstəlikləri zamanı turşuluğu azaltmaq üçün yeməkdən 15-20 dəqiqə əvvəl 50 qram şaftalı şirəsi içmək məsləhət görülür.
Şaftalı yarpaqlarından hazırlanmış həlim ilə ishaldan və bağırsaq qazından azad olmaq olar.
Şaftalıda kifayət qədər kalium duzu olduğundan ürək problemləri olanlar və aritmiyadan əziyyət çəkənlərin bol-bol istifadəsi tövsiyə olunur. Təzə şaftalı meyvəsi hemoqlobinin əmələ gəlməyini stimullaşdırır. Tərkibindəki həll olmuş dəmir anemiya zamanı faydalıdır.
Qarışıq temperatur salan vasitə kimi də 4-5 saatdan bir 1 x/q qəbul edilir, qulaq ağrısı zamanı damcı kimi istifadə olunur.
Meyvənin tərkibi A, C və B qrup vitaminləri ilə zəngindir, xəstələrdə bədənin zəifləməsi hallarında çox kömək edir.
Şaftalı bitkisi alçaqboyludur. Onun çətrinə müxtəlif formalar vermək mümkündür. Şaftalı çiçəkləri budaq üzərində münasib şəkildə düzülür. Ləçəkləri müxtəlif rənglərdə və cəlbedicidir. Bu xüsusiyyətlərinə görə şaftalı dekorativ və barverən bitki kimi becərilir.
Meyvə bitkiləri içərisində şaftalı yeganə bitkidir ki, onun sort müxtəlifliyi uzun müddət sənayenin və əhalinin təzə şaftalı meyvəsinə olan tələbatını ödəyir. Bizim şəraitdə iyun ayının əvvəlindən noyabr ayının ortalarına qədər fasiləsiz olaraq təzə şaftalı meyvələri yetişir. Şaftalı ağaclarının nisbətən alçaqboylu və azömürlü olması ilə əlaqədar olaraq çəyirdəkli və tumlu meyvə bağları salınarkən ondan sıxlaşdırıcı bitki kimi də istifadə edilir.
Ordubad rayonunda şaftalı bitkisi əsasən dəniz səviyyəsindən 640 metrdən 1100 metrə qədər hündürlükdə olan ərazilərdə əkilir. Rayonumuzda şaftalı bitkisi çox qədimdən becərildiyindən, burada xalq seleksiyaçıları tərəfindən bir sıra qiymətli yerli sortlar yaradılmışdır. Bu sortlar içərisində hər bir meyvəsinin çəkisi yuxarıda qeyd etdiyimiz kimi 600-800 qram olan salamı sortu özünün dadı, ətri, görkəmi, iriliyi, ağacının nisbətən uzunömürlü olması, xəstəlik və ziyanvericilərə qarşı davamlılığı ilə başqa yerlərdə bitən sortlardan tamamilə fərqlənir. Ordubad rayonunda qədim zamanlardan salamı (iki formada), ağ nazlı, qırmızı nazlı, zəfəranı (üç formada), tərəlli, şərəlli, narıncı, ordubadi, alanai, may çiçəyi, güştü (dörd formada), payızı hulu, payız qırmızısı, kəhrəba və bir sıra başqa yerli sortlar da yayılmışdır.
Yuxarıda adları qeyd olunan şaftalı sortlarının hər biri özünəməxsus ətri, böyüklüyü, dadı, şirinliyi, gözəlliyi və ziyanvericilərə qarşı davamlılığına görə başqa sortlardan tamamilə fərqlənir.
Əbdül Haşımov
bağban
“El həyatı” qəzeti