Dünyamın içindəki dünya…

A- A A+

Bu dünyanı 98 yaşlı qocamanımız – “Şərq qapısı” qəzetində qurmuşam. Dünyamın içindəki bir dünya – mənim qəzetli dünyam. Milli Mətbuat Günündə bu dünyamdan boylanıb mətbuatımızın 144 il bundan əvvəlki keşməkeşlərinə baxıram… İlk mətbu orqanımız “Əkinçi”nin böyük əziyyətlər, qarşıdurmalar hesabına mətbuatımızın bünövrəsini qoya bilməsinə nəzər salıram. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid (Hacı Məhəmmədsadıq), Ələkbər Heydəri, Məhəmmədtağı Əlizadə Şirvani, Məmnun Əlqədari kimi maarifpərvər ziyalıların Azərbaycan vətəndaşları üçün ziya yaymaq, onları dünyadan agah etmək kimi möhtəşəm məqsədlərinə, “Əkinçi”nin yolunda qarşılaşdıqları maneələrə nəzər salıram. Cəmi iki il nəşr olunan qəzetin bu günümüzün qəzetli dünyasını yaratdığını düşündükcə “Ziya”ya, “Kəşkül”ə, “Şərqi-Rus”a, “Həyat”a, “İrşada”a, “Rəhbər”ə, “Dəbistan”a, “Füyuzat”a, “Məktəb”ə, “Şəlalə”yə və ən əsası isə “Molla Nəsrədin”ə və bu gün ölkəmizdə nəşr olunan yüzlərlə qəzetə, 144 ilin 98-nə şahidlik edən “Şərq qapısı”na açdığı yolları, biz jurnalistlərə dünyamızın içində yeni bir dünya qurduğunu düşünürəm. Bu dünya kərpiclərlə, daşlarla, qumla, çınqılla qurulmayıb. Bu dünyanın bünövrəsi sözlə, divarları cümlələrlə başa qəlib. Bu dünyanın çardağı yoxdur. Ona görə yoxdur ki, dövrünün əli qələm tutanları bu dünyanın yağışından islana bilsinlər, qarından üşüsünlər, Günəşinin qızmar şəfəqlərinin istisinə tab gətirib bişməyi, çətinliklərə sinə gərməyi bacarsınlar. Bu dünyanın bəzəyi bahalı mebellər, avadanlıqlar deyil… Bir masa, bir qələm, bir də kağızlardır. Bəmbəyaz kağızlar. Bu dünya bu bəmbəyaz kağızları yaşadığımız ölkədə, şəhərlərdə, rayon və kəndlərdə baş verən hadisələri, ətrafımızdakı gözəllikləri, cəmiyyətimizdə olan yenilikləri dünyanın ən çətin əldə olunan çaları – sözlə rəngləndirir. Sözlər cümlələr qurur, cümlələr müəyyən bir mövzunun mətnini yaradır və bu mətn xəbərə, reportaja, korrespondensiyaya, oçerkə, məqaləyə, resenziyaya çevrilərək yeni bir insan əməyini, gözəlliyi, qurulanı, yaradılanı, yeniliyi, hadisəni, onların başlanğıcını, axarını, sonunu, cəmiyyətdə olanlara və olmayanlara jurnalist mövqeyini qoyur ortaya.

Nə üçün jurnalistlər dördüncü hakimiyyətin nümayəndələri hesab olunurlar? Çünki cəmiyyətin bu aparıcı qüvvələri dövlətin, dövlətçiliyin ən yaxın köməkçiləri, həqiqi mənada, dostudurlar. Öz gərgin, gecəli-gündüzlü əməkləri, axtarışları, tapıntıları ilə, cəmiyyətin hansısa bir küncündə-bucağında gizlənib qalan, çoxlarının görmədikləri və görüb də reaksiya vermədikləri məsələləri üzə çıxarıb, həlli yollarına nail olunması ilə hakimiyyətə kömək edənlərdir jurnalistlər. Belə isə, təbii ki, eyni zamanda cəmiyyətin, insanların da ən yaxın dostlarıdır jurnalistlər.

Elə jurnalistlərin özlərinin də zaman-zaman yaxın dostları olur. “Jurnalistika çətin peşədir, bunu etiraf etmək lazımdır. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikirlərimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək” kimi dəyərli fikirləri ilə ümummilli liderimiz Heydər Əliyev hər zaman jurnalistlərin yanında olub, qayğıları ilə maraqlanıb, onlara yazıb-yaratmaları üçün geniş üfüqlər açıb. Bu gün azərbaycanlı jurnalistlər ölkəmizdəki söz, fikir azadlığı, senzurasız mətbuat üçün Ulu öndərimizə borcludurlar. Ölkə Prezidenti cənab İlham Əliyev də bu missiyanı davam etdirərək illərdir, jurnalistlərin ən yaxın dostuna çevrilib. Jurnalistlər üçün yaşayış binalarının tikilməsi, kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərin ayrılması, mətbuat adamlarının fəxri adlara layiq görülməsi və sair sadalamaqla bitməyənlər həssas qəlbli qələm sahiblərinə qayğının bariz nümunələridir.

Blokadanın ilk illərinin çətinliklərini də bizimlə birgə yaşayan, diyarımızı o çətin vəziyyətdən xilas edib burada yaşayan insanları xoş günlərə qovuşduran, Naxçıvanı başdan-başa gözəlliklər məkanına çevirən, quran-yaradan, 24 illik inkişafın, tərəqqinin dadı ilə blokadanın acı günlərini insanlara unutduran bir insan – cənab Vasif Talıbov həm də illərdir, muxtar respublika jurnalistlərinin yaxın dostudur. Bizə hər an arxa, dayaq olan Dostumuzun muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hər biri üçün müasir iş şəraitinin yaradılmasında, redaksiyaların texniki avadanlıqlarla təmin olunmasında, əmək haqlarının dəfələrlə artırılmasında, jurnalistlərə fəxri adların verilməsində, onlardan ehtiyacı olanların mənzillə təmin olunmasında əməyi ölçüyəgəlməzdir. Jurnalistlərin dostunun onlarla görüşləri, bu görüşlərdəki tövsiyələri diyarımızda hər bir mətbuat adamına yazmaq-yaratmaq stimulu verib.

Budur, dünyamın içindəki dünyamdan – qəzetli dünyamdan bu mətbuat günündə ətrafı seyr edirəm. Nə çox yazmağa mövzu. Bunlar yəni bitərmi, tükənərmi? Bir-biri ilə əl-ələ vermiş quruculuq ərməğanlarının, qədimliklə müasirliyin harmoniyasının, çiyin-çiyinə bir-birinə arxa, dayaq olan illərin zəhmət payı ağacların, yaşıllıqların, gənclərin xoşbətliyinin, yaşlı insanların hüzurunun ünvanıdır diyarımız. Mədəniyyətin, ədəbiyyatın, festivalların, yallıların, idman çempionatlarının məkanıdır Naxçıvanımız. Tarixin dünənini bu gününə yoldaş edib gələcəyə göndərənimizdir muxtar respublikamız. Qəzetli dünyamızın hər günlük mövzusudur bu gözəl yurd yerimiz. Rəngarəng nömrələrimizin, oxunaqlı səhifələrimizin xəbəri, reportajı, oçerki, müsahibəsi, resenziyası, essesidir Naxçıvanımız. Nə xoşbəxtik ki, bu dövrün yazarlarıyıq, bu tarixi salnamələrdə imzamız keçir. Bütün qələm yoldaşlarımı, eləcə də blokadalı, inkişaflı Naxçıvanımın jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Qələmimizi iti, sözümüzü kəsərli edənlərə bütün qələm əhli adından minnətdarlığımı bildirirəm. Qoy bu qəzetli dünyamızdan hər dəfə boylananda bu günü dünənimizdən, sabahı bu günümüzdən müqayisə olunmayacaq dərəcədə inkişaflı, tərəqqili görüb ruhlanaraq yazıb-yaradaq. Bizlər bizə arxa, dayaq olanlardan aldığımız dərslə gənc jurnalistlərə hayan olaq, onların qarşısında sabah üçün bir yol açaq – öz qəzetli dünyalarını qurmaları üçün… Bayramınız mübarək, əziz jurnalistlər!

 

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: