Dadı və tamı ilə seçilən Şahtaxtı qovunu

A- A A+

Zəngin mədəniyyəti, möhtəşəm tarixi ilə tanınan muxtar respublikamız həmçinin təbiətinin al-əlvanlığı ilə, əvəzolunmaz nemətləri ilə də ad qazanıb. Bu mənada qədim diyarımızda yetişdirilən meyvə-tərəvəzlərin, bostan bitkilərinin isə xüsusi rolu var. Dadı-tamı ilə nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də şöhrət tapan və əl-əl axtarılan həmin məhsullar diyarımızı tarix boyu diqqət mərkəzində saxlayıb. Ana təbiətimizin buranı özlərinə yurd-yuva etmiş insanlara bəxş etdiyi Naxçıvan duzu, göycəsi, Ordubad limonu, Nehrəm qarpızı kimi onlarla bu kimi məhsullar içərisində Şahtaxtı qovunu da özünəməxsusluğu ilə seçilib.

Bir zamanlar ad-sanı ölkə hüdudlarını aşan, hətta keçmiş SSRİ məkanında belə yüksək rəğbət göstərilən Şahtaxtı qovunu həmin dövrlərdə muxtar respublikamızın brendinə çevrilmiş məhsullardan biri idi. Qeyd edilən dövrlərdə Şahtaxtı qovununun onlarla növü əkilirdi. “Qızılburun”, “Göy həmkar”, “Sarı həmkar”, “Almatoxum”, “Ələmdar”, “Qocafəndi”, “Çubuq həmkar”, “Qara şineyvaz”, “Ağ şineyvaz” kimi növləri öz dadı, şirinliyi ilə yeyənləri həmişə məst etmişdir:

“Qızılburun, “Göy həmkar”,
Eynidir, seçmək olmaz.
“Almatoxum”, “Ələmdar”,
Dadından keçmək olmaz.

Yedikcə “Çubuq həmkar”,
Şəkəri andırırdı.
Şirinliyi adamın,
Dilini yandırırdı.
Bu növlər içərisində “Ağnabat” öz tamı ilə daha çox seçilirdi. Bu məqam şair Firudin Süleymanoğlunun şeirində də öz əksini tapıb:
Bostançı “Ağnabat”ı,
Dilimlədi biz yedik.
Bu sarıdan da şirin,
Qənddir, nabatdır,-dedik.

Adına, dadına şeirlər qoşulan Şahtaxtı qovununun dadı-tamı nə qədər gözəldirsə, onu əkib-becərmək də bir o qədər zəhmət tələb edir. Buna görə də bu gün Şahtaxtı kəndində müəyyən təsərrüfatçılar tərəfindən yetişdirilən bu qovun növü haqqında elə həmin təsərrüfat sahiblərindən məlumat ala bildik. Belə təsərrüfatçılardan biri də zəhmətkeş insan Camaləddin Mahmudovdur. Həyətyanı sahəsində uzun illərdir ki, Şahtaxtı qovunu yetişdirən Camaləddin kişi bu qovun sortu barədə bunları söylədi:

-Şahtaxtı qovunu tutma üsulu ilə yalnız bu kənddə yetişdirilir. Bu üsulla qovunyetişdirmə ənənəsinin XIII əsrə qədər uzandığı söylənilir. Əvvəllər Şahtaxtı kəndində, demək olar ki, hər kəs öz təsərrüfatında bu qovun sortunun əkini ilə məşğul olurdu. Yadımdadır ki, ötən əsrin 70-80-ci illərində kəndimizdə hər bir təsərrüfatdan orta hesabla 1 tona yaxın Şahtaxtı qovunu tədarük edilirdi. Zaman keçdikcə bu qovun növünə maraq azaldı. Ona görə ki, Şahtaxtı qovununu əkib-becərmək olduqca çətindir və çox zəhmət tələb edir. Gərək mütəmadi olaraq, bir-iki gündən bir onun qayğısına qalasan, qulluq göstərəsən. Bu da, əlbbəttə, böyük əmək sərfi deməkdir.
Şahtaxtı qovunu tutma qovun adı ilə də tanınır. Camaləddin Mahmudov bildirdi ki, hər il may ayının sonlarından etibarən əkilən tutma qovunun yetişdirilib ərsəyə gətirilməsi bir neçə mərhələdə həyata keçirilir:

-Əvvəlcə, kərdilər hazır vəziyyətə gətirilir və suvarma işləri görülür. Sonra bir-iki gün öncədən isladılan toxum ocaqlara basdırılır. Hər ocağa beş-altı toxum salınır. Həmin toxumlar bir həftə ərzində cücərməyə başlayır. Sonra kollar seyrəldilir və bu kollardan ən irisi və şux olanı saxlanılır. Əkildikdən, təxminən, 40 gün sonra ona ikinci bir su verilir. Suvarıldıqdan sonra kollar çiçək tökməyə başlayır və həmin çiçəklərdən balaca qıralar əmələ gəlir, buna isə el arasında gülburnu deyilir. Həmin gülburnular ağız suyu ilə isladılır, bu da dahangirləmə adlanır. İsladılan gülburnular torpaqlanaraq açıq şəkildə 2-3 gün saxlanılır. Qurdlanıb-qurdlanmaması yoxlanıldıqdan sonra öz yarpağına bükülərək (el arasında bələnmə deyilir) yerə basdırılır. Bu proses quylama adlandırılır. 30-40 gün aralığında torpağa basdırılmış şəkildə qalan bitkini mütəmadi olaraq nəzarətdə saxlamaq isə ən vacib işlərdəndir. Bu müddət tamam olduqdan sonra bitki torpaqdan çıxarılır və daha 15-20 gün açıq şəkildə saxlanılır. Bu müddətin sonunda isə qovun tam yetişmiş hesab olunur.

Həyətyanı sahəsində tutma qovun yetişdirən Əhməd Hüseynov isə qeyd etdi ki, bir koldan 1 qovun götürmək mümkündür: “Bu ona görə belədir ki, bitki bütün gücünü bu bir  qovunun yetişməsinə sərf edir. Əkilən kollardan qovundan savayı, el arasında qıra adlanan balaca meyvələr də tədarük olunur. Həmin qıralardan isə müxtəlif turşular hazırlanır. Həmçinin qıra xiyar kimi müxtəlif salatlarda da istifadə edilir”.

Əhməd Hüseynov həmçinin bildirdi ki, Şahtaxtı qovununu dilimləyərək qurutmaq və soyuq qış aylarında quru yemiş halında istifadə etmək də mükündür: “Əvvəllər kənddə bu qovun növünün əkini ilə məşğul olanlar daha çox “Ağnabat”ı dilimləyərək qurudur, qarlı, şaxtalı günlərdə quru yemiş kimi yeyilir, hətta şəkər əvəzi çay içilən zaman da istifadə edilirdi. “Qara şineyvaz” və “Ağ şineyvaz” kimi sortlar isə qabığı qalın olduğundan uzun müddət olduğu kimi saxlamaq mümkün olurdu, hətta qışın ortalarına kimi bu sort qovunlar adi şəraitdə xarab olmadan qalırdı”.

Qeyd edək ki, tutma üsulu ilə yetişdirilən Şahtaxtı qovununun bu gün əkilməsi qədər, onun genefondunun qorunması da olduqca mühüm amildir. Elə sevindirici haldır ki, son bir neçə ildə təsərrüfatlarda Şahtaxtı qovununun əkilməsinə maraq xeyli artıb. İndi onlarla təsərrüfatda bu qovun növü yetişdirilir. İnanırıq ki, gələcək illərdə Şahtaxtı qovununa maraq daha da artacaq və əvvəllər olduğu kimi, muxtar respublika bazarlarında bu qovunu da görə biləcəyik.

Anar Qasımov
“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: