Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatları davam etdirir.
5 hektardan artıq ərazini əhatə edən qədim yaşayış yerində bu ilin iyul ayının 1-dən qazıntı işlərinə başlanılıb. Arxeoloji tədqiqatlar əsasən yaşayış yerinin 200 kvadratmetr sahəsində aparılır. Qazıntının aparılmasında əsas məqsəd isə Plovdağ qədim yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi və ərazidən aşkar olunan kurqanların hansı dövrə aid olduğunu öyrənməkdir. Tədqiqatlar zamanı Tunc dövrünə aid yaşayış evlərinin, yardımçı tikililərin planı və interyeri haqqında ətraflı məlumat əldə edilib. Tədqiqatçıların fikrincə planlı surətdə tikilən оtaqlardan bir qrupu yaşayış üçün istifadə еdilib, bəzilərində isə ərzaq saхlanılıb. Eyni zamanda yaşayış yeri və nekropollardan xeyli miqdarda arxeoloji materiallar gil qablar, bəzək əşyaları, əmək alətləri aşkar olunub.
Qeyd edək ki, Plovdağ abidəsindən əldə olunan zəngin arxeoloji materiallar Tunc dövründə Naxçıvanda yaşamış qədim əkinçi-maldar tayfaların məişətini, təsərrüfat həyatını, qonşu tayfalarla qarşılıqlı iqtisadi, mədəni əlaqələrini kompleks şəkildə öyrənməklə yanaşı, muxtar respublikanın turizm potensialının genişləndirilməsi sahəsində də özünəməxsus əhəmiyyət kəsb etməkdədir.
Vaqif Ağalarov