Dövlət Proqramının icrası uğurla davam etdirilir

A- A A+

Muxtar respublikada arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə son illərdə məqsədyönlü tədbirlər həyata keçirilir. Damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması və aidiyyəti təşkilatlar tərəfindən bu proqramın icrası muxtar respublikada arıçılığın inkişafına böyük stimul verib. Arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkil edilməsi, hər arı ailəsinə görə subsidiyanın verilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açıb.

Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarından 10 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Dövlət Proqramının icrası istiqamətində qabaqcıl təcrübə öyrənilmiş, arıçılıq təsərrüfatlarında istifadə olunan arıçılıq ləvazimatlarının, arı yeşiyi, çərçivə, körük, arıçı geyim forması və əlcək istehsalı sahələrinin yaradılması istiqamətdə sahibkarlar arasında maarifləndirmə tədbirləri aparılıb, dövlət maliyyə dəstəyi çərçivəsində layihələr təklif edilib.

Arıçılıq təsərrüfatının yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Şərur, Ordubad, Culfa və Şahbuz rayonları üzrə 7 arıçılıq təsərrüfatına 78.200 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilib, arıçılıqla məşğul olan  təsərrüfatlarda maarifləndirmə tədbirləri həyata keçirilib.

“Naxçıvan Arıçılığı” MMC-də istehsal olunan arı mum vərəqinin (varşina) muxtar respublikanın şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən ticarət obyektlərinə verilməsi, həmçinin arı mum vərəqinin istehsalçısı və satışı haqda reklam xarakterli məlumatın vurulması arıçılıq məhsullarının tanıdılması və ailə təsərrüfatlarının stimullaşdırılmasına şərait yaradıb.

İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsi hesab olunur. Bu məqsədlə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən işlər arıçılıq təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı formalaşan sahibkarlıq mühitinə də öz töhfəsini vermiş olacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: