Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində baş verə biləcək yanğınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı idarəetmə orqanlarının və qüvvələrin fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin təşkilinə, Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, eyni zamanda çevikliyinin təmin olunmasından ibarət olub.
Təlim planına uyğun olaraq ilk növbədə aeroportun Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının döyüş hazırlığının yoxlanılması məqsədilə şəxsi heyətindən “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra Yanacaq-Sürtkü Materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib. Yanacaq-Sürtkü Materialları anbarının yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanının və Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin 6 ədəd müasir tipli yanğınsöndürmə texnikası, 35 nəfər şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib, yanğın ocağında xəsarət alanlara aeroportun Səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.
Növbəti təlim yerində “Avtomobillərin qış anqarında şərti baş vermiş yanğının qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusu üzrə praktiki fəaliyyət təşkil olunub. Anqardan ilk növbədə salamat qalmış texnikaların təxliyəsi həyata keçirilib. Sonra yanğının söndürülməsinin müxtəlif üsullarından istifadə olunaraq baş vermiş yanğının qarşısı alınıb və söndürülməsi təmin olunub. Yanğının qonşuluqda yerləşən Yanacaq-Sürtkü Materialları anbarına keçməməsi üçün “su pərdəsi” yaradılıb.
Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 85 şəxsi heyət, 6 ədəd yanğınsöndürmə avtomobili, 7 ədəd xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimdən sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlər keçiriləcəkdir.