Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

390

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz tədbirdə çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyib. Hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.

Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini anmaq üçün qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişi cəhdinin necə baş verdiyini dərindən öyrənmək, bu çevriliş cəhdinin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün çatdırmaqdır.

Türkiyə Respublikasının İğdır Universitetinin müəllimləri Tunçay Özdemir və Ali Kuyaksil dövlət çevrilişi cəhdinin detalları barədə danışıblar.

Tədbirdə Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarxlar da nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: