NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda taxıl biçini davam edir. Biçində 10 kombaynın gücündən istifadə olunur. Taxıl biçinində muxtar respublikanın yeganə qadın mexanizatoru olan 62 yaşlı Sürəyya Quliyeva yeni aldığı müasir kombaynla fəal iştirak edir.
Bir neçə gündür start verilən taxıl biçinində “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxsə aid 8 kombayndan istifadə olunur. Taxıl biçini yekunlaşan rayonların texnikaları da Şahbuz rayonuna göndərilir. Biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz, Daylaqlı, Mahmudoba kəndlərində və Şahbuz şəhərində aparılır.
Atıq 934 hektar sahədə biçin başa çatıb. Orta məhsuldarlıq 26 sentner təşkil edir.
Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində rayonda taxılçılığa maraq ildən-ilə artır. Bu il ən çox taxıl rayonun Türkeş kəndində əkilib. Torpaq mülkiyyətçiləri bu kənddə 300 hektardan artıq sahədə taxıl əkini həyata keçiriblər. Hazırda Türkeşdə yeni qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir. Bu isə gələcəkdə əkin sahələrindən daha çox məhsul istehsalına şərait yaradacaq .
Rayonda ailə təsərrüfatı sahiblərinə lizinq yolu ilə verilən texnikalar da taxılçılığın inkişafına şərait yaradıb. Ayrınc kənd sakini Sürəyya Quliyeva 110 hektar sahədə taxıl əkib. Bu il Sürəyya Quliyevaya “Naxçıvan Aqrolizinq” ASC-i tərəfindən lizinq yolu ilə 1 ədəd kombayn da verilib. O, ailə üzvləri ilə birlikdə həm öz sahəsində, həm də digər torpaq mülkiyyətçilərinin taxıl sahələrində biçin kompaniyasında fəal iştirak edir.
Qeyd edək ki, muxtar respublikanın yeganə mexanizator qadını 62 yaşlı Sürəyya Quliyeva ölkə başçısının Sərancamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Novruz Məmmədov