NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunlarına və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov vurğulayıb ki, 2019-cu ilin birinci yarısında Naxçıvan şəhərində iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrinin inkişafı, məşğulluğun səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Həmin müddətdə “Saat Meydanı Turistik” istirahət mərkəzinin, iki yaşayış binasının, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maye qaz anbarı və qazdoldurma stansiyasının, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin yeni tədris kompleksinin, 200 yerlik 2 nömrəli uşaq bağçasının tikintisi, şəhərdaxili avtomobil yollarının, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb.
İcra başçısı bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, 400 yerlik avtomobil parkının, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının, 5 nömrəli tam orta məktəb binasının, Cəmşid Naxçıvanskinin Ev Muzeyinin, məscid kompleksinin, 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, Yusif Küseyr oğlu türbəsinin bərpası, Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir. Ümumiyyətlə, cari ilin ötən müddətində tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin həcmi ötən ilin müvafiq dövründəkinə nisbətən 3 faiz artıb. Əhalinin öz vəsaiti hesabına bu ilin 6 ayında 166 min 90 kvadratmetrdə yeni yaşayış sahəsi salınıb.
Müşavirədə sənaye, su-kanalizasiya, elektrik, rabitə, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən tədbirlər də geniş təhlil olunub. Bildirilib ki, bu ilin ötən müddətində Naxçıvan şəhərində 404 milyon 915 min manatlıqdan çox sənaye məhsulu istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı, əhalini yerli məhsullarla təmin etmək üçün kənd təsərrüfatı yarmarkalarının təşkili daim diqqət mərkəzində saxlanılıb,- deyən Mirsənani Seyidov bildirib ki, ötən müddət ərzində Naxçıvan şəhərində 3 milyon 813 min manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib.
İcra başçısı beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrdən ətraflı danışıb.
Sessiyada qeyd olunduğu kimi, taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilməli, əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət gücləndirilməli, torpaqların qanunsuz zəbt olunmasını və təyinatdan kənar istifadəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir. Şəhər və rayon icra hakimiyyətləri vətəndaşlarla işi gücləndirməli, onların müraciətlərinə vaxtında baxılmalı, köməklik göstərməli, abadlıq-təmizlik işlərinə nəzarət etməlidir.
Müşavirədə Maliyyə İdarəsinin rəisi Ramil Kərimov və Statistika İdarəsinin rəisi Rövşən Aslanov 2019-cu ilin birinci yarısı ərzində Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov müşavirəyə yekun vuraraq beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrin əməli işlə həyata keçirilməsi üçün aid təşkilatlara müvafiq tapşırıqlar verib.
Əbülfəz Dünyamalıyev