Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

A- A A+

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq rayonda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.

Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır.

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rayonumuzda da bir- birinin ardınca həyata keçirilən quruculuq tədbirləri, rayon sakinlərinin böyük sevincinə səbəb olub. İlbəil genişlənən bu tikinti-quruculuq və təmir işləri şəhər və kəndlərimizin simasını dəyişməklə yanaşı, əhalinin rahatlığına xidmət edir.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonumuzda tikinti quruculuq işləri geniş vüsət almışdır. Bu gün Culfa şəhəri əsl tikinti meydançasını xatırladır. Ulu öndər Heydər Əliyev adına prospektin yenidən qurulması, burada yolun və səkilərin genişləndirilməsi, eyni zamanda, Rabitə evinin yenidən qurulması, bir neçə çoxmərtəbəli yaşayış evinin əsaslı şəkildə təmir olunması, rayon sakinlərinin daha yaxşı və firavan yaşamasına şərait yaradır. Cari ildə rayonumuzda həyata keçirilən tikinti, quruculuq işləri sırasında Darıdağ Arsenli Su Müalicəxanası da mühüm əhəmiyyət daşıyan obyektlərdəndir. Burda aparılan tikinti-quruculuq işləri rayonumuzda turizmin inkişafına təkan verəcək, təbii sərvətlərimizdən faydalanmaq imkanlarımızı artıracaqdır. Darıdağ Arsenli Su Müalicəxanasının tikintisinə 2019-cu ilin mart ayının 10 -dan başlanılmışdır. Layihənin memarı Cəmil Quliyev bildirdi ki, zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq Darıdağ Arsenli Su Müalicəxanasının zirzəmisində qazanxana, elektrik otağı, köməkçi iş otaqları, mətbəx, kişi müalicəxana bölümündə bərbər, masaj və vip masaj otaqları, qadınlar üçün nəzərdə tutulmuş müalicəxana hissəsində gözəllik salonu, mətbəx, masaj otağı, qeydiyyat otağı yerləşəcək. Müalicəxananın birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, hotel işçiləri üçün istirahət otaqları, müdir, həkim otaqları yerləşəcək. Birinci mərtəbədə eyni zamanda qadın və kişilər üçün iki böyük, iki balaca çarhovuz nəzərdə tutulub. Müalicəxananın ikinci və üçüncü, dördüncü mərtəbələrində istirahət otaqları yerləşəcək. Binanın arxa tərəfində restoran da tikiləcəkdir.Tikintidə 40-a yaxın inşaatçı çalışır. İnşaatçılar lazımı tikinti materialları, avadanlıq və texnika ilə təmin olunublar. Bu günə qədər binanın təməl hissəsində betonlama işləri başa çatmış, orta bölümün üçüncü qatında işlər davam etdirilir. O cümlədən yan bölmələrdə və birinci mərtəbədə beton-qəlib işləri yerinə yetirilir. Binanin hörgü aparılmış üst qatlarında suvaq işləri görülür. İş icraçısı Fazil Əliyev bildirdi ki, obyektdə əsasən yerli tikinti materiallarından istifadə olunur. Onlar işlərin yaxşı və keyfiyyətli yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Darıdağ Arsenli Su Müalicəxanasının ətrafında işqlandırma və gülkarlıq da yaradılacaqdır. Tezliklə həyata vəsiqə alacaq bu yeni obyekt turistlərin və muxtar respublika sakinlərinin ixtiyarına veriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: