Tüstü bacalarının təmizlənməsi dəm qazı təhlükəsini aradan qaldırır

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yaşayış binalarında tüstü bacalarının vaxtında təmizlənməməsi bir çox hallarda insan sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə mənzillərdə quraşdırılmış qazla işləyən sobaların və suqızdırıcılarının istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi, tüstü bacalarının və havalandırma kanallarının işlək vəziyyətdə olmaması səbəbindən bir çox hallarda dəm qazından zəhərlənmə kimi xoşagəlməz hallar baş verir. Dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları kütləvi informasiya vasitələrindən və mətbuatdan istifadə etməklə əhali arasında maarifləndirmə işi aparır. Bunun sayəsində 2019-cu ilin birinci yarısında dəm qazı ilə zəhərlənmə halları ötən illə müqayisədə azalıb, ölümlə nəticələnən hallar qeydə alınmayıb.

Qazdan təhlükəsiz istifadə qaydalarına görə su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir. Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə çoxmərtəbəli yaşayış binalarında tüstü bacalarının və havalandırma kanallarının təmizlənməsi, vətəndaşlar tərəfindən bağlanılmış və ya sökülərək istifadəyə yararsız vəziyyətə salınmış tüstü bacalarının açılması istiqamətində tədbirlər həyata keçirir. 2019-cu ilin birinci yarısında Naxçıvan şəhərinin Nizami, İstiqlal, Əliqulu Qəmküsar küçələrində, Atatürk prospektində və Əlincə məhəlləsində təmir olunan 6 yaşayış binasının 226 mənzilinin tüstü bacasına baxış keçirilib, 126 mənzilin tüstü bacası təmizlənib, vətəndaşlarla izahat işləri aparılıb.

Analoji işlər Şərur şəhərində Məhərrəm Seyidov və Nəriman Nərimanov küçələrində təmir olunan 3 yaşayış binasında, Culfa şəhəri Mehdi Hüsеynzаdə küçəsi 28 №-li yaşayış binasında aparılıb. Bu binaların 115 mənzilinin tüstü bacası yoxlanıb, 108 mənzilin işlək vəziyyətdə olmayan tüstü bacası təmizlənib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Mənzillərdə dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlara aşağıda qeyd olunan qaydalara əməl etmələrini tövsiyə edir:

  • tüstü bacalarının, mətbəxt və vanna otaqlarının ventilyasiya kanallarının sazlığı mütəxəssislər tərəfindən mütəmadi yoxlanılmalı, nasaz tüstü bacaları mənzil istismar idarələri və mənzil sahibləri tərəfindən qış mövsümü başlayanadək işlək vəziyyətə gətirilməlidir;
  • eyni vaxtda qazla işləyən bir neçə soba və suqızdırıcının tüstü borusunu bir tüstü borusuna qoşulması məqsədəuyğun deyil. Belə hallar dəm qazının birbaşa mənzilə dolmasına və zəhərlənməyə səbəb ola bilər;
  • mənzillərdə təmir işləri aparılarkən tüstü bacalarını və havadəyişmə kanallarını sökmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan yerləri  bağlamaq olmaz;
  • tüstü bacalarının içərisindən su və qaz xətlərinin çəkilməsinə yol vermək olmaz. Belə ki, tüstü bacalarının divarlarının zədələnməsi və ya uçması nəticəsində onların tutulması və yararsız vəziyyətə düşməsi baş verir;
  • nasaz tüstü bacalarına qazla işləyən sobaların və suqızdırıcıların çıxış borularının qoşulması qadağandır;
  • yadda saxlayın ki, tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: