60 ilin 42 kadrı - FOTOLAR

A- A A+

Onu Naxçıvanda yaşayan yaşlı və orta nəslin nümayəndələri yaxşı tanıyır. Çünki bu şəhərdə və muxtar respublikada yaşayan bu zümrədən olan insanların əksəriyyəti çəkiliş zamanı onun kamerasına mütləq “yaxalanıblar”.

Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində uzun illərdir ki, operator işləyən Nurəddin Əliyevin bu gün 60 yaşı tamam olur. O, 1959-cu il, iyul ayının 17-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra 1977-ci ildən Naxçıvan televiziyasında işə düzəlib. 60 illik ömrünün 42 ilini operator sənətinə həsr edib. 18 yaşından bu işdə çalışır. Necə deyərlər, əmək kitabçası ilk dəfə burada “açılıb”.  Özünün dediyinə görə indiyə qədər muxtar respublikanın elə bir yeri, məkanı olmayıb ki, orada çəkilişlər etməsin. 1988-ci ildə mərhum akademikimiz Tofiq İsmayılovla birlikdə vəziyyətin gərgin olmasına baxmayaraq Ermənistan ərazisində yerləşən və Naxçıvanın bir hissəsi olan Kərki kəndinə gedərək bu qəhrəman yaşayış yerimiz, onun insanları haqqında film də hazırlayıb. 1988-90-cı illərdə muxtar respublikanın ictimai siyasi vəziyyəti ilə bağlı hazırlanan verilişlər, çəkilən filmlərdə onun da lentə aldığı kadrlar var. Nurəddin Əliyev üçün ən maraqlı fəaliyyət illəri 1990-93-cü illərdə olub. O zaman  Ermənistanın təcavüzü nəticəsində blokadaya düşən Naxçıvanda ölkə televiziyası yaxşı yayımlanmırdı. Çünki televiziya dalğaları Bakıdan Naxçıvana xüsusi qüllələrlə ötürülürdü. Bu qüllələrin bəziləri isə Ermənistan ərazisində qurulmuşdu.  Ermənilər isə onları dağıtdığı üçün bu çətinlik yaranmışdı. Amma Naxçıvan televiziyası həmin illərdə yenə də fəaliyyət göstərir, yerli xəbərləri və hadisələri tamaşaçılarına çatdırmaqda davam edirdi. 

Nurəddin Əliyev deyir ki, hətta o zaman, 1991-92-ci illərdə o, Naxçıvan televiziyasından operator kimi bir nəfər müxbirlə döyüşlərin getdiyi Qarabağa ezam olunub. Burada olan hadisələr olduğu kimi çəkilərək Naxçıvan televiziyasının efirindən vətəndaşlara çatdırılıb. Bir dəfə çəkiliş edən zaman isə ermənilər onu da hədəfə alıblar. Amma atılan güllə xoşbəxtlikdən başının üzərindən keçib. Nurəddin Əliyev isə bu çətinliklərdə belə  heç vaxt kamerasını yerə qoymayıb. Çünki döyüş bölgəsində fəaliyyət göstərən operatorun vəzifəsini, hər an təhlükə ilə üzləşməyin labüdlüyünü yaxşı bilirdi. Digər tərəfdən isə naxçıvanlı tamaşaçılar Qarabağla bağlı həqiqətləri olduğu kimi görmək istəyirdilər.     

Nurəddin Əliyevin Naxçıvan televiziyasında operator kimi 42 illik fəaliyyətinin nəticəsi olaraq bu günə qədər minlərlə veriliş, süjet və material efirə yayımlanıb. Onun  bu işdə öz  dəsti xətti olub. Zövqlə çəkdiyi kadrlarda reallıq, gözəllik və televiziya estetikası həmişə özünü əks etdirib.  Etiraf edək ki, televiziyada operatorun yeri xüsusi olaraq fərqlənir. Çünki tamaşaçı, hətta jurnalistlər belə əksər hallarda lentə alınan hər məqama onların gözü ilə baxır. Əgər operator zövqlü və peşəkar olarsa onda təqdim edilən hər bir görüntü uzun müddət yaddan çıxmır, hətta illərlə aktuallığını itirməyən, arxivə çevrilən  videomaterial olur.

Nurəddin Əliyevin rejissor Faiq Musayevlə quruluşçu operator kimi hazırladığı “Göydən enən mələk”, “Qatarda”, “Ağ ölümün ölümü” və başqa televiziya filmləri 2000-ci illərdə Naxçıvan televiziyasının efirindən sevilə-sevilə izlənib.

Nurəddin Əliyev operator kimi həmişə gənclərlə işləməyi xoşlayıb. Televiziyanın ilk təcrübə keçən gənc jurnalistləri onunla çəkilişlərə gtməyi xoşlayırdılar. Çünki öz işini peşəkarlıqla bildiyi üçün çəkiliş meydanında nəyi necə etməyi həm də yeni işə başlayan  jurnalistlərə başa salırdı. Sənətinə olan sevgisini davamçıları, yetirmələrinə də aşılayıb. Bu gün Naxçıvan televiziyasında çalışan Cəmil Məhərrəmov, Samir Mehdiyev, Rəşadət Əkbərov, bu televiziyanın yetirməsi olan  Zaur Seyidov və başqaları məhz Nurəddin Əliyevin davamçılarıdırlar. Bu iş bu gün də davam edir. Əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2006-cı ildə ölkə başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Nurəddin Əliyev üçün operator sənətinin son həddi yoxdur. Deyir ki, operator işinin arxasında insan dayansa da müasir avadanlıqlar işi bir qədər də sadələşdirir. Bu gün Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsinin gücləndirilən maddi texniki bazasına ən müasir telekameralar daxil edilib. Onlar təkcə görüntünün keyfiyyəti ilə deyil, həm də çeviklik, müxtəlif istiqamətlərdən çəkiliş imkanı və rahatlıq baxımından da fərqlənir.

60 yaşlı operatorun ən böyük arzusu əvvəlcə Kərki kəndindən, sonra isə Qarabağdan zəfər xəbərləri hazırlamaq üçün çəkilişlər etməkdir. Nə deyək, yubileyin mübarək və arzun çin olsun, Nurəddin Əliyev!

Səməd Canbaxşiyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: