Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

A- A A+

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək deyib: Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik mətbuatın inkişafı ilə bağlı müdrik ideyaları muxtar respublikada da uğurla davam etdirilir, mətbuatın inkişafına dövlət qayğısı daim diqqət mərkəzində saxlanılır. Məhz bu diqqət və qayğı sayəsində Naxçıvanda fəaliyyət göstərən qəzetlər həm məzmununa, həm də formasına görə yenilənib. Milli Mətbuat Gününü qeyd etmək və muxtar respublikada fərqlənən gənc jurnalistlərin əməyini qiymətləndirmək üçün təşkil edilən bugünkü tədbir muxtar respublika rəhbəri tərəfindən jurnalistlərə göstərilən qayğının növbəti təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxışında bildirib ki, Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib. Xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaradan “Əkinçi” qəzeti insanları yüksək ideallar uğrunda mübarizəyə səsləyib, milli oyanış və özünüdərk prosesinin aparıcı mətbu nümunəsi kimi tariximizdə qalıb. Diqqətə çatdırılıb ki, 22 iyul tarixi həm də ulu öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıtması, müstəqil dövlətimizin möhkəmlənməsi istiqamətində fəaliyyətinin əsasının qoyulması baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Komitə sədri son illər muxtar respublikada informasiya təminatı, peşəkar jurnalist kadrların hazırlanması, elektron jurnalistikanın inkişafı istiqamətində qazanılan uğurlardan danışıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova muxtar respublikada mətbuatın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilib.

Baş redaktor əminliyini ifadə edib ki, gənc jurnalistlər bu gün muxtar respublika mətbuatının qarşısında duran yeni dövrün quruculuq və inkişaf tarixini yazmaq, milli maraqları daim uca tutmaq, cəmiyyətin həyatına dərindən nüfuz etmək və digər mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər.

Tədbirin bədii hissəsində Culfa rayonunda fəaliyyət göstərən pantomim dram dərnəyi üzvlərinin hazırladıqları tamaşa göstərilib və istedadlı gənclər tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.

Sonra muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərin işıqlandırılmasında fəal iştirak etdiklərinə görə Gənclər və İdman Nazirliyi və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən diplomlarla təltif olunublar.

Qeyd edək ki, mükafatlandırılanlar siyahısında Naxçıvan Dövlət Teleradiosunun əməkdaşları da olub. Teleradionun əməkdaşlarından Turab Hacızadə, Nərmin Rüstəmli, Elşən Məhərrəmov, Xanım Rüstəmov və Aytən İsgəndərli diplomlarla mükafatlandırılıblar. Mükafatatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: