Şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. Tədris ili boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlər psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün yay istirahətinə ehtiyac duyurlar. Ona görə də, uşaqların asudə vaxtının, xüsusilə də yay istirahətinin rasional təşkili üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Uşaqların asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur.
Bu istiqamətdə Culfa rayonunda ardıcıl olaraq tədbirlər keçirilir. 7-12, 12-17 yaş qruplarından ibarət dərnək üzvləri Gülüstan türbəsinə ekskursiya edib, burada “Naxçıvan tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Asudə vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir. Rayon Gənclər İdman İdarəsi və Şahmat İdman məktəbinin təşkilatçılığı ilə müxtəlif nominasiyalar üzrə yarışlar təşkil olunur. Culfa şəhər, Dizə və Yaycı kənd 11-12 yaşlı cudoçular arasında yoldaşlıq görüşü keçirilib . Həmçinin 12-17 yaşlı şahmatçılar arasında şəxsi birincilik də olub.
Yay tətili dövrünün səmərəli təşkili üçün Culfa şəhər məktəblərində “Hərəmiz bir kitab oxuyaq” devizi altında mütaliə aylığı keçirilib. Burada əsas məqsəd uşaqların kitaba marağını artırmaq, onları Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Tədbirdə Pedaqoji fikir tarixindən kitabı məktəblilərin iştirakı ilə müzakirə olunub. Bu zaman məktəblilər tərəfindən maraqlı fikirlər səslənib, oxunması zəruri olan kitabların gənc nəslin dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyətindən, onların asudə vaxtlarının səmərəli keçirilməsində kitab oxumağın üstünlüyündən danışılıb. Qeyd edək ki, rayon mədəniyyət evi tərəfindən kənd mərkəzlərində “Yay tətilində kitab oxuyaq” başlığı altında kitab sərgiləri keçirilir. Yaxın günlərdə isə kənd mərkəzlərində açıq havada nağıl günlərinin keçirilməsi nəzərdə tutulub.
Bundan başqa rayonumuzda uşaqları milli oyunlar oynamağa cəlb etmək, onlarda olan istedadların üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək, onların maraq dairəsinə uyğun asudə vaxtlarını təşkil etmək məktəbdənkənar təhsil müəssisələrinin daim diqqətində saxlanılır. Çünki milli oyunlar oynamaqla onlar həm adət-ənənələrimizi öyrənir, həm də vaxtlarını səmərəli keçirirlər. Dildən-dilə, eldən-elə zaman aşırımından keçən “Çilingağac”, “Topaldıqaç”, “Əl üstə kimin əli”, “Bənövşə bəndə düşə”, “Gizlən-qaç”, “Gözbağlıca” və digər xalq oyunlarına uşaqları cəlb etməklə milli dəyərlərimizi gələcəyə ötürmək kimi bir missiyanı icra etmiş oluruq.
Hər yaş dövründə uşaqların asudə vaxtlarının məqsədyönlü, planlı mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Rayonumuzun məktəbdənkənar təhsil müəssisələri uşaqların aldıqları təhsilin praktiki vərdişlərə çevrilməsini təmin edərək, onlarda yaradıcı bacarıqların inkişafını və sağlam böyümələri üçün əlverişli mühit yaradır. Burada artıq uşağın informasiya alma forması əyləncəyə çevrilir.
“Arazın səsi” qəzeti